Qatarların vaqonlarının pəncərələrindən zibil atanlarla üçün cərimələr 16 dəfədən çox artırılır.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat məbləğində cərimə edilir.
Layihəyə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə beş yüz manat məbləğində cərimə ediləcək.
Hazırda stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir. Bu cərimənin məbləği 200 manata qaldırılır.
Dəmir yoluna hər hansı əşya atmağa görə tətbiq olunan 30 manat məbləğində cərimə də 200 manata qaldırılır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.