Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsi, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydaya uyğun olaraq həyata keçiriləcək.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”da öz əksini tapıb.
Qaydaya əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Nazirlər Kabinetinin qərarı ilə həyata keçiriləcək. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü və 13-1-ci maddələrində nəzərdə tutulan tikililərin inşası məqsədləri üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur. Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi məcburi hüquqi qüvvəyə malik baş və müfəssəl planların dəyişdirilməsi ilə bağlı olduqda, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin (dövlət orqanlarının, istifadəsində torpaq sahəsi olan dövlətə məxsus hüquqi şəxslərin) razılığı alınır.
Dövlət ehtiyacları üçün alınan torpaq sahəsi üzərində hüquqların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir, bu barədə məlumatlar (sənədlər) aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edildikdən sonra 2 (iki) iş günü müddətində dövlət torpaq kadastrına daxil edilir və bu Qaydalara uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
Torpaqların kateqoriyası və məqsədli təyinatı barədə məlumatlar dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam verilməsinə dair qərarlarda, habelə torpaq sahələri barədə bağlanılmış əqdlərdə göstərilməlidir