Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda neft hasilatı 150 ildə necə dəyişib?
Azərbaycanda neft hasilatı 150 ildə necə dəyişib?27-09-2024, 13:59. Yazar: Admin |
Azərbaycanda istehsal göstəriciləri ilə bağlı ən qədim statistika məhz neft sektoru ilə bağlıdır.
Qarabaqinfo.az-ın məlumatına görə, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına XIX əsrin ortalarından başlanıb.
1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlamışdır.
1871-ci ildən neft hasilatının statistikası aparılır.
Həmin il Azərbaycanda qaz kondensatı da daxil olmaqla xam neft hasilatı 19 min ton təşkil edib.
4 ildən sonra hasilat 100 min tonu keçib, 1875-ci ildə Azərbaycanda 105 min ton neft çıxarılıb.
Azərbaycanda neft hasilatının 1 milyon tonu keçməsi 10 il vaxt alıb.
1884-cü ildə hasilat 1 milyon 460 min ton olub. 1901-ci ildə hasilat növbəti psixoloji həddi 10 milyon tonu keçib. Həmin il 10 milyon 979 min ton neft çıxarılıb. Lakin 3 il sonra kəskin tənəzzül başlayıb. Düz 1930-cu ilədək illik hasilat 2 -9 milyon ton arasında dəyişib.
Ən aşağı göstərici isə 1921-ci ildə qeydə alınıb. Həmin il respublikada cəmi 2 milyon 457 min ton neft çıxarılıb.
1930-cu ildən başlayaraq illik hasilat 10 milyon tondan çox olub və 1936-cı ildə 20 milyon tonluq növbəti həddi keçib.
İkinci Dünya müharibəsi dövründə hasilat yenidən azalıb, 1962-ci ilədək illik istehsal 10-20 milyon ton arasında dəyişib.
Düz 8 il Azərbaycanda neft hasilatı davamlı olaraq 20 milyon tonu üstələyib.
1971-1993-cü illərdə hasilatda sabit azalma müşahidə olunub və illik 10-20 milyon ton arasında dəyişib.
1994-cü ildə istehsal yenidən 10 milyon tondan az olub və bu səviyyə 4 il davam edib.
1998-ci ildən sonra hasilat kəskin şəkildə artmağa başlayıb.
Buna 1 il əvvəl Çıraq Platformasında ilk neftin çıxarılması səbəb olub.
1998-ci ildə hasilat 11 milyon tona yüksəlib. 2005-ci ildə Azəri-Çıraq-Günəşli yatağının birinci fazası çərçivəsində hasilata başlanılıb.
Həmin il ölkədə neft hasilatı 22 milyon tonu keçib.
Bundan 1 il sonra hasilat təxminən 50 faiz artıb və 32 milyon tona yüksəlib.
Qərbi və Şərqi Azəri yataqlarında hasilata başlanılması ilə əlaqədar 2007-ci ildə neft hasilatında yenidən sıçrayış qeydə alınıb və istehsal 42 milyon tonu keçib.
2009-cu ildə isə hasilat göstəricisi 50 milyon tonluq növbəti həddə çatıb.
Azərbaycanın neft sənayesi tarixində rekord göstərici 2010-cu ildə qeydə alınıb.
Həmin il 50 milyon 838 min ton neft istehsal edilib.
2011-2016-cı illərdə neft hasilatı 40-50 milyon ton arasında dəyişib, amma sabit templə azalmağa doğru gedib.
2017-ci ildə istehsal 40 milyon tondan aşağı düşüb və 2023-cü ilədək sabit templə azalıb.
Ötən il Azərbaycanda neft hasilatı 30,2 milyon ton təşkil edib. Geri dön |