Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda hotellər niyə bahalaşıb? - Ekspertlər AÇIQLADI

Azərbaycanda hotellər niyə bahalaşıb? - Ekspertlər AÇIQLADI


24-09-2024, 17:26. Yazar: Admin

 

Azərbaycanda hotellər niyə bahalaşıb? - Ekspertlər AÇIQLADI

Azərbaycanda bir sıra hotellərdə bahalaşma müşahidə edilir. Sözügedən qiymət artımı rəsmi statistikalarda da öz əksini tapıb. 

 

Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 83,1 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 % çoxdur.

 

Turizm üzrə ekspert Rəhman Quliyev Qarabaqinfo.az-a bildirib ki, bu gün pandemiyadan qalan qadağalar səbəbilə quru sərhədlərin bağlı olması ölkəmizdə yerli turistləri Azərbaycan hüdudlarından kənara deyil, bölgələrə üz tutmağa istiqamətləndirdi:

 

“Bu gün pandemiyadan əvvəlki dövrə nəzər salsaq görərik ki, yerli turistlər qonşu Gürcüstana və Rusiyanın Azərbaycana yaxın olan əyalətlərinə gedirdilər. Əlbəttə, turistlərin regionlara axın etməsi yerli komplekslərin marağına səbəb olub. Bu gün regionlarda fəaliyyət göstərən hotellərin fəaliyyətinə də məhz bu dinamika təsir göstərir. 3 ulduz hotellərin qiymətlərində artım müşahidə olunur. Təbii ki, bu gün ölkəmizin beynəlxalq yarışlara və tədbirlərə ev sahibliyi etməsi ölkəmizin iqtisadiyyatının inkişafı insanların sosial rifahının yaxşılaşdırılması, ekonom büdcəli insanların bir addım önə keçməsi bazarda canlanma yaradır. Bu da hotellərin qiymətlərinə təsir göstərir. 5 ulduzlu hotellərə nisbətən bu hotellərdə servis aşağı olsa da hotellərdə xidmətin yaxşılaşdırılmasını görə bilirik. Artıq hotellər əvvəlki kimi qiymət endirimi ilə deyil, xidmət keyfiyyəti ilə rəqabət aparırlar. Əvvəlki dövrdə insanlar ucuz yer axtarırdısa, sosial rifahları yüksəldikdən sonra artıq keyfiyyətli yer axtarırlar. Bu keyfiyyət arxasınca getdikdə artıq bu tələbin qarşısında müvafiq təklif verilir".

R.Quliyev qeyd edib ki, hotellərdə keyfiyyət artdıqca qiymət artımı qaçılmazdır:

 

“Hansısa hotel servis keyfiyyətini artırmaq üçün işçi sayını artırmalı, yemək çeşidlərinə əlavələr etməlidir, ərazidə mütəmadi təmizlik işləri aparılmalıdır, gigiyenik qaydalara daha çox diqqət edilməlidir, yeni yataq dəstləri və avadanlıqlar alınmalıdır. Təbii ki, bunlar hamısı xərclərə daxildir. Bu xərclər də sifarişçinin hesabına əlavə olunur. Bu zaman qiymətm artımı da qaçılmaz olur. Buna baxmayaraq sevindirici haldır ki, hotellər doludur. Bu bizim iqtisadiyyatımızın artan dinamikasından xəbər verir. Yerləşmə sayı gündən-günə çoxalır”.

 

Turizm eksperti Ceyhun Aşurov isə bildirir ki, sözügedən qiymətlər əsasən onlayn platformadan çıxarılmış qiymətlərdir:

 

"Nəzərə almaq lazımdır ki, keçən illə müqayisədə ölkəyə gələn turistlərin sayında artım var. Bu pandemiyadan sonra bazarın bərpa olunması dövrü ilə əlaqədardır. Bazar bərpa olunduqca gələn turistlərin sayı artır, bu qiymətlərə müəyyən qədər təsir edir. Amma qiymətlərə iqtisadiyyatda olan dəyişikliklər, infilyasiya, maaş artımları, hotelin xərclərinin artımıdır ki, bu da məhsulun maya dəyərinə öz təsirini göstərir. Pandemiyadan sonra turist başına ola xərclər təxminən 50%-ə yaxın artıb. Hansı ki, əvvəllər bir turitstə şərti olaraq 1000 dollar xərc götürülürdüsə, hazırda bu qiymət 1500 dollara yaxınlaşıb. Bu bütün dünyada baş verən artımdır. Azərbaycanda da biz bunun təzahürünü görürük. Bununla yanaşı ölkədə turizm bazarının bərpa olunması, tələbatın artması da bu cür artıma səbəb ola bilər”.


Geri dön