Ana Sayfa > Karusel / İqtisadiyyat > Günəş enerjisindən istifadə xərcləri 50%-dək azalda bilər
Günəş enerjisindən istifadə xərcləri 50%-dək azalda bilər24-09-2024, 12:08. Yazar: Admin |
“Günəş enerjisindən istifadə ilk növbədə sərfəlidir” – bunu Azərbaycanın yerli alternativ enerji sistemləri istehsalçısı olan “Helind” şirkətinin icraçı direktoru Orxan Quluzadə bildirib. Şirkət rəhbərinin sözlərinə görə, aylıq enerji sərfiyyatından və yerləşdyi ərazidən asılı olaraq Azərbaycanda istənilən müəssisə günəş panellərindən istifadə etməklə enerji xərclərini 30-50% azalda bilər. Ölkənin energetika haqqında qanunvericilik və tənzimləmələri imkan verərsə və alternativ enerji istehsalçılarının istifadə etmədikləri enerjini şəbəkəyə satmaq imkanı yaranarsa, bu rəqəm 100%-ə çatacaq. “Alternativ enerjidən istifadə şirkətlərə həm də ümumi şəbəkə enerjisindən, qəza və kəsilmələrdən asılı olmadan hər zaman öz fəaliyyətlərini davam etdirə bilməsi üstünlüyü verir. Seçimlərindən asılı olaraq quraşdırdıqları akkumulyatorlar alternativ enerji istehsalçılarını kəsintisiz enerji ilə təmin edir. Xüsusilə, istehsal müəssisələrinin, təsərrüfatların bu enerjidən istifadəsi onların enerji məsrəflərində irəli düşməsinə səbəb ola bilər”- “Helind” şirkətinin direktoru qeyd edib. “Son illər sahibkarlar arasında günəş enerjisindən istifadəyə maraq artıb. Azərbaycanın təbiəti bu enerjidən geniş istifadə imkanları verir. Şimal və şimal-şərq rayonlarımız istisna olmaqla, demək olar ki, bütün bölgələr günəş enerjisindən istifadəyə yararlıdır. Xüsusilə, Aran, Dağlıq-Şirvan, Abşeron yarımadası, Naxçıvan rayonu günəşdən enerji almaq üçün münbit şəraitə malikdir” – alternativ enerji sistemləri istehsalçısı olan “Helind” şirkətinin rəhbəri Orxan Quluzadə deyib.
Geri dön |