Ana Sayfa > Karusel / Dünya > Əhməd İsmayılov: Qardaş Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır
Əhməd İsmayılov: Qardaş Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır24-09-2024, 09:34. Yazar: Admin |
“Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələrimiz arasında daha da möhkəmlənmiş qardaşlıq münasibətləri, regionlarımızın inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan Media Forumunun rəsmi açılışında çıxışında deyib. Əhməd İsmayılov bildirib k, bu baxımdan Azərbaycan Prezidentinin bu ilin avqustunda Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərin yeni tarixi mərhələsinin əsasını qoyub: “Belə ki, səfər çərçivəsində 23 avqustda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olub. Müttəfiqlik münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir. Bizim ortaq dəyərlərimiz və bir-birini tamamlayan məqsədlərimiz əlaqələrimizi gücləndirməklə yanaşı, cəmiyyətlərimizi informasiya ilə təmin etmək kimi vacib funksiyanı yerinə yetirən medianın fəaliyyətində də canlanma yaradıb, ölkələrimizin jurnalist ictimaiyyətlərinin daha sıx və peşəkar münasibətlərinin qurulmasına dinamik ruh verib. Ölkələrimiz arasında strateji münasibətlərin artan tempindən ruhlanan media orqanları öz işlərini bu əlaqələrin ruhuna uyğun quraraq xalqlarımızın mənəvi dəyərlərini təbliğ etmək, dövlət maraqlarımızı, o cümlədən daxili informasiya mühitini dezinformasiyalardan qorumaq üçün media etikası və prinsiplərinə söykənən peşəkar fəaliyyət göstərməkdədir. Bu baxımdan birgə media foruma qatılan dəyərli ekspertlərin, media menecerlərinin, jurnalistlərin düşüncələri, panel müzakirələrdəki fikirləri gələcək fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirmək, praktik əhəmiyyət daşıyan əməkdaşlığımızı gücləndirmək üçün olduqca önəmlidir. Azərbaycan və Özbəkistan yerləşdikləri geostrateji mövqelərinə, habelə zəngin intellektual potensialına və tarixi ənənələrinə görə Cənubi Qafqaz və Mərkəzi Asiyada gedən ictimai-siyasi proseslərə, elmi-mədəni inkişafa təsir göstərmək gücünə malikdir. Bizim dərin tarixi köklərə malik, qardaşlıq telləri ilə mənəvi harmoniya yaratmış türk dünyasının tərkib hissəsi olmağımız münasibətlərimizin daha da dərinləşməsinə öz səmimi impulslarını verib. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı fəaliyyətə başladığı gündən davamlı olaraq inkişaf edir və etimad qazanır. Təşkilat türk dünyası daxilində qarşılıqlı etimadın, siyasi həmrəyliyin, iqtisadi əməkdaşlığın təşviqində, mədəni irsin qorunub saxlanmasında mühüm rol oynayır. Azərbaycan Respublikası ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə olduğu kimi media sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına, birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinin aparılmasına böyük önəm verilir. Bu baxımdan qardaş Özbəkistan Respublikası ilə qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır”. Geri dön |