Ana Sayfa > Karusel / Siyasət > Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin 28-ci illik konfransı və Baş Assambleyasında iştirak edib
Səbinə Əliyeva Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin 28-ci illik konfransı və Baş Assambleyasında iştirak edib20-09-2024, 16:20. Yazar: Admin |
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Finlandiyanın Helsinki şəhərində təşkil olunan Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC-un) 28-ci illik konfransı və Baş Assambleyasında iştirak edib. Bu barədə Qarabaginfo.az-a Ombudsman Aparatından məlumat verilib. “Alternativ qayğı göstərilən uşaqların hüquqlarının müdafiəsi və təşviqi” mövzusunda keçirilən tədbirə bir sıra xarici ölkələrin ombudsmanları və müvafiq qurum rəhbərləri, uşaq hüquqları sahəsində mövcud beynəlxalq təşkilatların nümayəndələri, eləcə də bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər də iştirak ediblər. Ombudsman konfransda çıxışı zamanı uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər barədə danışan S.Əliyeva uşaq hüquqlarının müdafiəsi və digər sahələrdə Müvəkkilin mandatının genişləndirildiyini diqqətə çatdırıb. Ombudsman beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələrin uyğunlaşdırılmasına xidmət edən digər mühüm məsələlərin qeyd olunan dəyişikliklərdə öz əksini tapdığını bildirib. Müvəkkil ötən dövr ərzində uşaq hüquqlarının müdafiəsi ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlərlə, habelə mediada yayılan məlumatlarla əlaqədar aparılan araşdırmalar, bu sahədə təşkil edilən silsilə maarifləndirmə tədbirləri, hazırlanan maarifləndirici vəsaitlər, həssas əhali qrupundan olan uşaqlarla keçirilən görüşlər, həyata keçirilən monitorinqlər, habelə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflər barədə də ətraflı məlumat verib. Ermənistan tərəfindən basdırılmış minaların uşaqlar da daxil olmaqla mülki şəxslərin həyat və sağlamlığına, öz doğma torpaqlarına geri qayıdışına ciddi əngəl törətməkdə davam etdiyini bildirən Ombudsman mina qurbanları sırasında uşaqların da olduğunu, bu istiqamətdə qətiyyətli addımların atılmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbir çərçivəsində Avropa Uşaq Ombudsmanları Şəbəkəsinə üzv təsisatlar tərəfindən il ərzində görülmüş işlər barədə məlumat verilib, ENOC-un ötən dövr ərzində, həmçinin gələcək fəaliyyət planı istiqamətində müzakirələr aparılıb, “Alternativ qayğıda uşaq hüquqlarının müdafiəsi və təşviqi” üzrə ENOC-un bəyanatı təsdiq edilib. Səfər çərçivəsində Səbinə Əliyeva Helsinki şəhərində yerləşən “Kaisaniemi” ibtidai məktəbində olub, müəssisədə tətbiq edilən təhsil sistemi və şəraitlə, uşaqların hüquqlarının təmini imkanları ilə maraqlanıb. Geri dön |