Ana Sayfa > Karusel > İran paytaxtı dəyişmək istəyir - Təbriz mərkəz olacaq?

İran paytaxtı dəyişmək istəyir - Təbriz mərkəz olacaq?


16-09-2024, 12:44. Yazar: Admin

 

İran paytaxtı dəyişmək istəyir - Təbriz mərkəz olacaq?

İran prezidenti Məsud Pezeşkian ölkənin paytaxtını Tehrandan köçürmək barədə düşündüklərini bildirib. Pezeşkian açıqlamasında "paytaxtı cənuba köçürməkdən başqa çıxış yolumuz yoxdur" deyib. 200 ildir ölkənin mərkəzi olan Tehranın başqa şəhərlə əvəz edilməsi məsələsi uzun müddətdir ki, İranda müzakirə mövzusudur.

İran niyə paytaxtı dəyişmək istəyir? Paytaxtın hansı şəhərə köçürülməsi ehtimalı var?

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı bildirib ki, İranın son 60-70 ildir ki, olduqca çox problemi var və bu, dövlət tərəfindən süni yaradılıb:
 

“Gələcək nəzərə alınmadan, plansız elə problemlər yaradılır ki, onları sonradan həll etmək çətin olur. Onlardan biri də paytaxtın süni şəkildə həddindən artıq böyüməsi olub. Bu problem dövlətin özü tərəfindən yaradılıb. Tehran və ətrafında ümumilikdə 15-16 milyon insan yaşayır. Buna dövlətin hazırlığı heç zaman olmayıb. Paytaxtın ətrafındakı düzənliklərdə, əkinçilik sahələrində yeraltı suları o qədər istifadə ediblər ki, Tehran getdikcə demək olar ki, batır. Siz təsəvvür edin ki, paytaxtın ətrafındakı bəzi ərazilərdə yer təxminən 30 santimetr batıb. Bu, getdikcə daha təhlükəli hal alacaq. Qaz və su boruları, hər şey dağıla biləcək. Paytaxta o qədər adam toplanıb ki, onların içməli suyunu, yolunu belə çəkməyə dövlət aciz qalıb. Onun üçün paytaxtı dəyişdirməyə məcburdular. Paytaxtı başqa yerə köçürməyin də əlavə xərci, zəhməti var. Ölkənin hansı tərəfini fikirləşsələr, paytaxt üçün uyğun deyil”.

Ə.Obalı vurğulayıb ki, İsfahan və ya Şiraz paytaxt edilə bilər:

“Hər halda paytaxtı cənub bölgəsinə köçürmək istəyirlər. Çünki nə şimala, nə şərqə, nə də Təbrizə paytaxtı köçürmək istəməzlər. Şimalı istəməmələrinin səbəbi paytaxtın məmləkətin strateji baxımından tam qıraqda olmasının qarşısını almaqdır. Təbriz də türk şəhəridir. Şərqdə, yəni Əfqanıstana doğru getdikcə quraqlıq, qumsallıqdır, su yoxdur. Bunlar çarəni cənubda görürlər. Paytaxtı farsların digər şəhərlərinə köçürmək istəyirlər. Bu şəhərlər İsfahan, yaxud Şiraz ola bilər.  Yəzd də ola bilərdi. Amma Yəzd çox quruluqdur, olmayacaq. Cənubda bir yer dedikdə, ancaq fars şəhərlərini, yaxud məntəqələrindən biri olacağını düşünə bilərik”.
 

Güney azərbaycanlı fəal Məhsa Mehdili isə söyləyib ki, indiyədək paytaxtın dəyişdirilməsi ilə bağlı çox təkliflər olsa da, nəticəsiz qalıb:
 

"İran paytaxtının dəyişdirilməsi məsələsi ilk dəfə gündəmə gətirilmir. İran-İraq savaşından bəri bu məsələ ortaya atılıb. İndiyə kimi hakimiyyətə hələn bütün liderlər bunu təklif ediblər. Burada bir sıra səbəblər var. Birincisi,  Tehranda çox yanlış böyümə var. Hava kirliliyi yüksəkdir, əhali sayı həddindən artıq çoxalır. Ölkənin digər bölgələri boşalıb, çünki ölkənin bütün imkanları Tehranda toplanıb. Siyasi və iqtisadi olaraq Tehranın ədalətsiz böyüməsi, digər yerlərin kiçik qalması ciddi problem olub. Eks-prezident İbrahim Rəisi bunun üzərində çox durmadı. Digər prezidentlərin isə hər biri bu məsələni qabardıblar. Bütün təkliflər nəticəsiz qalıb".
 

Məhsa Mehdili qeyd edib ki, hakimiyyət ictimaiyyətin fikrini dağıtmaq istəyir:
 

"İndiki vəziyyətdə İranın iqtisadi durumu buna nə qədər uyğundu? Doğrudan da, bunu həyata keçirə bilərmi? Məncə, bu boş söhbətdir. Ölkənin digər problemlərinin üzərini örtmək üçün siyasətçilər belə havada qalacaq məsələrlə cəmiyyəti məşğul edirlər. Mən bunun bir nəticəsinin olacağını düşünmürəm. Paytaxt dəyişikliyinin ehtimalını gələcək 20 il üçün sıfır olaraq görürəm. Çünki tək problem Tehranın yanlış böyüməsi deyil, ölkədə ədalət və imkanların paylanması nöqteyi-nəzərdən fərqli bölgələr arasında - məsələn, fars bölgələri ilə Azərbaycan arasında ciddi ədalətsizlik var. Məsələlər paytaxtı Tehrandan dəyişməklə düzələn deyil. Yenə deyirəm, bunu mən ictimaiyyətin fikrini yayındıracaq içi boş, gələcəyi olmayan qara propaqanda kimi düşünürəm".


Geri dön