Ana Sayfa > Karusel / Gündəm > AMİP 20 ildən sonra yenidən parlamentə QAYIDIR

AMİP 20 ildən sonra yenidən parlamentə QAYIDIR


13-09-2024, 11:21. Yazar: Admin

 

AMİP 20 ildən sonra yenidən parlamentə QAYIDIR

Sentyabrın 1-də keçirilən parlament seçkilərində iki yeni partiyanın nümayəndəsi qalib gəlib. Bunlardan biri Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, digəri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadədir. Seçkilərin nəticələri təsdiqləndikdən sonra onlar yeni çağırış parlamentin deputatı olacaqlar.

 

BAP nisbətən yeni olsa da, AMİP müstəqilliyin ilk illərində yaranan siyasi partiyalardan biridir. Etibar Məmmədov tərəfindən yaradılan partiya ötən əsrin sonlarında Azərbaycan siyasətində olduqca aktiv rol oynayıb.

 

AMİP 1995-ci ildə baş tutan parlament seçkilərində 3 deputat, 2000-ci ildəki seçkilərdə isə 1 deputat yeri qazanıb. Beləliklə, AMİP təxminən 20 ildən sonra yenidən parlamentə qayıdır

 

Qarabaqinfo.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib ki, parlamentdə təmsil olunmaq bir sıra məsələləri qaldırmaq üçün onlara daha geniş imkan verəcək:

 

"Partiya 20 ildən artıq idi ki, parlamentdə təmsil olunmurdu. Parlament partiyası olandan sonra imkanlar bir qədər genişlənir. Biz mütəmadi olaraq müxtəlif məsələlərlə bağlı ölkə vətəndaşını narahat edən məsələləri gündəmə gətirmişik. Bir sıra təklifləri Azərbaycan hökumətinə vermişik. Parlament təkliflərimizi verəcəyimiz, qanunvericiliklə bağlı təşəbbüslərlə çıxış edə biləcəyimiz bir platforma olacaq. Məsələləri partiya adından təqdim edə biləcəyik. Əlavə olaraq imkanlar yaranacaq. Qanunvericilik bazasının təkmilləşməsi, Azərbaycan vətəndaşını narahat edən bir çox məsələ ilə bağlı qanunvericiliyə əlavə və düzəlişlər edilməsi məsələlərində də aktiv olub, təkliflərimizi verməyə çalışacağıq. Müxtəlif sahələr üzrə mütəxəssislərin işləyib hazırladıqları əlavə və düzəlişləri də təqdim edə biləcəyik".

 

A.Əlizadə vurğulayıb ki, ilk növbədə Azərbaycan vətəndaşının maddi rifah halının yaxşılaşmasına yönələcək təkliflər olacaq: "Əsas istiqamət vətəndaşımız narahat edən məsələlərin parlament hmüstəvisində həllinə nail olmaqdır. Təbii ki, gözləntilərimiz və qaldırılacaq məsələlərin həllinə ümidimiz də var. Hansı məsələləri həll etmək mümkündür. hansını yox, müəyyən reallıqlar da var".


Geri dön