Ana Sayfa > Karusel / Dünya > Harris-Tramp debatı nə ilə yadda qaldı? - İCMAL
Harris-Tramp debatı nə ilə yadda qaldı? - İCMAL12-09-2024, 13:28. Yazar: Admin |
Dünən dünya mətbuatının səhifələrində əsas gündəm mövzusu noyabrda keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə namizədlər - Demokratlardan Kamala Harris (hazırkı vitse-prezident) və Respublikaçılardan Donald Trampın (eks-prezident) gərgin keçən debatı idi. Tramp artıq bir dəfə debatda olmuşdu - Demokratların əvvəlki namizədi olan hazırkı prezident Co Bayden ilə. Harris isə namizəd kimi Trampla ilk debatına çıxırdı.
Qarabaqinfo.az debatın necə keçməsi və daha çox nələrlə yadda qalmasını, debatsonrası ab-hava və rəy sorğularında kimin reytinqinin yüksək olmasını araşdırmağa çalışıb.
Əvvəlcə qeyd edək ki, debat 90 dəqiqəlik vaxt çərçivəsində nəzərdə tutulmuşdu. Harris və Tramp əl sıxaraq suallara cavab verməyə başlayıblar. Debatın reqlamentində namizədlərin tamaşaçıların olmadığı şəraitdə çıxış etməsi nəzərdə tutulmuşdu. Tramp və Harrisə əvvəlcədən hazırlanmış vərəqlərdən istifadə etmək və öz komandalarının üzvləri ilə ünsiyyət qurmaq yasaqlanmışdı. Qaydalara əsasən, hər bir namizədin cavab müddəti iki dəqiqə ilə məhdudlaşdırılırdı və rəqibin çıxışı zamanı mikrofon söndürüldü.
Debat zamanı ən yaddaqalan başlıqlardan və gərgin keçən diskussiyalardan biri Rusiya-Ukrayna müharibəsinə həsr olunmuşdu. Məsələn, Trampın iddiasına görə, o, hələ inauqurasiyadan əvvəl Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək. Harrisin fikrincə, Donald Tramp prezident olsaydı, Ukrayna artıq məğlub olardı. Tramp deyib ki, ABŞ üçün ən vacib məsələ münaqişəyə tamamilə son qoymaqdır.
“Mən müharibəni dayandırmaq istəyirəm. Mən milyonlarla insanı lüzumsuz şəkildə ölməkdən qurtarmaq, insanların həyatını xilas etmək istəyirəm”, - deyə Tramp söyləyib. Ukraynadakı münaqişəni dəqiq necə bitirməyi planlaşdırdığı sualına cavab verən Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında danışıqları təşkil edəcəyinə söz verib.
“Biri ilə danışacağam, digəri ilə danışacağam, onları bir araya gətirəcəyəm” deyən Tramp iddia edib ki, o, prezident olsaydı, Rusiya heç vaxt Ukraynanı işğal etməzdi. Kamala Harris isə cavab olaraq bildirib ki, Donald Tramp ABŞ prezidenti olsaydı, Ukrayna artıq uduzmuş olardı. O qeyd edib ki, Co Baydenin dövründə ABŞ Ukrayna tərəfinə kömək etmək üçün 50 ölkədən ibarət koalisiya yarada bilib.
“Əgər Tramp prezident olsaydı, Putin artıq Kiyevdə oturardı. Və bu təkcə Ukraynaya aid deyil. Ona görə də bütün yoldaşlarımız onun prezident olmamasına sevinirlər. Onun dostu Putin indiyə qədər onu naharda yeyərdi”, - deyə Harris əlavə edib. Trampla Harris arasında ABŞ iqtisadiyyatı ilə bağlı diskussiya da kəskin fikir ayrılıqları ilə müşayiət olunub. İsrail-Fələstin münaqişəsi ilə bağlı mövzuda isə mövqelər daha az ziddiyyət təşkil edib. Tərəfləri bir-birinə qarşı qoyan digər bir məsələ isə Çin mövzusu olub. Belə ki, Demokratlardan prezidentliyə namizəd Kamala Harris rəqibi Respublikaçı Donald Trampı seçkiqabağı debatda Çinə amerikan çipləri satmaqda ittiham edib.
Harrisin sözlərinə görə, bu yolla Tramp Çin ordusunun inkişafına töhfə verib. "Donald Tramp prezidentliyi dövründə Çin ordusunu təkmilləşdirmək və modernləşdirmək üçün Pekinə Amerika çipləri satmağa başladı. Tramp bizi satdı”, - Harris vurğulayıb. O qeyd edib ki, Vaşinqton üçün Pekinlə texnoloji yarışda qalib gəlmək prinsipial olaraq vacibdir. Donald Tramp demokrat rəqibinin ittihamları ilə razılaşmayıb. Onun sözlərinə görə, Çin Tayvandan çiplər alır, çünki ABŞ onları çətin ki, istehsal edir.
Debatdan sonra qlobal pop ikonası Teylor Svift Kamala Harrisin ABŞ prezidentliyinə namizədliyini dəstəklədiyini açıqlayıb: "Hesab edirəm ki, o, özünə güvənən və istedadlı bir liderdir və inanıram ki, əgər bizi xaosdan çox sakitlik idarə edərsə, bu ölkədə daha çox şeyə nail ola bilərik".
Müğənni Harrisin Tim Valzı potensial vitse-prezident kimi seçmək qərarını da yüksək qiymətləndirərək, onun LGBTQ+ hüquqları və qadının öz bədəninə sahiblik hüququ uğrunda onilliklər ərzində mübarizə apardığını qeyd edib. Rəy sorğularına gəlincə, CNN-in sorğusuna əsasən, prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında keçirilən debatda Demokratlar Partiyası qalib gəlib. Respondentlərin 63%-i belə hesab edib. Eyni zamanda, amerikalıların 37%-i Harrisin rəqibi Donald Trampın qalib gəldiyinə inanır. Müvafiq sorğunun nəticələri kanalda canlı yayımda açıqlanıb. Eyni zamanda, debatdan əvvəl hansı namizədin daha yaxşı görünəcəyi ilə bağlı rəy 50/50 olub. CNN sorğusu debatı izlədiklərini bildirən qeydiyyatdan keçmiş 605 ABŞ seçicisi ilə mətn mesajları vasitəsilə aparılıb və sorğunun nəticələri yalnız debatı izləyənlərin fikirlərini əks etdirir. Debat müşahidəçilərinin tam seçmə nəticələrinin seçmə xətası +/- 5,3 faiz bəndi təşkil edir.
Qeyd edək ki, Kamala Harris və Donald Tramp arasında debat Pensilvaniya ştatının ən böyük şəhəri olan Filadelfiyadakı Milli Konstitusiya Mərkəzində keçirilib.
Hər bir halda, debatın necə keçməsinin seçicilərin noyabr seçkilərindəki seçimlərinə necə təsir göstərdiyini nəticələr aşkara çıxaracaq... Geri dön |