Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Küveytin diplomatik fəaliyyəti başa çatan səfirini qəbul edib
Ceyhun Bayramov Küveytin diplomatik fəaliyyəti başa çatan səfirini qəbul edib10-09-2024, 19:28. Yazar: Admin |
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə səfir Abdullah Mohamed Abdullah Almauidiyə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Cari ildə dost və qardaş Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub. Hökumətlər səviyyəsində əlaqələrin məntiqi nəticəsinin özünü xalqlarımız arasında qarşılıqlı səfərlərin dinamikasında müşahidə olunan artımda biruzə verdiyi bildirilib. Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə Küveyt tərəfindən ərazi bütövlüyümüz və suverenliyimizə göstərilən dəstək minnətdarlıqla xatırlanıb. Səfir Abdullah Mohamed Abdullah Almauidi ölkəmizdəki diplomatik fəaliyyətinin yekunlaşması ilə əlaqədar qəbula, habelə xoş arzulara görə təşəkkür edib, Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |