Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinindən bəhs edən “TAĞIYEV: NEFT” filminin treyleri yayımlanıb.
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsini tezliklə kinoteatrlarda ilk seriya – “TAĞIYEV: NEFT” filmində izləyəcəksiniz.
Hacı Zeynalabdin Tağıyevin həyat və faəliyyətindən bəhs edən “Tağıyev” bədii filminin çəkiliş prosesi artıq yekunlaşıb.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Qeyd edək ki, “Himayədar” işçi adı ilə çəkilişlərinə başlanılan filmin 15 aylıq hazırlıq və çəkiliş, 9 aylıq çəkiliş dövrü, 135 çəkiliş günü olub. 15 aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası 150-dən çox əsas qəhrəmanların geyim eskizlərini və geyimlərini, 400-dən çox geyim növlərini, 100 aksesuar – zərgərlik nümunələrini hazırlayıb. Bakı Media Mərkəzində yaradılan geyim emalatxanasında ölkənin müxtəlif bölgələrindəki sənətkarların dövrə uyğun hazırladıqları geyimlər, baş geyimləri, çəkmələr, çarıqlarla birgə müxtəlif məhsullar əldə olunub. Türkiyədən gətirilən köynəklər və kəmərlər, Hindistan sərgisindən alınan və şəxsi kolleksiyalarda saxlanılan zinət əşyaları və aksesuarlar kirayə götürülərək bazaya əlavə olunub. “Azərbaycanfilm” kinostudiyasının geyim və rekvizit bölməsindən 1600 əlbisə filmin geyim emalatxanasına daxil olub. Çəkiliş boyu 3600 insan geyindirilib və onların geyim davamiyyəti ssenariyə uyğun olaraq həll edilib.
8 seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb, 300-dən çox dekorasiya hazırlanıb.
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyeva həsr olunan filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr əks etdirilir.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.