Ana Sayfa > Karusel / Cəmiyyət > Hərbçilərin səsverməsi seçkilərin taleyinə necə təsir göstərir?

Hərbçilərin səsverməsi seçkilərin taleyinə necə təsir göstərir?


28-08-2024, 13:24. Yazar: Admin

Hərbçilərin səsverməsi seçkilərin taleyinə necə təsir göstərir?

 

Sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə bütün seçicilər kimi, əsgər və zabitlər də səs verəcəklər. Lakin onlar qeydiyyatda olduqları ərazidə yox, xidmət keçdikləri ərazidə səs verəcəklər. 

Hərbçilərin səs verməsi seçkilərin taleyinə necə təsir göstərir? Onlara seçkilər zamanı məzuniyyət verilə bilərmi?

Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas, "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, hərbçilərin xidmət keçdikləri yerlərdə səs vermələri onların hüquqlarının təmini baxımdan vacib və məntiqidir:

"Hərbçilərin xidmət etdikləri ərazidə səs verməsinin hüquqi əsasları Seçki Məcəlləsində müəyyən olunub. Seçki Məcəlləsi hərbçilərə, hərbi xidmət keçən şəxslərə, əsgər və zabitlərə onların müvəqqəti dislokasiya edildiyi ərazilərdə səsvermə hüququnu tanıyır. Əsgər xidmət keçdiyi ərazidə 1 il və ya 1 il 6 ay yaşayır. Daha uzun müddət xidmət edən zabit və MAXE-lər də var. Belə olan halda,əlbəttə ki, onların yaşadığı ərazidə səsvermə hüququnun tanınması məntiqlidir. Burada qəribə bir şey yoxdur. Dünyanın əksər ölkələrində də eyni yanaşma mövcuddur. Çünki büttün hallarda seçki hüququ fundamental konstitusiyon hüquq kimi təmin edilməlidir. Bunun üçün müəyyən şərait yaradılmalıdır. Qanunvericilikdə bu məsələ öz təsbitini tapmalıydı. Qanunvericiliyimiz məsələnin öhdəsindən uğurla gəlib. Hər bir əsgər, hərbçi yaşadığı, dislokasiya olduğu yerin ərazisində, yaxud ona yaxın ərazidə səs verə bilər. Hərbi hissələrdə seçki məntəqəsi yaradılır, yaxud qəsəbədə, kənddə dislokasiya olunublarsa, seçki dairəsinə gəlib səs verə bilərlər. Bununla hərbçilərin konstitusiyon hüquqları təmin oluna bilər".

Hüquqşünas onu da deyib ki, hərbçilərin səsverməsi ərazinin daimi sakinlərinin iradəsinə, seçkilərin taleyinə təsir göstərmir: 

"Hər bir seçki dairəsi üzrə ortalama 44 mindən 51 minə qədər seçici var. O seçicilər arasında hərbçilər 3-5 faiz olur. Bu baxımdan hərbçilərin səs verməsi seçkinin bütövlükdə taleyinə təsir göstərə bilməz. Hərbçilərin səsverməsini məhdudlaşdırsaq, onda onları fundamental seçmək hüququndan, hakimiyyət qanadlarının formalaşdırılması prosesindən kənarda qoyardıq. Bu isə onların hüquqlarının pozulması deməkdir".

Ə. Nuriyev seçki zamanı hərbçilərin qeydiyyatda olduqları ərazidə səsvermələri üçün məzuniyyətə buraxılması məsələsinə də toxunub:

"Hərbçilərin kütləvi məzuniyyətə buraxılması ölkənin müdafiə qabiliyyətini zəiflədə, həmin hərbi hissədə bütövlükdə işlərin ahəngini poza bilər. Kim məzuniyyətdədirsə, bu zaman həmin dairədən müvafiq arayış, sənəd alaraq, yaşadığı və ya olduğu yerdə səs verə bilər. Bununla bağlı Dairə seçki komissiyasına müraciət edilir. Dairə seçki komissiyası hərbçiyə əsas siyahıdan çıxmaqla bağlı vəsiqə verir. Həmin vəsiqə ilə hərbçi seçki günü harada olacaqsa, gedib səs verə bilər".


Geri dön