Ana Sayfa > Karusel / Yazar > Deputat özünü çəkəndə “yekəxana” deyirik, sadə olanda lağ edirik...

Deputat özünü çəkəndə “yekəxana” deyirik, sadə olanda lağ edirik...


27-08-2024, 13:37. Yazar: Admin

 

Deputat özünü çəkəndə “yekəxana” deyirik, sadə olanda lağ edirik...

Biz nə istəyirik?

Sualı belə də verə bilərik: biz nə istədiyimizi bilirik?

Lütfən, üzünüzü turşutmayın. Şəxsən mən nə istədiyimi bilirəm. 

İstəyirəm ki, insanlarımız intellektual olsunlar, ciddi, səviyyəli yazıları oxusunlar.

İstəyirəm ki, oxucularımız alnımızın təri, gözümüzün nuru ilə ərsəyə gələn məqalələrə laqeyd yanaşmasınlar. 

Bir az da açıq yazacağam: istəyirəm ki, oxucular İP xatirinə bizi hansısa müğənninin uzunluğu iki qarışı ötməyən tumanının altında eşələnməyə vadar etməsinlər. 

İndi siz deyin: nə istəyirsiniz?

Qarşıdan parlament seçkiləri gəldiyi üçün gündəmə uyğun davranaq: necə deputat istəyirsiniz?

Əminəm ki, bu suala hamınız bir ağızdan cavab verəcəksiniz : Sadə olsun, özünü dartmasın, səsimizi eşitsin, sözümüzü desin... 

Ona da əminəm ki, heç biriniz Oqtay Əsədov kimi deputat istəmirsiniz. 

Çünki Oqtay müəllim o boyda Milli Məclisi sayıb beş ildə bir dəfə parlamentə getmədi, o ki qala, Abşeronda iki sot torpaqda üç inək saxlayan sadə camaat ola... 

Özündənrazıdır! İnsanlara üstən aşağı baxır, heç kimi bəyənmir...

Dağ boyda Siyavuş Novruzovla Milli Məclisin işıqlı salonunda eyni damın altında əyləşməyi özünə sığışdırmayan adam Sulutəpədəki "Hicaz" mərasim evinə gəlib dünyadan köçən yaxınınızın yasında sizinlə bir stəkan çay içərmi? 

İçməz! 

Amma Razi Nurullayev seçicisinin verdiyi qaynar çayı 40 dərəcə istidə İsa bulağının suyu kimi iştahla başına çəkir. 

Bostana girib təcrübəli əkinçilər kimi qarpız seçir. Qarpız böyük olanda özünü əziyyətə salmır, səmimi davranır: "Bunu qaldırmağa gücüm çatmaz..." 

Di gəl ki, onu da sadəliyinə, dizə kimi pişpişəsi olan bostana girdiyinə görə bəyənmirsiniz.

Köhnə şakərimizdir; özünü dartan adama ədəbaz, yekəxana deyirik, sadə davranana lağ ediirk.

Sonra da deyirik ki, bizi niyə adam yerinə qoymurlar...  

Seymur VERDİZADƏ 


Geri dön