Ana Sayfa > Karusel / Siyasət > Polad Bülbüloğlu üçün ciddi rəqib - Dünyaşöhrətli professor Mübariz Əliyev

Polad Bülbüloğlu üçün ciddi rəqib - Dünyaşöhrətli professor Mübariz Əliyev


14-08-2024, 15:46. Yazar: Admin

polad-bulbuloglu-ucun-ciddi-reqib

Parlament seçkilərində ən gərgin mübarizələrdən biri də 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsində gedəcək.

Qarabaginfo.az xəbər verir ki, bu seçki dairəsindən professor Mübariz Əliyev də namizədliyini irəli sürüb.

Seçkilərə bitərəf kimi qatılan təcrübəli həkimin bu dairədə ən ciddi rəqibi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Bu məqamda Mübariz Əliyevlə bağlı məlumatları təqdim edirik:

Ömrünün 45 ilini sevərək Azərbaycan səhiyyəsinə həsr edən professor bu müddət ərzində minlərlə insanın həyatını xilas edib.

Əliyev Mübariz Yaqub oğlu 16 aprel 1959-cu ildə Xocavənd rayonunun Tuğ kəndində müəllim ailəsində anadan olub. 1976-cı ildə Sumqayıt şəhərinin 16 saylı məktəbini bitirib, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub.

1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra Bakı şəhəri 4 saylı Kliniki Xəstəxanasında cərrahiyyə ixtisası üzrə həkim intern, 1983-1986-cı illərdə təyinatı üzrə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında həkim cərrah, 1986-cı ildə I Moskva Tibb İnstitutunun məqsədli aspiranturasına qəbul olub, 3 illik aspirantura müddətində Moskva şəhər 52 saylı xəstəxanasında məsul cərrah işləyib.

1989-cu ildə namizədlik dissertasiyasını daha tez müdafiə etdiyi üçün Moskva Tibb İnstitutunun aspiranturasını vaxtından əvvəl bitirib. Həmin ilin sentyabr ayında SSRİ səhiyyə naziri Yevgeni Çazovun əmri ilə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi cərrahiyə kafedrasında pedaqoji və cərrahiyə fəaliyyətinə başlayıb. O vaxtdan indiyə kimi ümumi cərrahlıq kafedrasının professoru vəzifəsinədək yüksəlib. 2005-ci ildə Tibb Doktoru elmi dərəcəsi, 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin təşkil etdiyi SABİT proqramı üzrə təhsil alaraq Tibb üzrə Beynəlxalq Səhiyyə  Eksperti sertifikatı alıb.

Mübariz Əliyev istər koronavirus pandemiyası zamanı, istərsə də Azərbaycan tarixinin ən şanlı səhifələri yazılan 44 günlük Vətən müharibəsində xalqla, əsgərlə çiyin-çiyinə olub. O, hər iki düşmənə qarşı mübarizə aparıb, bir çox koronavirus xəstələrini, müharibə zamanı isə bir çox əsgərimizi ölümdən xilas edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfərləri zamanı Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə Tuğ kəndində görüşüb, bu görüşdə Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahiyyə kafedrasının professoru olaraq çıxış edərək Tuğ kəndinin tarixindən, doğma torpaqlarımızın 30 il düşmən tapdağından azad olunmasından sonra cənab Prezidentin rəhbərliyi altında inkişaf edəcəyinə əminliyindən bəhs edib.

İstər həkim kimi, istərsə də bir ziyalı kimi hər zaman rəyləri alınan professorun bir çox media qurumlarında məqalələri işıqlanıb, ictimaiyyəti maraqlandıran mövzularla bağlı rəyləri alınıb.

Tibb elmləri doktoru, professor Mübariz Əliyev Qarabağ camaatının da müraciətləri əsasında Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb.

 


Geri dön