Ana Sayfa > Karusel / Yazar > Elə zənn edirlər ki, kürsüdə əyləşməyin yolu deyingənlikdən keçir...
Elə zənn edirlər ki, kürsüdə əyləşməyin yolu deyingənlikdən keçir...9-08-2024, 10:41. Yazar: Admin |
“Jurnalistika üzrə təhsil almaq üçün əvvəlcə yaxşı esse yazmalısan” hökmü son illər təhsil sistemimizin gəldiyi “maraqlı” qənaətlərdən biridir. Çevik düşüncə, analiz qabiliyyəti, araşdırmaya həvəs olmasa da olar, əsas cümlədir! Bəli, bu gün jurnalistika fakültəsinə qəbul olmaq istəyənlər, gərək, əvvəlcə qabiliyyət imtahanı versinlər. Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan hansısa üç mövzudan birini seçməli və bu haqda yazmalıdılar. Yeni nəsil jurnalistlərin və yeni dövr mətbuatın taleyi bu cür həll olunur: esse yaz, keç! Prokuror, hakim olmaq arzusu ilə yaşayan, amma qəbul balları yetərli olmayan abituriyentlər üçün əla fürsət yaranıb. Ötən illərə nisbətən, humanitar elmlər üzrə qəbul ballarının aşağı düşməsi sözügedən təbəqə üçün əla ehtiyat yaradıb, necə deyərlər, əsas odur, diplomları olsun, sonrası nə ola, ola... Aydın məsələdir ki, üçüncü ixtisas qrupuna hazırlaşanlar Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə xüsusi hazırlıq kursu keçirlər. Xəbəriniz varsa, kurikulum tədris sistemi “oxu, dərk et, təhlillər apar və ifadə et” anlayışlarını ehtiva edir. On bir ilini bu istiqamətdə təhsil alan, ali məktəbə hazırlıq vaxtı ümumi kursu mənimsəyən bir şagirdə jurnalistikaya qəbul olmaq üçün yenidən esse yazdırmaq zəmininin absurdluğu, ümumiyyətlə, buna ehtiyac olub-olmaması məsələsi son vaxtlar tez-tez gündəmə gəlir. Ümumi rəy isə gün işığı kimi aydındır: Buna ehtiyac yoxdur! Hər şeydən əvvəl “dil, dil!” deyib dil-dil ötənlərin canfəşanlıqları adama qəribə gəlir. Əlinə balta alan psevdodil təəssübkeşlərinin sayı günbəgün artır. Bu barədə ürək yanğısı ilə danışan iki-üç mütəxəssisi yamsılamağa, söz xatirinə söz deməyə küllən həvəs göstərirlər. Yəni, mənim də sözüm var, mən də nəyəsə irad bildirirəm. Həmin adamlar elə zənn edir ki, qalstuk taxıb mütəxəssis kürsüsündə əyləşməyin yolu bu cür deyingənlikdən keçir. Bu sindromun bir adı var: Mən də varam! “Cümlə-cümlə!” deyib car çəkənlərin uduzduqları bir məsələ var: balanslılıq. Hansısa fikrin müxtəlif mövzularda cürbəcür ifadəsi ayrı-ayrı söz sahələrini formalaşdırır. Bəziləri elə bilir ki, Azərbaycan dili yalnız onların nənələrinin dilidir. Bəli, nənə-babalarımızın nitqində dilimizin maraqlı qatları özünü qoruyub saxlayır. Axı həm də bütün göstəricilər nəzərə alınaraq formalaşan bir anlayış var: Ədəbi dil! Bədii mətnlərdə yazıçının imkanları genişdir; ibarələr, bədii təsvir və ifadə vasitələri, dialeklətlərdən, şivə və ləhcələrdən istifadə və s. Jurnalistika ilə ədəbiyyatın sərhədləri də məhz bu məqamda müəyyənləşir. Bu sərhədləri gözardı etməyin nəticəsidir ki, 17 yaşlı yeniyetmədən jurnalistika üzrə təhsil almadan öncə esse tələb olunur. Hələ artıq stres, mənəvi yorğunluq, həyəcandan danışmıram. Ən azı, bu sahədə illərdir külüng vuran, çalışdıqları media orqanlarına iş üçün tez-tez müraciət edilən mətbuat işçilərinə də məlumdur ki, o yaxşı esse yazıb jurnalistika ixtisası üzrə təhsil alan bəzi tələbələr yalnız sözləri yan-yana düzə bilirlər, nəticədə isə mətnin içində “dişə dəyən” cümlə tapmaq müşkülə çevrilir. Yaxud yalnız cümlə qura bilirlər, başqa heç nə! Nə xüsusi yanaşma, nə analiz qabiliyyəti, nə də kreativlik sezmək mümkün olur. Bakalavr pilləsini, bəzən, hətta magistr pilləsini başa vuran jurnalistlər arasında da belələrinə rast gəlmək mümkündür. Deməli, esse yaza bilib-bilməməklə hansısa meyarı müəyyənləşdirmək olmaz. Bəlkə də, qabiliyyət imtahanından məqbul balı ala bilməyib bu sahə üzrə təhsil almaq şansını itirən hansısa abituriyent gələcəyin çox istedadlı jurnalistinə, cümləni indiki psevdodil təəssübkeşlərindən yaxşı bilən mütəxəssisə çevrilə bilərdi. Bəzən yaşından, təcrübəsindən asılı olmayaraq elə adam qabiliyyət imtahanının keçirilməsini müdafiə edir ki, özünün yazı qabiliyyəti sıfırın altındadır. Onda gərək onun yaşına-başına baxmadan üzünə deyələr ki, ay yoldaş, sən qəbul olan vaxtı qabiliyyət imtahanı yox idi, amma indi məlumdu ki, yaza bilmirsən, qoy qələmi yerə, işləmə! Klişe mövzularda yaxşı esse yazanlara təhsilin qapılarını açmaqdansa, qəbul ballarını normal səviyyəyə gətirib Mir Şahinlər, Yusif Rzayevlər, Qabil Abbasoğlular və digər cümlə ilə hərtərəfli rəftar etməyi bacaran peşəkarları yetişdirmək gərəkdir. Məsələn, Qabil Abbasoğlu on yeddi yaşında necə esse yazırdı? Kiminsə xəbəri var? Ya Mir Şahinin, ya Yusif Rzayevin, ya başqasının? Yox. Amma bu gün mətn deyiləndə ağlagələn simalardan biridirlər. Kəmiyyətin keyfiyyəti üstələdiyi yeni yox, ən yeni nəsil jurnalistikada heç kimin əlində öncəgörmə prinsipinə əsaslanan qabiliyyət arşını yoxdur. Lap yaxşı cümlə qurur, esseni də yaxşı yazır, bəs bunun fitrətinə hadisəyə yanaşma varmı? Onu nəsə narahat edirmi? Onun bu sahəyə azarkeşliyi hansı səviyyədədir? Yoxsa hüquq fakültəsinə balı çatmayıb çulunu sudan çıxarmaq istəyir? Qəbul prinsiplərini nəzərə alaraq layiqlilik meyarları başqa cür müəyyənləşdirilməlidir. Onsuz da jurnalistika fakültəsinə qəbul olan tələbə bu sahənin qanunauyğunluqlarını, xəbəri, yazını, analizi, cümləni və digər nəsnələri mənimsəyə bilməyəcəksə, özünə yer tapıb imzasını təsdiq etmək şansı qazanmayacaq (Daha harasa “yamaq” vurulanlardan danışmıram). Gələcəyə “qabiliyyətli” məğlub jurnalistika vəd etməkdənsə, “qabiliyyətsiz” qalib jurnalistika vəd etmək daha yaxşıdır. Nadir Yalçın
Geri dön |