Ana Sayfa > Karusel / Qarabağ / Yazar > 31 il sonra ata yurdumdan mənə pay gətirdilər... 

31 il sonra ata yurdumdan mənə pay gətirdilər... 


31-07-2024, 12:40. Yazar: Admin

31 il sonra ata yurdumdan mənə pay gətirdilər... 

Otuz il əvvəl - 1994-cü ilin fevralında tətilə gələndə atam güclü qollarını boynuma dolayıb məni bağrına basdı. Amma ürəyi soyumadığı üçün uzun müddət əlimi buraxmadı. Onun ovcundakı qabarlar əllərimi daladı. Atam mənimlə görüşməyə gələn qonaqları yola salanda fürsət tapıb anamdan soruşdum: "Kişi harada işləyir?" 

Ən çətin vəziyyətdə belə təmkinini itirməyən anam bu dəfə çox çarəsiz görünürdü. Az qala pıçıltı ilə cavab verdi: "Ay oğul, iş var?! Hansı məktəbə gedirsə, əliboş yola salırlar". 

Bu, həmin vaxt idi ki, bütün qarabağlılar kimi biz də yurd-yuvamızdan, isti ocağımızdan didərgin düşmüşdük. Mən sentyabrın axırında təhsil alamq üçün Türkiyəyə getmişdim, ailəm, qohum-əqrabam isə bir ay sonra Araz çayını keçərək, Beyləqanın Qaralar kəndində yaşayan tələbə yoldaşımın evinə pənah aparmışdı. Haylarına ilk çatan indi Beyləqan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Əziz Əzizov olmuşdu. Elə o vaxtdan qaçqınların və məcburi köçkünlərin hamisi, təmənnasız dayağı olan Əziz müəllim 15 gün ərzində acınacaqlı vəziyyətdə yaşayan 15 ailəni öz maşını ilə Bakıya gətirərək, o vaxt əməkdaşı olduğu keçmiş tramvay parkının inzibati binasında yerləşdirmişdi. Amma heç kim işləmirdi. 

Odu ki, anamdan soruşdum: "Bəs kişinin əlləri niyə qabar-qabardır?" 

Suala sualla cavab verdi: "Atanı tanımırsan? Kənddən çıxdığımız günə kimi əlini işdən soyutmadı. Həmin qabarlardır, çətin gedər..." 

 

Cəbrayılda, Azərbaycanın üç alimlər kəndindən biri olan Soltanlıda ikimərtəbəli, topdağıtmaz evimiz vardı. Camaat kənddən çıxanda ermənilərin atdığı top mərmilərindən biri evimizə düşsə də, o nəhəng tikilinin ancaq bir tərəfini uçura bilmişdi. 

Mən hələ 9-cu sinifdə oxuyanda evdə təmir işləri başlamışdı. Anam tez-tez atama deyirdi: "Ay kişi, əlli tərpən, sabah Seymurun tələbə yoldaşları gələcək, uşaqların yanında biabır olacağıq..." 

Türkiyədə təhsil alanda tələbə yoldaşlarım tez-tez bizə qonaq gəlirdi. Amma Cəbrayıldakı o gözəl evə deyil, yataqxanadakı darısqal mənzilimizə. Hər dəfə qonağımız olanda anam rəhmətlik Tamara arvadın yanında gecələyir, tələbə yoldaşlarım isə mənimlə, atam və qardaşımla birlikdə eni-uzunluğu cəmi 5-6 metr olan yataqxanadakı evimzidə yatırdılar. Yerimiz darısqal olsa da, ürəyimiz geniş idi. Amma nə qədər geniş olsa da, bu dərdə tab gətirə bilmirdi... 

Aradan təxminən 28 il keçəndən sonra ata yurdumun xarabalıqlarını görmək mənə qismət oldu. İşğaldan azad olunmuş ərazilərə jurnalistlərin səfəri çərçivəsində bir neçə dəqiqəliyə də olsa, doğulduğum evə baş çəkə bildim. Sizə təqdim olunan fotoda evimizin halı aydın görünür. Həmin gün mənə elə gəldi ki, Cəbrayıl ikinci dəfə işğal olundu... 

Geri qayıdanda qohum-əqrabanın "sual yağışı"na düşdüm. Əmim oğlu Xəyal isə məni əməlli başlı məzəmmət etdi: "Əvvəldən xəbərim olsaydı, yerini deyərdim, məhsulu gətirərdin". 

Xəyalla aramızda belə bir dialoq oldu: 

- Məhsul nədir? 

- Xəbərin yoxdur? 

- Nədən? 

- Həə. Sən o vaxt Türkiyədə idin. Kənddən çıxanda rəhmətlik Vaqif əmimlə birlikdə həyətdə 10 litr tut arağı basdırmışıq. 

- İndiyə araq qalar? 

- Niyə qalmır? Bu dəqiqə getsəm, gözüyumulu taparam...

Həmin gün öyrəndim ki, insanlar kəndi tərk edib Araz çayı ilə İrana keçəndə çox əşyanı, məhsulu həyətdə basdırıblar... 

Bu söhbətin üstündən bir neçə ay keçdi. İşğaldan azad olunmuş ərazilərə gediş-gəliş artıq əvvəlki qədər çətin deyildi. Hərə bir yolla kəndə gedib öz ata-baba yurdunun xarabalıqlarını görə bilirdi. Tez-tez eşidirdim ki, filankəs kənddən tut arağı gətirib. 

Bir neçə ay əvvəl telefonuma tanımadığım nömrədən zəng gəldi. Nömrəni tanımasam da, "Alo" deyən kimi qonşumuzun səsini tanıdım. 

Hal-əhval tutandan sonra belə dedi: "Qonşu, keçən həftə kəndə getmişdim. Sizin həyətdəki o məhsulu gətirmişəm". 

Dərhal əmioğlu Xəyalın sözləri yadıma düşdü. Qeyri-ixtiyari soruşdum: "Necə tapdın? Yerini sənə kim dedi?" 

O dəqiqə izahat verdi: "Rəhmətlik müəllim o vaxt arağı basdıranda, mən də yanında idim". 

Nə deyəcəyimi bilmədim. Jurnalıist mən olsam da, dil-dil ötən o idi: 

"Ay qonşu, başına dönüm, məhsulun başında bir az içmişəm. Qalanını uşaqdan göndərsəm, inciməzsən ki?" 

Gözlərim doldu. Zarafat deyil, 31 il sonra ata yurdumdan mənə pay gəlmişdi. Tut arağının qoxusunu sevməsəm də, o payı görməyi çox istəyirdim. Odur ki, tez-tələsik dilləndim: "Halal-xoşun olsun. Yarısı sənin, yarısı mənim olsun". 

Dərhal beynimdən bu fikir keçdi: "Yarısını qardaşım Teymura verəcəm. Axı mənim kimi ona da ata yurdundan pay çatmayıb..." 

Bir az ordan-burdan danışandan sonra söz verdi ki, yaxın günlərdə həyətimizdəki ağ tutdan çəkilən o arağın 5 litrini oğlundan mənə göndərəcək...

Bu minvalla aradan 3 ay keçdi. Bu üç ay müddətində üç dəfə mənə zəng etdi. Hər dəfə də eyni sözü dedi: "Qonşu, sən Allah bağışla. Məhsulun üstündən bir az içmişəm". 

Bilirəm indi nə fikirləşirsiniz. Yox, siz düşündüyünüz kimi deyil...

Bir həftə əvvəl işdən evə qayıdanda anamın ilk sözü bu oldu: "Kənddəki qonşumuz filankəs sənə yarım litr tut arağı göndərib". 

Tut arağını sevməsəm də, şüşənin qapağını azca qaldırdım. Evə qeyri-adi qoxu yayıldı. Bu, kəndimizin qoxusu idi...

31 il sonra ata yurdundan pay gəlmişdi. Anamla göz yaşlarımızı saxlaya bilmədik...  

Sonra araqdan bir qaşıq uddum. Bal kimi idi. İndi bildim ki, ata yurdundan nə göndərsələr, bal kimi şirin olur... 

Seymur VERDİZADƏ 


Geri dön