2025-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun 5 milyard 214,4 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 310,8 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 175,2 milyon manat təşkil edəcəyi gözlənilir.
Bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.
Gələn ilin əvvəlinə xarici dövlət borcunun 49,1 %-inin 5 ilədək, 44,7 %-inin 5- 10 il ərzində, 6,2 %-inin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir.
Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin 10 ilədək müddətə təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,8 faiz dərəcəsi ilə, 10-20 illik müvafiq istinad dərəcəsi üstəgəl 1 faiz dərəcəsi ilə, 20 ildən artıq müddətə isə müvafiq istinad dərəcəsi üstəgəl 1,2 faiz dərəcəsi ilə cəlb olunması nəzərdə tutulur.
2025-ci ilin yanvarın 1-nə daxili dövlət borcunun 53 %-ini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazları təşkil edəcəkdir. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 19,5 %-i 1 illik, 72,6 %-i 2-3 illik, 7,9 %-i isə 5-7 illik istiqrazların payına düşməsi proqnozlaşdırılır.