Ana Sayfa > Karusel / Gündəm > Prezident: “Dağlıq Qarabağda yaşayan ermənilərin canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”

Prezident: “Dağlıq Qarabağda yaşayan ermənilərin canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”


14-10-2020, 13:17. Yazar: Admin

Prezident: “Dağlıq Qarabağda yaşayan ermənilərin canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar”

“Ermənistanın hazırda göstərdiyi cəhdlər yersizdir və onların özləri üçün zərərlidir”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, çünki birinci növbədə heç bir ölkə Azərbaycanın ayrılmaz hissəsi olan və beynəlxalq hüquq baxımından Azərbaycana mənsub olan Dağlıq Qarabağa müstəqillik verməyəcək, onu tanımayacaq: “Belə olan halda bu cəhdlər səmərəsiz qalacaq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Minsk Qrupuna həmsədrlik edən ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır. Avropa Birliyi ilə bizim tərəfdaşlıq prioritetləri adlı sənəd paraflanıb və orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Mən inanmıram ki, hər hansı ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın. Çünki bundan 1 saat keçməmiş bu ölkələrlə biz bütün diplomatik  əlaqələrimizi kəsərik. Bu dəqiqdir. Ona görə Ermənistanın bu cəhdləri, sadəcə, olaraq daxili auditoriyaya hesablanıb ki, sanki bunlar da hər hansı diplomatik fəaliyyətdədirlər”.

Prezident İlham Əliyev qeyd edib ki, barışdan sonrakı dönəmlə bağlı bizim mövqeyimizdə hər hansı dəyişiklik yoxdur: “Bizim mövqeyimiz həm tarixi ədalətə, beynəlxalq hüquqa və dünyada mövcud olan müsbət təcrübəyə əsaslanır. Yəni, birinci mərhələdə işğal edilmiş rayonlardan erməni silahlı qüvvələri çıxarılır və prinsip etibarı ilə bu məsələ Minsk Qrupu çərçivəsində artıq 5 rayon, ondan sonra 2 rayon olaraq təsbit edilib. Ondan sonra Dağlıq Qarabağın içindən - Şuşadan, Xankəndidən və orada bir çox kəndlərdə ki, azərbaycanlılar yaşayıb ora Azərbaycan vətəndaşları qayıdır. Dağlıq Qarabağın gələcəyi ilə əlaqədar müzakirələr davam edir. Ancaq yeni bir şəraitdə, yeni bir iqlim çərçivəsində artıq biz sülhə daha da yaxınlaşacağıq. Ona görə biz orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və onların rifahı artacaq. Çünki orada indi səfalət hökm sürür. Biz oraya investisiya da qoyarıq, biz orada sosial proqramları da icra edərik. İş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq. Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi, dini abidələrini yerlə bir etmək və ondan sonra buranın qədim Ermənistan torpağı olduğunu elan etməkdir. Halbuki ermənilər ora çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərində köçürülüb. Bu, tarixdir, bu tarixi biz bilirik. Ona görə bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycan xalqı bu mövqeyi bilir və bunu dəstəkləyir”.


Geri dön