Ana Sayfa > Karusel / İqtisadiyyat > Beynəlxalq təşkilata qarşı iddia - “Sifariş verilib, indi qonorarı ödəmirlər”

Beynəlxalq təşkilata qarşı iddia - “Sifariş verilib, indi qonorarı ödəmirlər”


14-07-2024, 08:17. Yazar: Admin

beynelxalq-teskilata-qarsi-iddia

 

“Qanun” nəşriyyatının direktoru, tanınmış naşir Şahbaz Xuduoğlu öz feysbuk hesabında Azərbaycanda yaşayan britaniyalı tərcüməçi İan Peartın haqlarının pozulması ilə bağlı status paylaşıb.  

Qarabaginfo.az “525.az”a istinadən xəbər verir ki, Ş.Xuduoğlu statusunda Türk Mədəniyyəti və İrsi fondu bir müddət əvvəl İ.Pearta tərcümə sifariş etsə də, sonradan qonorarını ödəməkdən imtina etdiyini qeyd edib:  

“İan Peart Azərbaycan dilindən ingilis dilinə tərcüməçidir. O, klassik Azərbaycan poeziyası nümunələrindən tutmuş müasir dövr bədii mətnləri, tarix və incəsənətimizə aid əsərləri tərcümə edən, bəlkə də, yeganə ingilisdillidir. İngilis dilində keyfiyyətli mətn görmək istəyən hər kəs ona müraciət edir. O da Azərbaycana qəlbən bağlı olduğundan, kültürümüzə, ədəbiyyatımıza və tariximizə aid olan heç bir mətnin tərcüməsindən imtina etmir, əksinə, xüsusi həssaslıq göstərir, bəzi faktları müxtəlif mənbələrdən təkrar-təkrar yoxlayır. 

Xeyli müddət əvvəl Türk Mədəniyyəti və İrsi fondu onun bir neçə ayını məşğul edən tərcümə sifariş edib, avans da ödəməyib. İşi təhvil verəndən sonra əvvəlcə, bu gün-sabaha salıblar, sonra isə "Rəhbərlik dəyişib, bizim məlumatımız yoxdur" deməklə qonorarı ödəməkdən imtina ediblər”. 

Ş.Xuduoğlu ona qeyd edib ki, bir həftə ərzində İan Peartin qonorarını ödəməsələr, məhkəməyə müraciət edəcəyik: “İan Peart çox vicdanlı, işində dəqiq biridir, tanıyanlar bunu yaxşı bilir. Yaşayışı, sağlamlığı, evinin xərcləri hamısı tərcüməyə bağlıdır. Zəhmətin ödənməməsi, müraciətin iqnor edilməsi insanlığa zidd olmaqla yanaşı hüquqa da ziddir. Bu məsələdə heç bir halda Türk Mədəniyyəti və İrsi fondu yaxasını kənara çəkə bilməz. Bir həftə ərzində İan Peartin qonorarını ödəməlidir. Əks halda həmkarımızın haqlarını müdafiə etməklə bağlı məhkəməyə müracət edəcəyik”.

Məsələ ilə bağlı Türk Mədəniyyəti və İrsi fondundan “525.az”a verilən açıqlamaya görə, İan Peartın iddiası həqiqətə uyğun deyil: “Türk Mədəniyyəti və İrsi fondu olaraq ictimaiyyətin diqqətinə çatdırmaq istərdik ki, cənab İan Peartın və təşviqi ilə istənilən şəxsin təşkilatımız barəsində yaydığı fikir və iddialar əsassızdır və həqiqətə uyğun deyil. 

Belə ki, onun iddia etdiyi kimi göstərdiyi xidmətlər barəsində təşkilatımız ilə onun arasında hər hansı əqd və ya anlaşma imzalanmayıb və onun qarşısında hər hansı hüquqi öhdəliyimiz mövcud deyildir. Qətiyyətlə bəyan edirik ki, təşkilatımız istənilən hüquqi və fiziki şəxslər qarşısında öz üzərinə götürdüyü bütün müqavilə öhdəliklərini vaxtında və tam icra edib, icra edir və icra edəcəkdir.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq media qurumlarını türk dünyasının beynəlxalq təşkilatı olan Türk Mədəniyyəti və İrsi fondu barəsində hər hansı məsələnin mahiyyətini tam araşdırmadan əsası olmayan iddiaları öz səhifələrində yayımlamamağa çağırırıq. Hər hansı şəxs tərəfindən təşkilatımızın nüfuzuna mənfi təsir göstərəcək və zərər vuracaq əsassız, həqiqətə uyğun olmayan iddiaları irəli sürmək və yayımlamağın qarşısını almaq istiqamətində mümkün bütün hüquqi addımların atılacağını bəyan edirik”.


Geri dön