Ana Sayfa > Karusel / Siyasət > COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - FOTO

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - FOTO


27-06-2024, 22:12. Yazar: Admin

 

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib - FOTO - VİDEO

Bu il noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlığın önəmli istiqamətlərindən biri də bu sahədə əhalinin ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mötəbər iqlim konfransından gözləntilərinin, eləcə də iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, iyunun 27-də Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında baş tutan Məlumat Mərkəzinin açılışında COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.

Tədbirdə Mərkəzin nümayəndələri tərəfindən rəsmilərə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, fərqli tematik zonalarda təşkil olunan müxtəlif rəqəmsal resurslar, eləcə də iqlim dəyişmələrinin təsirləri və bu təsirlərin yumşaldılmasının əhəmiyyətini göstərən interaktiv installyasiyalar nümayiş etdirilib.

Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP259 Sədrliyi tərəfindən təşkil olunan Məlumat Mərkəzi vətəndaşlar arasında dayanıqlı vərdişlərin və nümunəvi davranışların inkişafına xidmət edəcək. Belə ki, Mərkəz konfransın məqsəd və hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını və ekoloji biliklərin artırılmasını təmin edəcək. İnnovativ yanaşması ilə seçilən Mərkəzin məqsədi gündəlik dayanıqlı davranışları və həyat tərzini fəal şəkildə təşviq etməkdir.

Qeyd edək ki, Məlumat Mərkəzinin müxtəlif tematik zonaları ziyarətçilərə iqlim dəyişmələri və COP29 Konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmək üçün yaradılıb. Belə ki, COP tarixi zonasında qonaqlar bu mühüm konfransın xronoloji və coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft və iqlim şəraitini izləyə bilərlər. Ziyarətçilər xüsusi elektron platforma vasitəsilə elə buradaca ianə edərək ağac əkmək imkanından yararlana, karbon kalkulyatoru vasitəsilə isə gündəlik həyat tərzi nəticəsində əmələ gələn karbon ayaq izlərini ölçə və bu nəticələrin minimallaşdırılması üçün atılmalı addımlara dair tövsiyyələr əldə edə bilərlər.

Bununla yanaşı, növbəti aylarda həftəsonları Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.

Mərkəz həftənin yeddi günü saat 13:00-dan 22:00-dək ziyarətçilər üçün açıqdır.


Geri dön