Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda 7 dini icma ləğv edilib

Azərbaycanda 7 dini icma ləğv edilib


15-12-2017, 17:29. Yazar: Admin
 

Qarabaginfo x'b'r verir ki? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

Modern.az məlumatına görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Tədbirdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu tarixi addımla böyük bir missiyanı üzərinə götürən Azərbaycanın İslam həmrəyliyinin bərqərar olmasında özünəməxsus mövqeyinin möhkəmləndirilməsinə, həmrəyliyin formalaşdırılmasına yönələn fəaliyyət istiqamətləri barədə danışıb. Bu il çərçivəsində Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə ölkə daxilində və xaricdə bir sıra önəmli tədbirlər keçirdiyini bildirib. Tədbirlərin İslam dini və mədəniyyətinin, eləcə də həmrəyliyin mahiyyətinin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra gündəliyə uyğun olaraq, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımovun məruzəsi dinlənilib. Şöbə müdiri cari ildə şöbənin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində 73 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdırıb. O, eyni zamanda şöbə tərəfindən mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icmanın ləğv edilməsinin, 2 dini icmanın dövlət qeydiyyatına alınmasının təmin edildiyini vurğulayıb. İnzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəmələrə göndərildiyini qeyd edib.

Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov şöbə tərəfindən dini durumun öyrənilməsi, təhlil olunması, dini icmalarla əməkdaşlığın gücləndirilməsi istiqamətində iş aparıldığını bildirib. Şöbə tərəfindən 104 dini maarifləndirmə tədbirinin həyata keçirildiyini deyib.

Tovuz bölgəsi üzrə şöbənin müdiri Rasim Tağıyev milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı şöbə tərəfindən müvafiq qurumlarla birlikdə mütəmadi tədbirlərin görüldüyünü, dini maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Məruzəsi dinlənilən Gəncə bölgəsi üzrə şöbənin müdiri Asif Əliyev isə Prezident İlham Əliyev tərəfindən elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilən maarifləndirici, təbliğat-təşviqat xarakterli tədbirlər barədə danışıb.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov məruzəsində bildirib ki, bölgədəki sabit dini durum aparılan dini və hüquqi maarifləndirmə işinin nəticəsidir. Ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə 20-dən çox tədbirin keçirildiyini qeyd edən şöbə müdiri hesabat dövrü ərzində şöbə əməkdaşları tərəfindən aidiyyəti orqanlarla birlikdə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışını həyata keçirən ixtisaslaşdırılmış satış məntəqələrində monitorinqlərin keçirildiyini, sahibkarlara tövsiyələr verildiyini bildirib.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.


Geri dön