Ana Sayfa > Karusel / Müsahibə > “Rusiyanın mövqeyini yüksək qiymətləndiririk”

“Rusiyanın mövqeyini yüksək qiymətləndiririk”


8-10-2020, 11:27. Yazar: Admin

 

“Rusiyanın mövqeyini yüksək qiymətləndiririk”

 

Azərbaycan  Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin SİA-ya müsahibə verib.

Qarabaginfo.az həmin müsahibəni təqdim edir:

- Məhərrəm müəllim, Qarabağ cəbhəsində gedən döyüşlər və Ordumuzun yağı düşmən üzərində ard-arda qazandığı qələbələrini necə şərh edərdiniz?

-Öncə qeyd edim ki, Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq, Qarabağ cəbhəsində işğalçı və təcavüzkar Ermənistanın silahlı qüvvələrinin, eləcə də onların marioneti olan quldur, qondarma “DQR” rejiminin davamlı təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlaması və cəbhənin müxtəlif istiqamətlərində əldə edilən zəfər yürüşümüz haqlı, ədalətli mövqeyimizin bariz göstəricisidir.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edən Şanlı Ordumuz bu gün də dünyaya sübut edir ki, onun mütərəqqi, sarsılmaz Silahlı Qüvvələri var. Deyərdim ki, qısa müddətdə kəndlərimizin, rayonlarımızın, strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad olunması prosesi həm də dünyanın hərb tarixində yeniliyə imza atıb. Söz yox ki, bu haqlı mübarizədə əsgərlərimizin, zabitlərimizin məğlubedilməzlik ruhu, müzəffər amalı da önəmli rol oynamaqdadır. Bunu isə onlara xalqın dəstəyi, xalqın vahidliyi verməkdədir. Lakin onu da unutmamalıyıq ki, müasir, bütün lazımi hərbi xarakterli təhcizatlarla, texniki imkanlarla təmin olunmuş Ordumuz bu kontekstdən də düşməni öz yuvasına qədər qovmaqdadır.

Əlbəttə ki, ən önəmlisi, cənab Prezident İlham Əliyevin xalqa etdiyi müraciətində vurğuladığı fikirləri hər birimizi qürurlandırdı və qələbəyə doğru atılan addımlarımızı sürətləndirdi. Beləliklə, bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib və bu danılmazlıq yuxarıda qeyd etdiyim fikirlərin hər birində öz təsdiqini tapır.

-Bu arada daha bir məqama toxunmaq istərdim. Bu gün Azərbaycan demək olar ki, dünya birliyinin bir çox ölkələri, təşkilatları tərəfindən dəstək alır. Lakin əsas dəstəyi Türkiyə və Pakistan kimi ölkələrdən görməkdəyik. Sizcə belə bir dəstək arxasında hansı gerçəkliklər dayanmaqdadır?

- Mən daha əvvəllər verdiyim müsahibə və açıqlamalarımda da qeyd etmişəm ki, Azərbaycanın haqlı və ədalətli mövqeyinə ən açıq və birmənalı dəstəyi göstərən ölkələr qardaş Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikasıdır. Məhz bu ölkələrin rəhbərlikləri səviyyəsində verilən bəyanatlar, səslənən fikirlər də sübut edir ki, sarsılmaz birliyə söykənən qardaşlıq bağları əbədidir, dönməzdir. Bu gün Pakistan tərəfi bəyan edir ki, Azərbaycanın haqq yürüşündə bütün mənalarda dəstək göstərməyə hazırdır. Əlbəttə, bu gün Azərbaycan dövlətinin hərbi potensialının, büdcəsinin kifayət qədər yüksək olması buna ehtiyac görmür. Yəni Azərbaycan Ordusu öz gücü ilə düşmənə qarşı mübarizə aparır. Ancaq eyni zamanda, pakistanlı qardaşlarımızın belə bəyanatları mənəvi cəhətdən bizi ruhlandırır, əzmimizi artırır. Buna görə, onlara minnətdarlıqlarımızı bildiririk. Həmçinin, Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarının, eləcə də parlament rəhbəri, baş naziri, müdafiə və xarici işlər nazirləri səviyyəsindəki dəstəkləri, buna qədər isə çoxsaylı uğurlu hərbi təlimlərin keçirilməsi bu gün Qarabağ cəbhəsində qazandığımız qələbələrdə ruhumuzu yüksəldir. Bəli, məhz mənəvi dəstək bir çox sədləri aşır və aşmaqda davam edəcək. “Bir millət, iki dövlət” prinsipi həmin gerçəkliyin isbatıdır. Buna əmin olun. Əmin olun ki, torpaqlarımızın işğaldan azad olunması prosesi tam sürətlə davam edir və çox yaxınlarda növbəti zəfər, qələbə xəbərlərini bir-birimizlə paylaşacağıq.

-Məhərrəm müəllim, bəs Gürcüstanın bu məsələyə münasibətini necə qiymətləndirirsiniz?

Bu gün Gürcüstan-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir və ölkələrimiz arasında bütün tələb olunan beynəlxalq əməkdaşlıqlara riayət edilir. Ölkəmizlə Gürcüstan arasında hər hansı həll olunmamış problem demək olar ki, qalmayıb. O cümlədən, Gürcüstsan Azərbaycanın ən yaxın strateji müttəfiqi olaraq qiymətləndirilir. Bu ölkə daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad olunmasının tərəfdarı olaraq, Qafqaz regionunda ədalətin, inkişafın, tərəqqinin də yüksələn xətlə irəliyə gedəcəyini arzu edir. Bu, əldə olunarsa, bilavasitə dünya miqyasında ən önəmli layihələrin reallaşdırılması da genişlənər, münbit şəraitlər yaranar.

-Məhərrəm müəllim, qonşu İranın mövqeyini necə şərh edərdiniz?

- İran İslam Respublikası bizim yaxın qonşumuz olmaqla yanaşı, həm də müsəlman ölkəsidir. Biz unutmamalıyıq ki, hələ birinci Qarabağ müharibəsində Naxçıvan Ermənistan tərəfindən blokadada saxlanılanda, Türkiyə ilə yanaşı, İran tərəfi də xilas körpüsü açdı, xalqın çətin, ağır vəziyyətdən çıxması üçün həyati vacibliyi olan addımlarını atdı. Biz bunu unutmamışıq.

Lakin bu gün İranın ali siyasi dairələrinin Azərbaycanın haqlı mövqeyinə dəstək göstərməsini də yüksək qiymətləndiririk. Hətta düşünürəm ki, bizim Cənub qonşumuz olan İran dövləti və xalqı Azərbaycanın onunla həmsərhəd olan işğal altındakı ərazilərimizin düşmən tapdağından azad olunmasına sevinir, qələbəmizi alqışlayır. Çünki cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxış və müraciətlərində işğal altındakı ərazilərimizdəki məscidlərin, müqəddəs yerlərin donuz, inək fermalarına çevrildiyini, qəbirlərimizin dağıdıldığını xatırladaraq, müsəlman dünyasını bu rəzalətə susqun qalmamasına səsləyirdi. Bu ərazilər narkotranzitə, qanunsuz silah alverinin mərkəzinə çevrilmişdi. Müsəlman dünyası bu cür əməllərə susqun qala bilməzdi. O cümlədən, İslam Respublikası olan İran da əlbəttə ki, bu çağırışa öz səsini verdi - Azərbaycanın doğma torpaqlarının işğaldan azad olunmasına, ərazi bütövlüyümüzün təmin olunmasına dəstəyi ilə. Çünki daha bir məsələ budur ki, işğal altında qalan və bu gün azad olunan İranla həmsərhəd ərazilərimiz həm də terror yuvasına çevrilmişdi, həmin ölkəyə təhlükə saçırdı. Düşünürəm ki, bundan sonra, yəni ərazilərimiz işğaldan azad edildikdən sonra, Azərbaycan beynəlxalq terrorla mübarizə siyasətində İran daxil olmaqla, digər qonşu ölkələrlə birlikdə, geniş xarakterli addımlar atacaq.

Eyni zamanda, İran dövlət başçısının Prezident İlham Əliyev cənablarına etdiyi telefon zənginə də münasibət bildirərək qeyd etmək istərdim ki, dövlətimizin başçısı cənab İlham Əliyev ölkələrimiz arasında bir sıra əməkdaşlıq məqamlarına toxunaraq, işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

- Bugünlərdə Paşinyanın hərbi məsələlər üzrə baş müşaviri Vaqarşak Arutyunyan “Rossiya 1” kanalına müsahibəsi zamanı işğalçı ordusunun riyakarlığını sübuta yetirən açıqlamalar verib və cəbhədən xeyli uzaqlıqda yerləşən şəhərlərimizi, dinc sakinlərimizi hədəfə aldıqlarını bəyan edib. Bu fakt da Ermənistanın dövlət terroru siyasəti həyata keçirməsini sübuta yetirmirmi?

-Bəli, tamamilə doğrudur. Paşinyanın o müşaviri Ermənistanın dövlət səviyyəsində sülh və insanlıq əleyhinə ağır cinayətlər törətməsini bir daha sübut etdi. Bununla da onlar beynəlxalq humanitar hüququn, 1949-cu il Cenevrə Konvensiyasının tələblərinin həyasızcasına pozmalarını bir daha sübut edir. Erməni müşavirin bəyanatı Ermənistan dövlətinin iç üzünü – mahiyyətini bir daha ifşa edir, onların məqsədi mülki şəxsləri, onların mülklərini, məktəbləri, xəstəxanaları və sair mülki obyektləri barbarcasına məhv etməklə mülki əhali arasında təşviş və qorxu yaratmaqdadır. Bu faktlar isə heç bir sivil qaydalara uyğun gələ bilməz.

Bir halda ki, belə bəyanatla onun hərbi məsələlər üzrə baş müşaviri çıxış edir və bunu çəkinmədən deyir, bu zaman Azərbaycan Silahlı Qüvvələri nəinki işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə aparır, həm də anti-terror əməliyyatlarını həyata keçirir. Bugünlərdə PKK terror təşkilatının üzvləri arasındakı gizli bağlantılarının da ifşa olunması, öldürülmüş terrorçuların fotolarının mediada işıqlandırılması bizə kifayət qədər zəmin verir ki, biz haqq mübarizəsindəyik və terrorun bir daha ayaq açaraq-yeriməməsi üçün, terrorun kökünü kəsmək üçün, tərəddüd etmədən irəliyə doğru getməkdəyik.

Əbəs deyil ki, hələ hərbi əməliyyatlar başlamamışdan əvvəl biz bu barədə tam, müfəssəl məlumatlara malik idik və cənab Ali Baş Komandanımız da bu barədə məlumatlı olduğunu qeyd etmişdi. Yaxın Şərq ölkələrindən, Ermənistan üzərindən Qarabağa keçmələri haqqında mətbuatımız da, xarici KİV-lər də çoxsaylı dəlilləri ortaya qoydular. Belə olan vəziyyətdə Azərbaycan sakit oturub, baş verənlərə adi seyrci qala bilməzdi. Ona görə də, əgər biz işğalçılarla, quldur rejimlə mübarizə aparır, onları öz yuvalarına tərəf qovuruqsa, onlarla birgə vuruşan terrorçularını da məhv etməkdəyik. Bizim işimiz haqq işidir, getdiyimiz yol xalqın, vətəndaşın dəstəyi ilə ruhlanan ədalət, qələbə yürüşüdür. İnşaAllah, qısa zamanda bizim şanlı bayrağımız qəhrəman əsgərimizin əlləri ilə növbəti azad olunacaq ərazilərimizdə yüksəkliklərə qaldırılacaq. Qarabağımızın o günü uzaqda deyil. Cənab Ali Baş Komandanımız vurğuladığı kimi, Qarabağ Azərbaycandır!

-Məhərrəm müəllim, bu münaqişəyə dair Rusiya Federasiyasının rolu, mövqeyi barədə nə deyə bilərdiniz?

- Söz yox ki, Rusiyanın mövqeyini yüksək qiymətləndiririk. Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Hər iki ölkənin Prezidentləri qarşılıqlı görüşlər keçirib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadilələri aparıb, razılaşmalar, sazişlər imzalayıblar.

Ən əsası isə, Rusiya Federasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır və həmişə Azərbaycan xalqının, dövlətinin Rusiyaya qarşı xoş, isti münasibətini görür. Bu münasibət indi də yüksək səviyyədədir, gələcəkdə daha da möhkəmləndiriləcək.

Bu gün Azərbaycanla Rusiya strateji tərəfdar olmaqla iki ölkə arasında çoxşaxəli əlaqələr və imkanlar mövcuddur, hər iki ölkə arasında bir sıra regional və beynəlxalq məsələlərdə müzakirələr aparılır, müəyyən razılıqlar əldə olunur. Həmçinin, Azərbaycanda nəhəng rus icması yaşayır və onlar burada özlərini çox rahat, xoşbəxt, firavan hiss edirlər. Ölkəmizdəki rus icmasının nümayəndələri Azərbaycanı özlərinin Vətəni hesab edir. Əbəs deyil ki, hələ birinci Qarabağ müharibəsində Azərbaycan vətəndaşı olan rus icmasının nümayəndələri torpaqlarımızın azadlığı uğrunda döyüşüblər, şəhid olublar. Qədirbilən Azərbaycan xalqı heç vaxt bu xoş, vətənpərvərlik münasibətlərini unutmayıb və unutmayacaq da.

Bu gün monoetnik Ermənistanda həmin halı müşahidə etmək ümumiyyətlə qeyri-mümkündür. İşğalçı ölkə hələ 90-cı illərdən "Ermənistan ermənilər üçün" şüarı ilə özlərinin ultra-millətçilik, şovinist xüsusiyyətlərini hazırda da yaşatmaqdadırlar. Əgər bu gün Azərbaycanda rusdilli məktəblər, kurslar və s. tədris müəssisələri fəaliyyət göstərirsə, ali məktəblərimizdə rus dili fakültələri mövcuddursa, rus icmasının dini, ənənəsi və s. milli mahiyyətləri qorunub-saxlanılırsa, Ermənistan tərəfində belə bir imkanların yaradılmasından ümumiyyətlə danışmaq mümkün deyil. Çünki həmin ölkədə ruslar demək olar ki, yox səviyyəsindədir. Bu gün Ermənistan parlamentindən fərqli olaraq, Azərbaycan parlamentində rus icmasının təmsilçisi fəaliyyət göstərir. Amma ermənilərdə necədir? Fakt budur ki, Paşinyan hakimiyyətə gələr-gəlməz anti-Rusiya siyasətinə başladı və bir daha sübut etdi ki, o birbaşa Corc Sorosun adamıdır və onun himayəsi, maliyyəsi altında anti-türk, anti-Rusiya və s. yanlış istiqamətli, qonşuluq prinsiplərindən uzaq siyasətinə köklənib.

Son olaraq isə daha bir vacib məqama toxunmaq istərdim. Prezident İlham Əliyev cənablarının Rusiya Federasiyasının dövlət başçısı cənab Vladimir Putinə telefon zəngi açması və ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq barədə söhbətlərin aparılması da Azərbaycan və Rusiya Federasiyası arasında mövcud olan münbit, qarşılıqlı və səmimiyyətə əsaslanan uğurdur, reallıqdır. Hesab edirəm ki, iki ölkə arasındakı yüksək əməkdaşlıq və tərəfdaşlıq faktoru bundan sonra daha da möhkəmləndiriləcək.


Geri dön