Rusiya hakimiyyəti afrikalı tələbələri və işçiləri Ukraynaya qarşı müharibədə iştirak etməyə məcbur edir, tələbə və iş vizalarını uzatmamaqla hədələyir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” Avropa rəsmilərinə istinadən yazır.
“Xüsusilə rus ordusu Xarkov yaxınlığında irəliləmək cəhdləri zamanı afrikalılardan istifadə edib. Rusiya həmçinin qanunu pozan afrikalı immiqrantlardan da istifadə edir. Onlara seçim verilir: ya deportasiya, ya da cinayət işinə xitam verilməklə Ukraynada hərbi əməliyyatlarda iştirak”, – agentliyin məlumatlı mənbələrindən biri bildirib.
“Bloomberg” mənbələrindən biri qeyd edib ki, afrikalı tələbələri və işçiləri müharibədə iştiraka məcbur etmək təcrübəsi işğalın əvvəlindən başlayıb. Onun sözlərinə görə, afrikalılar peşəkar, yaxşı təlim keçmiş bölmələr arasında yüksək itkilərdən qaçmaq üçün riskli hücum manevrlərində istifadə olunur.