Ana Sayfa > Karusel / Multimedia > Dövlət və özəl qurumlara kiberhücumlar artıb
Dövlət və özəl qurumlara kiberhücumlar artıb6-06-2024, 10:35. Yazar: Admin |
Texnologiyanın sürətli inkişafı dövründə kibertəhlükələr getdikcə daha mürəkkəb və geniş vüsət alır. Biz dövlət qurumlarına, özəl şirkətlərə və hətta ayrı-ayrı şəxslərə kiberhücumların sayının artdığını görürük. Qarabaginfo.az xəbər verir ki, bunu “Dövlət qurumları İT rəhbərlərinin zirvə toplantısı”nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov deyib. O qeyd edib ki, bu vəziyyətdə dövlətdən biznesə və vətəndaş cəmiyyətinə etibarlı və təhlükəsiz rəqəmsal ekosistemi yaratmaq üçün qüvvələrimizi birləşdirməliyik: “Kibertəhlükələr haqqında dövlət qurumları, media subyektlərinin nümayəndələri və ictimaiyyətin məlumatlılığının artırılması məsələsi də eyni dərəcədə önəmlidir. Hər birimiz rəqəmsal dünyada hansı risklərin mövcud olduğunu, özümüzü və məlumatlarımızı necə qoruya biləcəyimizi başa düşməliyik. İlk növbədə dövlət qurumlarının kibersavadlılığının artırılması uğurlu hücumların sayını əhəmiyyətli dərəcədə azaltmağa və ümumi təhlükəsizliyi gücləndirməyə kömək edəcək. Ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən KiberDiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi eksklüziv olaraq Xidmətə verilib və cari ilin 25 sentyabr tarixində “KiberDiplomatiya” üzrə Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi qərara alınıb”. Azər Əhədov bildirib ki, NATO-nun Sülh Naminə Elm proqramının elan etdiyi “kritik enerji infrastrukturlarında informasiya təhlükəsizliyinin yüksəldilməsi layihəsinə” dair müsabiqəyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırlayıb təqdim etdiyi “Cyber Poligon” layihəsinin ötən ay yekun qiymətləndirilməsi aparılıb və layihə qalib elan edilib: “Təqdim olunan layihə uyğun gəldiyi üçün NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənib və layihənin 2 illik icrası üçün NATO tərəfindən qrant ayrılıb. Eyni zamanda, Prezidentin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq edilib. Artıq Strategiyanın Tədbirlər Planı üzrə müvafiq yarımbəndlərin icrasına dair aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən icraya başlanılıb və müvafiq qurumlar arasında koordinasiyalı fəaliyyət təşkil olunub. Strategiyanın əhatə etdiyi dövr ərzində bir çox hədəflərə nail olunması nəzərdə tutulur, bunlardan milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunması, fərdi məlumatların mühafizəsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və digər məsələlər planlaşdırılır”. Geri dön |