Sovet teat və kino aktrisası Aqniya Yelekoyeva 95 yaşında vəfat edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə iyunun 2-də Rusiyanın “İsvestiya” nəşri məlumat yayıb.
Sənətçinin ölüm səbəbi barədə məlumat verilmir.
Aqniya Yelikoyeva Azərbaycan tamaşaçılarına “Uzaq sahillərdə” filmindən Anjelika obrazı ilə tanışdır.
Rejissor Tofiq Tağızadənin İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi Azərbaycan tamaşaçılarının sevə-sevə baxdığı ekran əsəridir. 1958-ci ildə çəkilən kinolent Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin II Dünya Müharibəsi illərində İtaliya və Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr olunub.
Filmdə yadda qalan obrazlardan biri də aktrisa Aqniya Yelikoyevanın canlandırdığı Anjelika obrazıdır.
Aktrisa Aqniya Yelikoyeva milliyyətcə osetindir. “Uzaq sahillərdə” filmində Anjelika obrazını məharətlə canladıran Aqniya bu rolu ilə rejissorlar və tamaşaçıların böyük rəğbətini qazanıb.
Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda Lensovet teatrında müxtəlif rollarda oynayıb.
"Aqniya Yelikoyeva - yaxud Anqnyuşa, onu yaxın dostları belə çağırırdılar, gözəl qadın, maraqlı aktrisa, həddindən çox ciddi insan, maraqlı yoldaş olub".
Bu barədə internet resurslarında onun haqqında xəsisliklə verilən qısa məlumatlarda bildirilib.
Aktrisa SSRİ dağılan ərəfədə - 90-cı illərin əvvəllərində Sovet İttifaqını həmişəlik tərk edərək ABŞ-a köçüb.
Bəzi məlumatlara görə, “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı, “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıkoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb.
N.Şaşıqoğlunun dəliqanlı xarakteri məlum olduğundan çəkiliş meydançasında çoxlarını Nodarla Aqniyanın (Anjelika) münasibətlərinin necə olacağı düşündürürmüş. Ancaq Nodar xatirələrində bu haqdabelə yazıb:
“Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələriniz olub. O, milliyyətcə osetin idi, Leninqradda yaşayırdı, “Lensovet” teatrında işləyirdi”.
Həyatda qarşılaşdığı gözəl qızlara biganə qalmayan Nodar Şaşıkoğlu “Uzaq sahillərdə” filmindəki qəşəng tərəf müqabilləri, onlarla münasibətləri haqda medianın suallarını cavablandırarkən bunları da əlavə edib:
“Hə, bilirəm nəyə işarə vurursunuz... Özümə qəti qadağa qoymuşdum, heç bir tərəf müqabilimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf-müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”.
Aqniya Yelikoyevanın “Uzaq sahillərdə” filmində canlandırdığı Anjelika rolunu azərbaycanlı aktrisa Hökümə Qurbanova səsləndirib.
Aqniya Yelikoyeva SSRİ-də çəkilən daha bir neçə filmdə, o cümlədən “Vətəndən uzaqlarda”, “Vəkil” filmlərində də müxtəlif rollar oynayıb.
1990-cı ildə "Hüquqşünas" serialına çəkdikdən sonra Yelikoyeva ABŞ-a köçüb. Daha sonra onun barəsində heç bir xəbər yayılmayıb...
(modern.az)