Ana Sayfa > Karusel / Cəmiyyət > COP29-un Könüllülük Proqramı bu gündən fəaliyyətə başlayır

COP29-un Könüllülük Proqramı bu gündən fəaliyyətə başlayır


29-05-2024, 13:04. Yazar: Admin

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) könüllülərin iştirakını təşkil etmək üçün qeydiyyat prosesinə start verilib.

Ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi iri miqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayacaq. Belə ki, konfransın təşkilati işləri ilə bağlı zəruri əməliyyatların icrası məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkətinin fəaliyyəti çərçivəsində həm yerli, həm də xarici vətəndaşların, ümumilikdə isə 3000 könüllünün prosesə cəlb olunması gözlənilir.

Könüllülük proqramı çərçivəsində COP29-a öz töhfəsini vermək, eləcə də təcrübə, işgüzar vərdiş və fərdi inkişafa yiyələnmək niyyətində olan könüllülərin layihəyə rahat və koordinasiyalı şəkildə qoşulmaları üçün www.volunteers.cop29.az onlayn qeydiyyat platforması istifadəyə verilib.

Platformada qeydiyyatdan keçərək “onlayn” anket formasını dolduran şəxslər potensial könüllü qrupuna daxil olurlar. Daha sonra bütün elektron anketlər müraciət edən şəxsin ən az 16 yaşında olması, habelə bilik və bacarıqlar, motivasiya, xarici dil biliyi və digər bu kimi müxtəlif meyarlar, eləcə də COP29-un məqsəd və dəyərlərinə uyğunluq üzrə nəzərdən keçiriləcək, müvafiq namizədlər müsahibəyə, sonra isə təlimlərə dəvət ediləcəklər. Yekun mərhələni uğurla tamamlayan namizədlər COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən media, qonaqlama xidmətləri, nəqliyyat, loqistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar. Qeydiyyat prosesini asanlaşdırmaq məqsədilə yarana biləcək suallarla bağlı müraciət etmək üçün çağrı mərkəzi (+994 12 5352928) də könüllülərin xidmətindədir.

COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya gələn gənclərdən ibarət komanda formalaşdırılacaq.

Qeyd olunan məqsədlərə çatmaq üçün könüllülərin COP29 tədbirinə yüksək səviyyədə hazırlığının təmin edilməsi məqsədilə onlara peşəkar inkişaf, ətraf mühit və dayanıqlılıq kimi mövzuları əhatə edəcək bir sıra müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər könüllülərin İqlim konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılmaları və səriştələrinin artırılmasına xidmət edəcək. Bu baxımdan, COP29 Könüllülük proqramı ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər, hazırda COP29-un peşəkar komandasının üzvləridir.

Könüllülərin müasir tələblərə cavab verən fərqli sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsində COP29 Könüllülük proqramı xüsusi əhəmiyyət kəsb edir. Proqram çərçivəsində komanda ruhunun təşviqi, kollektivdə işləmək və ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub.


Geri dön