Ana Sayfa > Karusel / Təhsil > İqtisadiyyat İnstitutunun doktoranturasına sənəd verənlər iki dəfə artıb

İqtisadiyyat İnstitutunun doktoranturasına sənəd verənlər iki dəfə artıb


17-05-2024, 15:15. Yazar: Admin

 

İqtisadiyyat İnstitutunun doktoranturasına sənəd verənlər iki dəfə artıb

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya ərizə qəbulu başa çatıb.


Qarabaqinfo.az xəbər verir ki, İqtisadiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyeva bildirib ki, 2024-cü ildə doktorantura və dissertanturaya qəbul 6 ixtisas üzrə aparılır: daxili fiskal siyasət və dövlət maliyyəsi; texnoloji innovasiyalar iqtisadiyyatı; iqtisadi nəzəriyyə;  ümumi iqtisadiyyat; dünya iqtisadiyyatı; sahə iqtisadiyyatı.

Qəbul planına uyğun olaraq ayrılmış 18 yerə 84 müraciət daxil olub, bu da 2023-cü ilə nisbətən demək olar ki, iki dəfə çoxdur (ötən il 17 yerə 45 müraciət olmuşdu). 1 yerə 4,7 ərizə düşür.  Bəzi ixtisaslar üzrə rəqabət daha böyükdür. Belə ki, fəlsəfə doktoru hazırlığı üzrə ümumi iqtisadiyyat ixtisasına 4 yerə 23, dünya iqtisadiyyatı ixtisasına 2 yerə 17, sahə iqtisadiyyatı ixtisasına 3 yerə 16 müraciət daxil olub.
 

E.Xankişiyeva vurğulayıb ki, fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş müraciətlərin böyük əksəriyyəti doktoranturaya qəbul planı üzrədir. Elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya ayrılmış 4 yerə 5 nəfər müraciət edib.  Eyni zamanda daxil olmuş 84 müraciətdən ikisi Pakistan, biri isə Əfqanıstan vətəndaşlarına aiddir. “Təhsil haqqında” Qanununun 22.12-ci maddəsinə əsasən, doktoranturaya əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qəbulu ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təhsil qrantı proqramına, “Elm haqqında” qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilatlara əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin doktorantura və dissertanturada təhsili ödənişli əsaslarla aparılır. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər doktorantura və dissertanturada təhsil müddətində “Azərbaycan dili” fənnindən əlavə doktorluq imtahanı verirlər.

Xatırladaq ki, xarici  dil imtahanını müvəffəqiyyətlə  vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 2, 3, 4 sentyabr 2024-cü il tarixlərində, ixtisas imtahanı isə 9, 10, 11 sentyabr 2024-cü il tarixlərində keçiriləcək.


Geri dön