Ana Sayfa > Karusel / Sosial > Daha dörd şəhidimiz 30 ildən sonra dəfn olundu - Fotolar
Daha dörd şəhidimiz 30 ildən sonra dəfn olundu - Fotolar15-05-2024, 17:04. Yazar: Admin |
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri - Mustafayev Sabir İslam oğlu Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Qarabaginfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, onun tabutuna bükülmüş Dövlət Bayrağı qardaşı oğlu Elşad Mustafayevə təqdim edilib. E.Mustafayev jurnalistlərə müsahibəsində deyib: “Otuz ildən çoxdur ki, nənəm, atam və ailəmin digər üzvləri ilə birlikdə əmilərimin yolunu gözləmişik. Hər iki əmim Birinci Qarabağ müharibəsi zamanı Vətənin müdafiəsi üçün cəbhəyə könüllü yollanıblar. Mənim nənəmin 3 oğlu var idi. Atam yaşadığı müddət ərzində öz qardaşları ilə həm fəxr edirdi, həm də onların yolunu gözləyirdi. Təəssüf ki, nə atam, nə də nənəm əmilərimin dəfnini görmədilər. Onlar qardaş, övlad həsrətinə dözə bilmədilər”. Qeyd edək ki, Sabir Mustafayev 1963-cü il martın 16-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində anadan olub. 1991-ci ildə Şıxov taborunun tərkibində Vətənin müdafiəsi üçün hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sabir Mustafayev 1992-ci il yanvarın 26-da şəhid olub. O, Daşaltı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. Qardaşı 1959-cu il təvəllüdlü Mustafayev Malik İslam oğlu isə 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı itkin düşüb. *** Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Yusif Balasəf oğlu Ağayevdir. Mayın 15-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Yasamal rayonunda yerləşən İkinci Şəhidlər xiyabanına gətirilib. Onun tabutuna bükülmüş Dövlət Bayrağı oğlu Vüqar Ağayevə təqdim edilib. Qeyd edək ki, Yusif Ağayev 1959-cu il sentyabrın 12-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub. 1991-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Yusif Ağayev 1992-ci il yanvarın 26-da şəhid olub. Daşaltı uğrunda gedən döyüşlərdə itkin düşmüşdü. *** Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki “Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin nəşinin qalıqları Sumqayıt şəhərinə gətirilib. Vida mərasimindən sonra şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. Qeyd edək ki, Rəsul Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində gedən döyüşlərdə itkin düşüb. *** Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Seyfəddin Nəcəfovun meyitinin qalıqları Beyləqan rayonunda dəfn olunub. Şəhid Seyfəddin Nəcəfovun nəşi Beyləqanda izdihamla qarşılanıb, ailəsinin yaşadığı Aşıqalılar kəndinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra şəhidin nəşi kənd məzarlığına gətirilib. Şəhidin nəşi yaylım atəşi ilə altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib. Qeyd edək ki, Nəcəfov Seyfəddin Eldar oğlu 1993-cü ilin iyulunda Ağdam uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunurdu. Şəhidin meyitinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisində kütləvi məzarlıqda aşkarlanıb.
Geri dön |