İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 8-ci günü başa çatıb. Oktyabrln 4-də də cəbhədə şiddətli döyüşlər davam edib.
Azərbaycan Ordusu düşmənə əks-hücumla cavab verərək, rəşadətlə irəliləməkdədir.
Qarabaginfo.az Modern.az-a istinadən Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 4-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz intensiv atəşə tutulub.
- Azərbayacn Müdafiə Nazirlyi düşmənə növbəti dəfə xəbərdar edib ki, Ballıcada yerləşən işğalçı mövqelərinə qarşı adekvat tədbirlər görüləcək.
- Ermənistan silahlı qüvvələri Xankəndi ərazisindən Tərtər şəhərini və Füzuli rayonunun Horadiz şəhərini raket atəşinə tutub.
- Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonlarının kəndləri artilleriya atəşinə tutulub.
- Ermənistan ərazisindən Gəncə şəhəri atəşə tutulub.
- Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülüb.
- Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyanat verib: "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".
- Müdafiə Nazirliyi: “Erməni tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır”.
- Düşmən tərəfindən Gəncəyə açılan atəş nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.
- Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələri məhv edilib.
- Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çiraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutulub, yaralanan var.
- Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan ərazilərimizdə yaşayan dinc əhaliyə müraciət edib. Bildirilib ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.
Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur.
- İşğal altında olan ərazilərimizdə məskunlaşan mülki əhali döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırılıb.
- Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.
- Cəbrayıl şəhəri və 9 kənd işğaldan azad olunub.
- Cəbrayıl istiqamətində düşmənin xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.
- Cəbrayılın daha 9 kəndi işğaldan azad edilib. Bunlar - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl kəndləridir.
- Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.
- Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.
- Ermənistan Silahlı Qüvvələri Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atıb.