Ana Sayfa > Karusel / Qarabağ > “Siz 24 saatın heç 4 saatını yatmırsınız”
“Siz 24 saatın heç 4 saatını yatmırsınız”10-05-2024, 23:20. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb. Qarabaginfo.az görüşdə yaşanan dialoqları təqdim edir: Prezident İlham Əliyev: Salam-əleyküm. Sakinlər: Salam cənab Prezident, xoş gəlmisiniz. Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Necəsiniz, nə var, nə yox? Qayıtmısınız doğma vətənə. Təbrik edirəm sizi. Sakinlər: Sayənizdə. Çox sağ olun, təşəkkür edirik, Allah Sizi var eləsin. Prezident İlham Əliyev: Şərait necədir? Xoşunuza gəlir? Sakinlər: Möhtəşəmdir, çox yüksək səviyyədə. Allah Sizdən razı olsun. Allah Sizi qorusun. Həm kəndimizdə, həm də Laçında görülən işlərin miqyası o qədər böyükdür, hamısını sadalamaq olmur. Prezident İlham Əliyev: Gördünüz Laçın şəhəri necə də gözəldir. Sakinlər: Bəli, görürük, izləyirik, baxırıq. Prezident İlham Əliyev: Təbrik edirəm, sağ olun. Sakinlər: Çox sağ olun. Təşəkkür edirik. Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Sakin: Gələn ayaqlarınız var olsun. Sənə qurban olum. Allah atana rəhmət eləsin. Bəli, 30 il ayrılıqdan sonra bizi vətənimizə qovuşdurdun. Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Sakin: Sağ ol, dünya durduqca durasan. Allah Sizi, xalqımızı qorusun. Qara buludu üstümüzdən götürdün. Bu xalq rahat yaşasın. Qurban olum sənə, əziyyət çəkmisən, bu xalqın, bu millətin əziyyətini çəkmisən. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Allah şəhidlərimizə rəhmət eləsin. Prezident İlham Əliyev: Allah şəhidlərə rəhmət eləsin. Sakin: Allah qazilərimizə şəfa versin. Allah Səni Azərbaycan xalqının üstündən əskik eləməsin. Sən, bizi 32 illik həsrətdən qurtardın. Sakin: Cənab Prezident, Siz 24 saatın heç 4 saatını yatmırsınız. Bura mənim öz torpağımdır. Cənab Prezident, Siz hər dəfə çıxış edəndə kövrəlirəm. Siz dünyada yeganə dövlət başçısısınız ki, müşavirələrdə, iclaslarda üzündən oxumadan çıxış edirsiniz, dünyanı heyran qoyursunuz. Hər prezident bunu bacarmır. Prezident İlham Əliyev: Mən demişdim ki, sizi qaytaracağam, qaytardım. Sakin: Qaytardın, sənə qurban olum. Sağ ol, xalqımın adından, buraya təzə gələn 20 ailənin adından Sizə təşəkkür edirəm. Çox sağ olun. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Şəhidlərimizə Allah rəhmət eləsin. Prezident İlham Əliyev: Allah rəhmət eləsin. Sakin: Şəhid analarının qarşısında baş əyirəm. Qazilərimiz buradadır, biz onların hesabına Qələbə çalmışıq. Sakin: Biz Prezidentimizin, Ali Baş Komandanımızın hesabına qələbə çalmışıq. Ulu Öndərimizə Allah rəhmət eləsin. Sakin: Bizim arxamızda cənab Prezident var idi. Prezident İlham Əliyev: Allah ölənlərinizə rəhmət eləsin. Sakin: Çıxışlarınızda deyirsiniz, ata vəsiyyətini yerinə yetirdim. Sənə qurban olum, gözəl sözdür. Sakin: Cənab Prezident olmasaydı, biz o Qələbəni qazana bilməzdik. Prezident İlham Əliyev: Salam, qızım, salam. Sakin: Mən Sizə uzun ömür, cansağlığı arzulayıram. Mən birincisi şəhidlərə Allahdan rəhmət diləyirəm, şəhid analarının əllərindən öpürəm. Qazilərimizə Allah cansağlığı versin. Bu çöllərdə istidə, yağışda, qarda xidmət edən əsgər balalarımıza Allah ömür versin, qəfil dərddən, bəladan qorusun. Bu günümüzə şükür. Şükür ki, bu sevinci, bu gözəl günü Siz bizə yaşatdınız, mümkün olmayanı mümkün etdiniz. Şükür bu günümüzə. Prezident İlham Əliyev: Bundan sonra burada, öz doğma dədə-baba torpağınızda rahat yaşamalısınız, xoşbəxt yaşamalısınız. Sakin: Allah ölənlərimizə də rəhmət eləsin, atalarımıza, analarımıza, cavanlarımıza. Ruhları şad olsun. Bu günə şükür. Prezident İlham Əliyev: Xalqımızın tarixi həm şərəflidir, həm kədərlidir. Ancaq bizim tariximizdə keçmiş köçkünlər qədər əziyyət çəkən insanlar olmayıb. Həm mənəvi əzab, həm fiziki əziyyət, həm torpaqların itirilməsi, öz yaxınlarının məzarlarını ziyarət edə bilməməyiniz - bu dərdin misli-bərabəri yoxdur. Otuz il ərzində bizə deyirdilər ki, gözləyin, tələsməyin, müharibə aparmayın, bu münaqişənin hərbi həlli yoxdur. Ona görə belə deyirdilər ki, ermənilər burada əbədi yaşasın və biz bu torpaqları görməyək. Bizi razı salmaq istəyirdilər, inandırmağa çalışırdılar ki, məsələ müharibə yolu ilə həll olunmaz. Əsas məqsəd o idi ki, heç vaxt Azərbaycana imkan verməsinlər öz ərazi bütövlüyünü bərpa etsin. Ancaq biz nə etdik? Bax, bunun kimi minlərlə aslanın hesabına gəldik buraya və bu gün burada durmuşuq. Hərbçi sakin: Bizim cənab polkovnikimiz bu müharibədə çox əziyyət çəkdi. Sakinlər: Allah dəyməsin, Allah qorusun. Prezident İlham Əliyev: Bundan sonra da müharibə olmamalıdır. Biz öz müharibəmizi bitirmişik. O, ədalətli müharibə idi, azadlıq müharibəsi idi. Həm 44 gün, həm 1 gün. Onunla da məsələ bitdi. Əgər Ermənistanda kimsə yenidən baş qaldırsa, dəmir yumruğu görəcək. Sakin: Sağ ol, qadan alaram, sağ ol. Sənə qurban olaram. Cənab Prezident, Allah Sizi qorusun. Çox sağ olun, təşəkkür edirəm. Prezident İlham Əliyev: Özü də bilirsiniz ki, bu işğal dövründə bəzi torpaqları guya bizə qaytaracaqdılar. Amma Laçından, ümumiyyətlə, söhbət aparmırdılar. Sakin: Mümkün deyildi. Bir dənə güllə atılmadan Laçını aldın. Sənə qurban olum, Sənin başına dönüm. Sakin: Laçın, Kəlbəcər, Ağdam bir güllə atılmadan alındı. Prezident İlham Əliyev: Çünki biz haqq yolundayıq, ona görə Allah da həmişə bizə yardımçı olur. Sakin: Bəli, haqq yolundayıq. Allah Sizin kölgənizi bu xalqın üzərindən əskik etməsin. Allah Sizi var eləsin. Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi. Siz də xoş gəlmisiniz. Sakin: Çox sağ olun, cənab Prezident, bu günü bizə yaşatdınız. 31 ildən sonra mən yaşda insanı vətəninə qaytardığınıza görə, Sizə çox təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Sakin: Allah qazilərimizə cansağlığı versin, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm, var olun, sağ olun. Prezident İlham Əliyev: Sağ olun. Amin. Sakin: Siz yeganə prezidentsiniz ki, torpaqlarımızı bizə qaytarmısınız, təkcə Laçını yox. Çox sağ olun. Allah Sizi var eləsin. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Çox sağ olun, Allah Sizdən çox-çox razı olsun. Dövlətimizin üstündən əskik olmayın. Allah o dəmir yumruğu var eləsin. Prezident İlham Əliyev: Sağ olun, 13 il əvvəl Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində laçınlılarla öz doğum günümdə görüşmüşəm. Onlara söz vermişdim ki, biz hamımız qayıdacağıq və o gün də gəldi. Sakin: Bəli, Siz Allahın, ordumuzun köməyi ilə bunu etdiniz. Prezident İlham Əliyev: İndi Laçın şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. İndi Zabuxda, Susda, Güləbirddə iş gedir. O biri kəndlərdə də iş gedir. Hava limanı inşa edilir, gələn il hazır olacaq. Sakin: İnşallah. Prezident İlham Əliyev: Şuşa-Laçın yolu da qısalacaq. Sakin: İnşallah, gör hara ilə Siz yol çəkirsiniz, dağları yarırsınız, aeroporta yol çəkirsiniz. Sakin: Mən neçə illərdi arzulamışam ki, bu yaşımda gedim ad günümü Laçında, Sus kəndimdə keçirim. İyulun 1-i mənim ad günümdü. Prezident İlham Əliyev: Təbrik edirəm. Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun. Sakin: Cənab Prezident, bu görüşümüz həqiqətən də çox gözəl günə təsadüf edir. Bu gün bizim möhtərəm Ulu Öndərimizin 101 illiyidir. Mən özüm 271 saylı məktəbdə işləyirəm. Ulu Öndərimiz bizim məktəbimizə gəlmişdi. Mən o məktəbdən gəlmişəm buraya. Arzu edirəm ki, Sus sakini olaraq sentyabrın 15-dən mən də bu məktəbdə işləyim. Prezident İlham Əliyev: Bəli, əlbəttə. Sakin: Gənclərimiz də burada qalsınlar. Öz yurdumuzda qurub-yaradaq. Sus sakinləri adından Sizə çox təşəkkür edirik. Prezident İlham Əliyev: Sus kəndində, Zabuxda məktəblər var. Laçın şəhərində 2 nömrəli məktəb tikilib, 1 nömrəli məktəb də inşa ediləcək. Sakin: Çox sağ olun, Allah Sizdən razı olsun. Sizi verən Allaha şükür. Allah Sizi əskik eləməsin. Prezident İlham Əliyev: Sağ olun. Sizə cansağlığı arzu edirəm, burada xoşbəxt yaşayın. Sakin: Eşq olsun Ali Baş Komandanımıza! Sakin: Allah razı olsun, ailəmin adından və öz adımdan Sizə təşəkkür edirəm. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Allah kölgənizi əskik etməsin bu xalqın üstündən, cənab Prezident. Prezident İlham Əliyev: Sağ olun. Sakin: Cənab Ali Baş Komandan, Allah Sizi qorusun. Prezident İlham Əliyev: Çox sağ olun, salamat qalın. Xoşbəxt yaşayın burada. Geri dön |