Ana Sayfa > Karusel / Region > “Paşinyan noyabrda Bakıya dəvət oluna bilər” –Deputat Fəzail Ağamalı

“Paşinyan noyabrda Bakıya dəvət oluna bilər” –Deputat Fəzail Ağamalı


10-05-2024, 20:22. Yazar: Admin

Azərbaycan bu il noyabrın 11-dən 22-nə kimi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək. Rəsmi məlumatlara görə, ölkəyə 11 gün davam edən bu tədbirə qatılmaq üçün 50-70 min civarında qonağın gəlməsi planlaşdırılır.

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında bildirib ki, COP29 qarşıdurma arenası olmayacaq: “Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.

Bir çox ekspertlər hesab edir ki, Ermənistan və Azərbaycan arasında noyabra qədər sülh imzalanarsa, COP29 konfransına Ermənistan baş naziri Nikol Paşinyan da dəvət ala bilər.

Hələlik, Ermənistan baş nazirinin tədbirə dəvət edilib-edilməyəcəyini rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Milli Məclisin deputatı Fəzail Ağamalı Turana bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasına doğru müəyyən addımlar atılır: “Paşinyan artıq Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının qaçılmaz olduğunu dərk edib. Hətta o, bununla bağlı son vaxtlar bəyanatlarla çıxış edir”.

Deputatın fikrincə, iki ölkə arasında proses gedir və bu noyabra qədər ya çərçivə sazişi, ya da sülh müqaviləsi ilə nəticələnə bilər: “Belə olarsa, hüquqi və beynəlxalq əsaslar yaranacaq, Nikol Paşinyan COP29 tədbirinə dəvət oluna bilər. Əgər sülh sazişi bağlanmasa da belə, proseslər müsbət gedərsə, Paşinyanı Bakıya dəvət etmək olar. Nəzərə almaq lazımdır ki, o, 44 günlük Vətən müharibəsindən və ötən ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı ciddi fikirlər söyləməyib”.

F.Ağamalının habelə vurğulamasına görə, Paşinyan COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsinə etiraz etməyib: “Ona görə də Nikol Paşinyanı bu tədbirdən kənarlaşdırmaq doğru deyil. Paşinyanı COP29-a dəvətdən sonra iki ölkə arasında münasibətlər yaxşılaşa bilər, eyni zamanda, bu dəvət dünyada yaxşı qarşılana bilər. Yenə biz sülhpərvər bir dövlət kimi xoş niyyətimizi həm dünyaya, həm Paşinyana göstərmiş olarıq”.


Geri dön