Ana Sayfa > Karusel / Siyasət > Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider

Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider


2-05-2024, 13:00. Yazar: Admin

Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider

 

Bu gün Azərbaycanın ən yaxşı ali təhsil ocaqlarından olan ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayevin doğum günüdür.

Hafiz Paşayev ölkənin ən məşhur rektorlarından biridir. O, təkcə alim, və pedaqoq deyil, həm də diplomat kimi tanınır.

Hafiz Paşayevi tanıyanlara görə, onu ən yaxşı səciyyələndirən sözlər bunlardı: Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider.
Qarabaginfo.az xəbər verir ki, Azərbaycanda elm və təhsilin inkişafında xüsusi xidmətlər göstərmiş rektorun 83 yaşı tamam olur.

Hafiz Paşayevin vizyonu, peşəkarlığı, alim şəxsiyyəti, milli ruhu, dəyərlərə bağlılığı, tükənməz enerjisi ölkəmizin təhsil sahəsinə yeni yanaşma gətirib.
Təhsilin inkişafına, elmin stimullaşmasına çalışan alim dünya səviyyəli universitet qurmaqla nüfuz qazanıb.

Diplomatiya sahəsində də ön sıralarda xidmət edən səfir Paşayev yüksək hazırlığa malik, təcrübəli diplomatlar yetişdirib. Təəccüblü deyil ki, o, Xarici İşlər Nazirliyi sistemində diplomatik xidmətin ağsaqqalı olaraq qəbul edilir.

Hafiz Paşayev Azərbaycan ictimai-ədəbi fikir tarixində, təhsil, elm, mədəniyyət və siyasət sahəsində böyük xidmətlər göstərmiş soy-kökün nümayəndəsidir. O, böyük Mir Cəlal ocağını şərəflə təmsil edir.

İnsanlara qarşı səmimiliyi, açıqsözlülüyü, qayğıkeşliliyi, elm cameəsində çalışanlara, müəllim və tələbələrə, jurnalistlərə qarşı nəcib münasibəti onu ləyaqətli şəxsiyyət kimi tanıdıb. İnsanlar da ona böyük etimad bəsləyir.

Hafiz Mir Cəlal oğlu Paşayev 2 may 1941-ci ildə Bakı şəhərində anadan olub.

1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb.

1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

1993-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Hafiz Paşayev Prezident İlham Əliyevin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının (ADA Universiteti) rektoru təyin edilib.

Hafiz Paşayev 2019-cu ilin oktyabrında öz ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək, xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunmasını istəyib. Onun istəyi yerinə yetirilib.

ADA Universiteti XİN-in nəzdində olduğundan H.Paşayev hazırda nazirliyin Kollegiyasının üzvü kimi fəaliyyətini davam etdirir.

O, 100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalənin müəllifidir.

H.Paşayev 2 may 2011-ci ildə Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

2 may 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə, 9 iyul 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 29 aprel 2021-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Geri dön