Ana Sayfa > Karusel / Gündəm > Şuşanın İcra Hakimiyyəti də Şuşaya köçürüləcək? - AÇIQLAMA
Şuşanın İcra Hakimiyyəti də Şuşaya köçürüləcək? - AÇIQLAMA29-04-2024, 12:32. Yazar: Admin |
Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır. Keçmiş məcburi köçkünlər Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində yerləşdiriləcək. Hazırda əhalinin köçürülməsi üzrə işlər davam etdirilir.
Qeyd edək ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə bu vəzifəyə Aydın Kərimov rəhbərlik edir.
Xüsusi nümayəndəlik institutu İkinci Qarabağ müharibəsindən sonra yaradılıb. Əsasnaməyə görə, nümayəndəlik müvafiq ərazinin müəyyən edilmiş hədəflərə uyğun olaraq inkişafını təmin etmək, perspektiv inkişafı ilə bağlı hədəflərə nail olunması məqsədilə dövlət orqanlarının (qurumlarının), onların yerli bölmələrinin fəaliyyətini əlaqələndirmək, müvafiq ərazidə mülkiyyətin mühafizəsini, dövlət əmlakından səmərəli istifadəni, habelə sahibkarlıq, şəhərsalma, tikinti və digər sahələrdə fəaliyyətin həyata keçirilməsini təşkil etmək, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək üçün nəzərdə tutulub.
Bununla yanaşı Şuşa rayonunda İcra Hakimiyyəti də mövcuddur. 2009-cu ildən İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
Şuşa şəhərinə, eləcə də digər azad olunan ərazilərə qayıdışdan sonra həmin rayon və şəhərlərin İcra Hakimiyyətlərinin köçürülməsi məsələsi də gündəmə gəlib.
Şuşa İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Qarabaqinfo.az-a Şuşadakı xüsusi nümayəndəliyinin fəaliyyətindən danışıb:
“Cənab Prezidentin təyin etdiyi bütün insanlara hörmətimiz var. Onun rəhbərliyi ilə torpaqlarımız azad olundu.
O bildirib ki, Şuşa Rayon İcra Hakimiyyəti əhalinin siyahıyalıması ilə məşğuldur: "May-iyun ayında köç olacaq. Köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin nəzarətindədir. Biz əhalinin siyahıya alınması ilə məşğuluq. Böyük ümidlə qayıdış gününü gözləyirik. Ora dönmək istəyirik. Şuşa İcra Hakimiyyəti bütün tapşırıqları canla-başla həyata keçirir, keçirməyə hazırdır”.
Vüsalə Fətəliyeva İcra Hakimiyyətinin də Şuşa şəhərinə köçürülüb-köçürülməyəcəyi ilə bağlı suala konkret cavab verməyib.
Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilən deputat Elman Məmmədov Modern.az-a açıqlamasında şuşalıların qayıdışı çoxdan gözlədiyini vurğulayıb:
Deputat Şuşa, Xocalı və Xankəndi İcra Hakimiyyətlərinin nə vaxt köçürüləcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, bu sahədə islahatlar gözlənilir.
“Hamıya məlumdur ki, cənab Prezidentimiz Xankəndi , Xocalı, Ağdərə, Şuşa və digər bölgələrə səlahiyyətli xüsusi nümayəndələr təyin edib. Digər qurumların ora köçməsi məsələsi gələcəyin işidir. Dəqiq vaxt demək doğru olmaz. Bu sahədə islahatlar gözlənilir".
Qeyd edək ki, ötən il Bayram Səfərov Şuşa şəhər İcra Hakimiyyətinin gələcək fəaliyyəti ilə bağlı suallara münasibət bildirib: “Bildiyiniz kimi, Şuşa sakinləri Azərbaycanın 58 rayonunda məskunlaşıblar. Hazırda da icra hakimiyyəti olaraq onların məsələləri ilə məşğuluq. Əzəldən necə işləmişiksə, yenə də davam edirik. Əhalimiz Şuşaya qayıdanda Prezident necə göstəriş verəcəksə, o da icra olunacaq. Azərbaycanın bütün icra strukturları da əsgər kimi vəzifələrini icra edəcəklər”. Geri dön |