Ana Sayfa > Karusel / Dünya > Makron bəyanatlarında səmimi deyil - Fransa Ukraynaya Baltikyanı ölkələrdən də az hərbi dəstək verib - TƏHLİL

Makron bəyanatlarında səmimi deyil - Fransa Ukraynaya Baltikyanı ölkələrdən də az hərbi dəstək verib - TƏHLİL


22-04-2024, 16:48. Yazar: Admin

Makron bəyanatlarında səmimi deyil - Fransa Ukraynaya Baltikyanı ölkələrdən də az hərbi dəstək verib - TƏHLİL

Fransa Rusiya ilə müharibədə Ukraynanın Avropada əsas dəstəkçisi rolunda çıxış etməyə çalışır. Hətta Fransa Prezidenti Emmanuel Makron daha da irəli gedərək Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü barədə bir müddət əvvəl qalmaqallı açıqlama ilə çıxış etdi.

Amma bundan əvvəl də fərqli mövzularda iddialı açıqlamalar verən Emmanuel Makronun səmimiyyəti ciddi sual doğurur. Hazırda Ukrayna üçün hərbi imkanlarını limitsiz artırmağa hazır olduğunu, Rusiyanın Ukraynada mütləq məğlub edilməli olduğunu deyən Fransa lideri Rusiya-Ukrayna müharibəsinin ilk aylarında tamam başqa sözlər deyirdi.

Həmin vaxt Makron Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlarında Rusiyanın simasını qorumalı olduğunu, bunun üçün Ukraynanın öz suverenliyinin bir hissəsindən imtina edərək Rusiyaya güzəştə getməyin zəruriliyini təklif etmişdi.

Göründüyü kimi, ötən 2 ildə Makronla baş verən metamorfozlar onun Ukrayna məsələsi ilə bağlı kompromissiz mövqe tutmasına səbəb olub. Amma doğurdanmı, mövqeyini tez-tez dəyişən Makron Ukraynanın Rusiya üzərində qələbəsində maraqlıdır?

Faktlara nəzər saldıqda, bunun belə olmadığını görürük. Fransa Qərb müttəfiqləri arasında Ukraynaya hərbi yardımın ayrılması həcminə və nisbətinə görə ABŞ, Böyük Britaniya, hətta Baltikyanı ölkələr, Polşa və digərlərindən xeyli geridə qalır. Fransa Ümumi Daxili Məhsulunun cəmi 0,06%-ni Ukraynanın hərbi ehtiyaclarına ayırır.

Amma Fransa Ukraynaya dəstək vermək yerinə, dünyanın fərqli yerlərində münaqişə zonaları, militarizasiya aparmağa çalışır. Bunun aşkar nümunəsi kimi Fransanın Ermənistana göstərdiyi hərbi yardımlardır.

Belə ki, Fransa Ermənistana 3 ədəd GM 200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satıb və “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb.

Burada vaxtı keçən, Ukrayna tərəfinin texniki göstəricilərinə görə imtina etdiyi “Bastion” zirehli maşınları yox, məhz GM 200 radar sisteminin satışı diqqət çəkir. Hava Hücumundan müdafiə sistemində ciddi çətinlikləri olan, öz hava məkanını qoruya bilməyən Ukrayna həmin HHM sistemlərə ciddi ehtiyac duyur. Amma Ukraynaya limitsiz hərbi dəstək verəcəyini bildirən Fransa həmin silahı Ermənistana satır, bununla regionda yersiz gərginlik və sülh danışıqları üçün qeyri-konstuktiv mühit yaradır, Ukraynanın hava məkanı isə müdafiəsiz qalır.

Əvəzində Ukraynaya istehsal tarixi 40 ili keçmiş yüzlərlə VAB zirehli piyada maşını və s. silahlar verir. Fransa Ukraynaya yalnız istehlak müddəti keçmiş, köhnəlmiş silah ehtiyatlarını göndərir, həmin silahları istifadə edən Ukrayna hərbçiləri ciddi problem yaşayır. Məsələn, Fransanın “Le Monde” nəşri yazır ki, “Sezar” özüyeriyən artilleriya qurğuları Ukraynada hərbi əməliyyatlar meydanında ciddi konstruksiya defektləri göstərib. Qurğular şaxta və yolsuzluq şəraitində ciddi keyfiyyət problemi yaşayır, onun idarə edilməsi və xidmət göstərilməsi çox mürəkkəbdir. Bu səbəbdən, “Sezar”lar tez-tez xarab olur və təmir prosesi çox çəkir.

Bununla bağlı xəbərlər isə Fransa hərbi sənayesinin mediadakı təsir mexanizmləri sayəsində bloklanır, gündəmə çevrilmir.

Fransa 2024-cü ildə Ukraynaya ayda 3 min 155 mm-lik artilleriya mərmisi tədarük edəcəyini də bildirib. Halbuki, bu göstərici həddindən artıq azdır və Ukrayna ordusunun ehtiyaclarını nəinki 1 ay, cəmi 12 saatlıq qarşılaya bilər.

Ukraynanın qələbəsini arzuladığını deyən Fransa nədənsə ona “Leclerc” tankları, “Mirage”, hələ 2021-ci ildə satmaq istədiyi “Rafale” təyyarələri tədarük etmir. Digər tərəfdən, Fransa Ukraynaya ayırdığı hərbi yardımı öz sənayesi üçün xərcləyir. Məsələn, bu il Kiyevə ayrılacaq 3 milyard dollarlıq hərbi yardım bütünlüklə yerli hərbi sənayeyə ayrılan silah sifarişindən ibarətdir.

Beləliklə, Fransa rəsmilərinin hay-küylü açıqlamalarına, Prezident Makronun söz oyunlarına baxmayaraq, yuxarıda sadalanan faktlarla birlikdə ortaya açılan mənzərə Fransanın Ukraynanın qələbəsində maraqlı olmadığı, hərbi dəstəyin yalnız Ukraynanın Rusiyanı zəiflədə biləcəyi həcmdə ayrıldığını göstərir. Ukraynaya prioritet vermək yerinə, Ermənistanın silahlandırılması, Afrikadakı fəaliyyət də bunu isbat edir. Digər tərəfdən, Makron Ukrayna məsələsindən sosial durumun pisləşməsi, daxili problem fonunda inamlı, qətiyyətli siyasətçi kimi görünmək istəyir.

Amma atılan addımlar Fransanın uzun illər hərbi sənayesini və geosiyasi ambisiyalarını qidalandıracaq eskalasiyalarda maraqlı olduğunu və qlobal təhlükəyə çevrildiyini göstərir.

 

APA Analytics


Geri dön