Ana Sayfa > Karusel / Siyasət > İranın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

İranın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb


20-04-2024, 16:15. Yazar: Admin

Aprelin 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər hazırkı dönəmdə iki dövlət arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət əsasında inkişafından məmnunluq ifadə ediblər. Hazırda siyasi, iqtisadi, ticarət və digər istiqamətlərdə münasibətlərin inkişafı üzrə əhəmiyyətli addımlar atıldığı vurğulanıb.

Nazir Ceyhun Bayramov, eyni zamanda, regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında əlaqələrin inkişafının, 3+3 kimi regional formatların səmərəli fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Səfir Seyid Abbas Musəvi diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkür edib. Səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini qeyd edib. Eyni zamanda, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Seyid Abbas Musəviyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Geri dön