Ana Sayfa > Karusel / Region > Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyan ETİRAF ETDİ

Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyan ETİRAF ETDİ


20-04-2024, 15:29. Yazar: Admin

Bu, Azərbaycan üçün nailiyyətdir - Paşinyan ETİRAF ETDİ

 

"Bir daha qeyd etmək istəyirəm ki, əlbəttə, bu qərar Azərbaycan üçün nailiyyətdir, lakin vurğulamaq istəyirəm ki, razılaşma Ermənistan üçün də mühüm əhəmiyyət daşıyır".

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşündə əldə olunmuş razılıq qərarına istinadən bildirib.


“Əslində Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıdığını artıq ikitərəfli imzalarla təsdiqlədi. Onlar təsdiq etdilər ki, demarkasiya prosesi zamanı yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı hüquqi əhəmiyyət kəsb edən de-yure sərhəd bərpa olunur”, - deyə Paşinyan qeyd edib.

"Bu təməl daşıdır və bu təməl daşının ətrafında tikinti və yaradılma prosesini həyata keçirə bilməliyik", - Baş nazir əlavə edib.

Paşinyan onu da deyib ki, işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılması barədə qərar Ermənistanın Baganis-Kirants-Voskepar bölgəsində sahib olduğu üstünlüyü əhəmiyyətli dərəcədə azaldacaq.
 

“Biz Taviş bölgəsi istiqamətində razılığa gəldik, lakin biz həm də sərhədin sonrakı demarkasiyası prosesi üçün əsas prinsipi qəbul etdik, bu da o deməkdir ki, biz danışıqlar masası arxasına əyləşə və bütün mübahisəli məsələləri həll edə bilərik. Artıq əldə olunmuş razılaşmalar var”, - deyə Ermənistanın baş naziri vurğulayıb.


Xatırladaq ki, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub.

Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.

Qərara alınıb ki, sərhəd xəttinin bu kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.


Geri dön