İran xüsusi təyinatlıları tərəfindən ələ keçirilən İsrailli milyarderə məxsus gəminin göyərtəsində Rusiya vətəndaşları var.
Qarabaginfo.az bildirir ki, bu barədə “Shot” telegram kanalı xəbər verir. Onlar Primorsk diyarından olan dənizçilərdir.
“BƏƏ-dən Hindistana Portuqaliya bayrağı altında üzən MSC ARIES kommersiya konteyner gəmisi dünən qaçırılıb. İran Hərbi Dəniz Qüvvələrinə məxsus Mi-17 helikopteri Hörmüz boğazına enib. Həmin vaxt tankerdə 25 ekipaj üzvü olub. Bunlar Rusiya, Hindistan, Filippin, Pakistan və Estoniya vətəndaşlarıdır”, – resurs yazır.
Gəminin israilli milyarder Eyal Oferin Zodiac Group şirkətinə məxsus olduğu bildirilir.
“Ofer ailəsi İsrailin ən zəngin ailələrindən biridir, maqnatlar ölkədə müxtəlif ictimai təşkilatlara sponsorluq edirlər. Müsadirə edilən gəminin yükü ilə birlikdə dəyəri bir neçə milyard dollar qiymətləndirilir”, – Telegram kanalı qeyd edir.
Şənbə günü İran mediası İran İnqilab Keşikçiləri Qvardiyasının Fars körfəzində İsrailə aid yük gəmisini ələ keçirməsi barədə məlumat yayıb.