Ana Sayfa > Karusel / Müsahibə > “Paşinyanın əmisi bizim rayonun tanınmış həkimi idi” - Misir Mərdanovla MÜSAHİBƏ

“Paşinyanın əmisi bizim rayonun tanınmış həkimi idi” - Misir Mərdanovla MÜSAHİBƏ


5-04-2024, 09:38. Yazar: Admin

“Paşinyanın əmisi bizim rayonun tanınmış həkimi idi” - Misir Mərdanovla MÜSAHİBƏ

 

Sabiq təhsil naziri: “Biz uşağa qaşıqla verib, çömçəylə tələb edirik”

“Müəllimlərin və məktəb direktorlarının yalnız imtahan vasitəsi ilə işə qəbul olunmasının əleyhinəyəm”



Misir Mərdanov… Bu ad Azərbaycanın təhsil ictimaiyyətində ən çox müzakirə olunan ismlərdən biridir. O, 1998-ci ildən 2013-cü ilə qədər, təxminən 15 il təhsil naziri vəzifəsində çalışıb.  Hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur.

78 yaşlı riyaziyyatçı alim İcevan rayonunun Göyərçin kəndindəndir. Bu kənd sonralar qonşu Salah kəndinə köçürülüb. Sabiq nazir, indi Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədridir.


Modern.az saytı keçmiş təhsil naziri Misir Mərdanovla Qərbi Azərbaycan, təhsil, eləcə də digər mövzularda söhbətləşib.


Onunla müsahibəni təqdim edirik:
 

-  Misir müəllim, zaman-zaman sizə “yeraz”, “ermənistanlı” deyilirdi. İndi Qərbi azərbaycanlısınız...
 

- Fikrimcə, doğru nədirsə, onu demək lazımdır. Əslinə qalsa “ermənistanlı”, “yeraz” adlandırılanlar Azərbaycanın Qərbində yaşayan adamlar olublar. “Yeraz” sözünü bir nəfər şəxs ortaya atdı. Əslində bu, Qərbi azərbaycanlılarda qıcıq yaradırdı. Bir sözlə, hesab edirəm ki, “Qərbi azərbaycanlı” ifadəsi daha ədalətli və doğrudur.
 


- Yəni “yeraz” sözünün yığışdırılması sizi sevindirdi…

 

-  Bəli, çox sevindirdi. Şükür edirəm ki, bu ad onların hamısını birləşdirdi. Göyçəli, zəngəzurlu, dərələyəzli, qaraqoyunlu digərləri Qərbi Azərbaycan adı altında birləşdi. İcmanın tərkibində irəvanlı da, göyçəli də var, dərələyəzli də, qaraqoyunlu da. Mən bunu çox ədalətli hesab edirəm. İcma yarandıqdan sonra bu adamlarda böyük canlanma əmələ gəlib. Gündə bir neçə dəfə zəng edirlər ki, sənin orada vəzifən var, necə gələk, hara gələk? Sanki bu insanlara yeni ruh verilib. Qocasına da, cavanına da.

Qərbi Azərbaycan İcması yarandıqdan sonra cənab Perzidentin öz doğum günündə icmanın rəhbərliyi ilə görüşüb tarixi çıxış etməsi insanlarımızda çox böyük canlanma yaratdı. Qeyd edim ki, ötən bir il üç ay ərzində çox uğurlu işlər görülüb. Beynəlxalq aləmdə baş verən hər bir hadisəyə icma reaksiya verir. İcmanın bəyanatlarına Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası reaksiya verir. Artıq dünyada Qərbi Azərbaycan İcması tanınan ictimai təşkilatdır. Ermənilər bundan çox narahatdılar. Bu yaxınlarda Nikol Paşinyan ermənilərə deyib ki, “əgər, siz Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılmasına razı olmasanız, müharibə gözlənilir. Ola bilər ki, bu müharibədə Azərbaycan Ordusu İrəvana qədər gəlsin”.

Azərbyacan öz ərazi bütövlüyünü tam təmin etdi. İndi biz inanırıq ki, yaxın gələcəkdə müharibə ilə yox, dinc yolla öz dədə-baba yurdumuza qayıdacağıq.

 

- Siz illər öncə - Qərbi Azərbaycan deportasiyasından xeyli sonralar öz ata-babanızın tikdiyi evə getmişdiniz. Orada hansı hisslər keçirmişdiniz? Bu günün olacağı ağlınıza gəlmişdimi?

 

-  Mən 2000-ci ilin mayında Salah kəndinə, öz evimizə getmişəm. Hətta evimizdə yaşayan iki qoca erməni ilə oturub, bir yerdə çay da içmişəm. Bu günün olacağı heç ağlıma da gəlməzdi. Orada çox qəribə hisslər keçirmişdim. Həyətimizdə gəzdim, öz əlimlə əkdiyim meyvə ağaclarını gördüm. Bulağa, dədə-babalarımızın qəbiristanlığına getdim. Həyətimizdən bir torba torpaq, bulaqdan da su götürdüm. Oralar tamam dəyişmişdi. Kəndin bütün evlərində deyil, bəzi evlərində yaşlı adamlar yaşayırdı. Əminəm ki, indi üstündən iyirmi ildən çox vaxt keçəndən sonra bizim kənddə heç kim yaşamır. Cənab Prezidentin dediyi kimi, bizim tarixi yaşayış yerlərimiz niyə boş qalmalıdır? Əminəm ki, Prezidentin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində yaxın vaxtlarda biz müharibəsiz öz dədə-baba yurdumuza gedə biləcəyik. Beynəlxalq təşkilatlar da ədalətli qərar qəbul edib ermənilərə təsir göstərəcək ki, bizim əhali dədə-baba yurdlarına qayıtsın.
Mən uzun müddət nazir olaraq Ulu öndər Heydər Əliyevlə işləmişəm. Hər müşavirədə Heydər Əliyev çıxışına Qarabağ məsələsi ilə başlayırdı. 1999-cu ilin payızında Ulu öndərin yanında keçirilən müşavirədə iştirak edirdim. Çox az sayda adamın iştirak etdiyi tədbir idi. Qarabağla bağlı dedi ki, bu daş elə bir dərin quyuya düşüb ki, onu oradan çıxarmaq çətin olacaq, ancaq çox şükür Ulu öndərin layiqli davamçısı həmin daşı çıxarıb ora atanların başına çırpdı.

 


- Misir müəllim, İcmada Qərbi Azərbaycana qayıdışla bağlı hansi işlər görülür?

 

- İlk növbədə çox ciddi təşkilatlanma işi gedir. Hesab edirəm ki, bütün işlərin təməli təşkilatlanmadadır. İcmanın inzbati binasında hər gün tədbirlər keçirilir. Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, ənənələri xatırlanıb, ölkə və dünya ictimaiyyətinə təqdim olunur, orada yaşamış nüfuzlu insanlar haqqında silsilə tədbirlər keçirilir.

Biz bu işi təkcə Azərbaycanda deyil, bütün dünyada aparırıq. Hazırda mənim qohumlarımın 70 faizi Azərbaycanda, 30 faizi Türkiyədə yaşayır. XIX-XX əsrlərdə dəfələrlə köç olub. Türkiyədəki qohumlarımı tapıb görüşmüşəm. Əvvəllər bizim tərəfdən ora gedən adamlar Türkiyənin Amasya deyilən bölgəsində yerləşiblər. Mən ora da bir neçə dəfə getmişəm. Qərbi azərbaycanlıların Türkiyədə vəzifələrdə çalışan nümayəndələri çoxdur. Biz onlarla da işləyirik, onlar da dünyaya bəyan edirlər ki, Qərbi azərbaycanlıdırlar...

Mənə elə gəlir ki, bu gün Azərbaycan əhalisinin yarıya qədəri Qərbi Azərbaycan əsillidir. Məsələn, mənim 3 övladım var. Onların 2-si Qərbi Azərbaycanda doğulub, 1-i burada dünyaya gəlib, amma o da, nəvələrim də Qərbi Azərbaycan əsillidirlər. Bizim məqsədimiz budur ki, o adamları bir çətir altında yığaq. Onların hamısı desinlər ki, biz öz dədə- baba yurdumuza qayıtmaq istəyirik. Onda nə Ermənistan, nə beynəlxalq təşkilatlar bu qədər insanın qarşısında dayana biləcək.

 

- Qarabağ işğalda olarkən bütün dünya azərbaycanlıları qarabağlı oldu. Sizcə, indi hamı Qərbi azərbaycanlı ola biləcəkmi?

 


- Doğru vurğuladınız, 30 il hamı qarabağlı oldu. Düşünürəm ki, bundan sonra bütün Azərbaycan xalqı Qərbi azərbaycanlı olacaq, biz birlikdə dədə-baba torpaqlarımza qayıdacağıq. Ayrılsaq, uğur qazana bilmərik.

 

- Qərbi azərbaycanlılar hər zaman savadları ilə seçilirlər. Həkimlər, alimlərin böyük əksəriyyət Qərbi azərbaycanlılardır. Bu nədən qaynaqlanır, vaxtilə ermənilər tərəfindən sıxışdırılmaqdanmı, yoxsa bu bir SSRİ ideologiyasi idi?

 

- Məncə, birinci səbəb onların ermənilərin əhatəsində yaşaması ilə bağlıdır. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra əsas vəzifələrdə ermənilər olub, azərbaycanlılar həmişə sıxışdırılıb. Orada yaşamaq, uğur qazanmaq üçün çalışmaqdan, oxuyub-öyrənməkdən başqa çarə qalmayıb. Digər səbəbi onda görürəm ki, oradakı insanların əksəriyyəti dağlıq ərazilərdə yaşayıblar. Dağlıq ərazidə insanların dolanışığı üçün elə də yaxşı, münbit şərait olmur. Yalnız mal-qara saxlamalıdırlar, ona da çox zəhmət tələb olunur. İnsanlar ermənilərin əhatəsində yaşamaq, açıq və gizli mübarizə aparmaq, o mübarizədən müəyyən mənada qalib çıxmaq üçün onlardan üstün olmalı idilər.

Bizim rayonun Qalumyan soyadlı birinci katibi var idi. O, hazırkı baş nazir Nikol Paşinyanla bir kəndəndir. Paşinyanın əmisi bizim rayonun tanınmış həkimi idi. O, kəndin əhalisinin sağlamlığı ilə bağlı tədbirlərdə iştirak edib. Bir rayon idi, hamı onun yanına gedirdi. Səhv etmirəmsə, bu gün Qalumyanın ya oğlu, ya da qardaşı oğlu mənim doğulduğum bölgənin rəhbəridir.

Atam danışırdı ki, o vaxt Qalumyan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərüfatı üzrə katibi idi. İrəvandan İcevana müşavirə keçirməyə gəlibmiş. Müşavirədən sonra yemək yeməyə gedəndə deyib ki, “mən çörəyi Cumayılın evində kəsəcəm”. Bilmirdik bu biclikdir, yoxsa Azərbaycan sevgisi...

Öz rayonumuzda və qonşu rayonlarda elə ciddi hadisələr olmuşdu ki, hamı gəlirdi atamın yanına ki, “sənin sözün İrəvanda keçir, bu məsələni həll et”. Atam bir də onu deyirdi ki, hər il aprel ayının 24-nə bir-iki gün qalmış rayondan ona zəng edirdilər ki, kənddə camaatın rayon mərkəzinə gəlməsinin qarşısını alsın. Atam ermənicə bilirdi. Danışıdı ki, bir dəfə ona bir kitab göstəriblər. Kitabı oxuyub və dəhşətə gəlib. Elə şeylər yazıblar ki, kitabı oxuyan adam türkə nifrət etməliymiş. Onlar bizə “türk” deyirdilər. Mənə də dəfələrlə deyirdilər ki, “yaxşı oğlansan, təəssüf ki, türksən”.

Sual ola bilər ki, necə oldu biz oradan çıxdıq, niyə çıxdıq? Mənim atam 1918-ci ildə anadan olub. 1948-ci ildə olan bir hadisəni atam belə danışırdı ki, o vaxt bir nəfər Bakıdan, bir nəfər də İrəvandan, bir nəfər də rayon mərkəzindən gəlib. Rus dilində SSRİ Nazirlər Kabinetinin məlum qərarı oxunub. Bu qərara əsasən, yüz mindən çox Qərbi Azərbaycanlı Kürqırağı ərazilərə köçürülməli imiş.

Kənddə isə rus dilini bilmirmişlər. Kəndimizdə Paşa adlı şəxs olub, o Tiflisdə həbsdə olarkən rus dilini öyrənibmiş. Qərar oxunandan sonra həmin kişi deyib ki, qərarı tam oxumadınız. O qərarda yazılıb ki, köç könüllülük əsasında ola bilər, məcburi yox. Bundan sonra qərara alıblar ki, üç nəfər seçilsin, Azərbaycanda bir neçə rayona gedib baxsınlar, köçməklə bağlı qərar versinlər. Həmin şəxslər gəliblər nəzərdə tutulan rayonlara, Yevlaxa, Sabirabada və İmişliyə. Qayıdıb geriyə adamları yığıb, bu rayonlarda gördüklərin danışıblar. Heç kim köçmək istəməyib. Nəticədə o zaman bizim kənddən heç kim çıxmayıb.


Mənə elə gəlir ki, bu qərarda ermənilərin əsas məqsədi ilk növbədə İrəvan ətrafındakı azərbaycanlıları çıxarmaq olub. Onları zorla, yük vaqonlarına yığaraq çıxarıblar. Həmin dövrdə Azərbaycan rəhbərliyi orada yaşayan insanlara sahib çıxmayıb.

Bizim kənddə kimin ayağı yer tuturdusa, kim ali məktəbə qəbul olunurdusa, əsgərliyə gedəndən sonra Bakı, Sumqayıt və Gəncədə qalırdı. Bunlara heç kim fikir vermədi. Ermənilər susurdular, çünki bu onlara sərf edirdi.

Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi Yunis Rzayev çox tanınmış adam idi. SSRİ Ali Sovetinin deputatı, 10 ildən çox Basarkeçər və Krasnoselo rayonlarında Partiya Komitəsinə rəhbərlik etmişdi. Ermənilər onun hörmətindən, ad-sanından narahat idilər. Bu səbəbdən də onu vəzifəsindən kənarlaşdırmaq istəyirdilər.

O zaman ermənilərin dünyada tanınan akademiki Viktor Ambartsumyan onların ağsaqqalı hesab olunurdu. O da Basarkeçərdən olub. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Koçinyan Yunis Rzayevlə yaxın olub.

Ambartsumyan bir dəstə tanınan erməni ilə Koçinyanın yanına gedib ki, “Yunis Rzayevi vəzifəsindən çıxarmasan, səni buradan qovacağıq”. Beləliklə, Yunis Rzayevi vəzifəsindən kənarlaşdırırlar.

Ancaq Heydər Əliyev ona sahib çıxdı. Onu Şamaxı rayon Partiya Komitəsinin birinci katibi, sonra da Üzümçülük və Şərabçılıq Komitəsinin sədri təyin etdi.

Düşünürəm ki, Heydər Əliyevdən əvvəl Azərbaycana rəhbərlik edənlər də soydaşlarımıza sahib çıxsaydılar, belə tezliklə insanları Qərbi Azərbaycandakı yurd-yuvalarından qova bilməzdilər.
Sonuncu köçürülmə isə çox ədalətsiz və dövlət siyasəti olub. Məsələn, rayon Polis idarəsinin rəisi bizim kəndə gəlib və deyib ki, “bu gecə çıxmasanız, qan töküləcək”. Hesab edirəm ki, hadisələri doğru şəkildə cəmiyyətə çatdırmaq lazımdır ki, düzgün də nəticə çıxarılsın.
 

- 1988-ci ildə rəsmi Bakının Qərbi Azərvaycandakı soydaşlarımıza dəstəyi birmənalı deyildi. Böyük yük maşınlarını yollayırdılar ki, tez köçün gəlin. Əslində, bunun adı Ermənistana kömək idi...
 

- Sizə bir hadisəni danışım: kənddən camaatı zorla çıxarırdılar, insanlar yük maşınlarına doluşub qaçırdılar. Başqa yol yox idi. O zaman kəndin yük maşınının sürücülərindən biri Şahvələd Mirzəyev idi. Qoçaq oğlan idi. O, ailəsini götürüb idarə etdiyi yük maşını ilə Gəncəyə gəlir. Özü mənə danışırdı ki, Xanlar (indiki Göygöl – red.) rayonunun prokuroru ona deyib ki, “Ermənistanın maşınını gətirmisən, gətirməməli idin. İki gün vaxt verirəm, apar qaytar özlərinə”.
O zaman kəndimizin kolxoz sədri işləmiş Safaya Həsənova danışır ki, onları öncə Qazaxa gətiriblər. Qazax camaatı yaxşı qarşılayıb. O, Qazax rayon Partiya Komitəsinin katibi Murad Aşırova deyib ki, “bizim camaat Qarabağa getmək istəyir”. O da razılaşıb, ancaq deyib ki, rəhbərlikdən razılıq alınmalıdır. Əlqərəz, o, Nazirlər Kabinetini sədri Həsən Həsənovla danışır, razılıq alınır ki, camaat Qarabağa köçsün. Ancaq Gəncədə onların köçünü saxlayıb, deyiblər ki, “rəhbərlikdən yeni xəbər gəlib, Qarabağa gedə bilməzsiniz”. İnsaların çoxunda belə düşüncə var ki, bəlkə də o zaman Qərbi Azərbaycandan köçənlər Qarabağda yerləşdirilsəydilər, sonrakı hadisələr baş verməzdi.
 



- Yəni, Qərbi azərbaycanlıların oradan zaman-zaman köçürülməsi SSRİ-nin ideologiyası olub.

- Ciddi səhv, xəyanət ediblər. Mən nazir işləyəndə Borçalıdan, Gürcüstandan insanların köçü başlamışdı. Ulu öndər Heydər Əliyev sinəsini verdi qabağa, dağ kimi dayandı. Mənə deyirdi ki, “özün kitabları Azərbaycan məktəblərinə aparıb şəxsən verməlisən”. Sonra soruşdu ki, apardımmı? Çox çətinlik çəkirdik, gürcülər imkan vermirdi. Saatlarla gözləyirdik, yoxlayırdılar ki, kitabın içində nə yazılıb. Heydər Əliyev sinə gərdi, o gücün hesabına bu gün orada azərbaycanlılar yaşayır. Elə olub ki, gecə saat 1-də mənə zəng edib ki, Dərbənddə yaşayan azərbaycanlılara kitablar çatdırılmalıdır. Gərək, millətin sahibi olsun ki, millət də ona güvənib inkişaf etsin.
 

- Misir müəllim, bir az da təhsildən danışaq… Uzun illər təhsilə rəhbərlik etmisiniz. Millətin formalaşmasında təhsilin rolu nədən ibarətdir? Bizim təhsilimiz bu rolu oynaya bildimi? Hazırda durum necədir?
 

- Heç şübhəsiz millətin bu günündə və gələcəyində təhsilin rolu əvəzsizdir. Biz Şuşanı, Qarabağı 20-25 il bundan öncə anadan olanların sayəsində işğaldan azad etdik. Onlarda Vətən sevgisi yaradan Azərbaycan müəllimi, Azərbaycan təhsil və tərbiyə sistemi olub. Söhbət bu gündən gedirsə, əlbəttə, həmişə bu sahənin çox ciddi problemləri olub. Onları həll edən də olub, etməyə cəhd edən də. Bu gün də problemlər var, əminəm ki, sabah da olacaq.

Ulu öndər Heydər Əliyev hər zaman mənə deyirdi ki, Azərbaycanın özünəməxsus çox zəngin təhsil ənənələri var. Dünyanın da təhsil sistemini öyrənmək lazımdır. O, mənə dəfələrlə məsləhət verib ki, heç bir ölkənin təhsil sistemini hazır şəkildə Azərbaycanda qurmaq olmaz. Növbəti göstərişi bu olub ki, təhsil sahəsində inqilabı sıçrayışla irəli getmək mümkün deyil. Təhsil elə bir sahədir ki, o sahədə irəliyə təkamül yolu ilə getmək lazımdır. Onun bu sözləri həqiqətdir. Heç bir ölkənin kitabını gətirib ölkəmizdə tətbiq edə bilmərik. Çünki hər bir ölkənin öz mühiti, və ənənəsi var.
 


- Nazir olduğunuz dövrdə təhsilə beynəlxalq təşkilatların müdaxiləsi olubmu?

 

- Bu, həmişə olub, düşünürəm ki, bu gün də var. Nazir olduğum vaxt biz Dünya Bankı ilə işləyirdik. Bizə kredit ayrılmışdı, bu kreditin hesabına xarici ölkələrdən məsləhətçilər dəvət edirdik, bizim sistemlə tanış olurdular, biz də xarici ölkələrə gedib onların apardığı islahatların necə getdiyini öyrənirdik. Elə hal olub ki, mən Dünya Bankının məsləhətçilərini otağımdan qovmuşam. Demişəm ki, sizin məsləhətiniz bizə lazım deyil. Belə hallar həmişə olub. Ona da sinə gərmək lazımdır.
 

-  Yaşlı nəsil deyir ki, Azərbaycan təhsili Misir Mərdanovla getdi, bəzi gənclər isə Azərbaycan təhsilinin Misir Mərdanov tərəfindən məhv edildiyi iddiasındadır.
 

- Mən sizin bu fikrinizlə razı deyiləm. Çünki mənim günüm camaatın içində keçir. Əksəriyyət müsbət fikir söyləyir. Ola bilsin bir-iki nəfər belə düşünsün. Əlbəttə, Azərbaycan təhsilini mən yaratmamışam. Məncə, Azərbaycan təhsili məhv olmayıb, olmayacaq da. 1988-ci ildən 1991-ci ilə qədər Azərbaycan məhv olmaqda idi. Kolxozlar, sovxozlar, böyük zavodlar ləğv olundu. Təhsilə zərbə dəydi, məktəblər tikilmədi, təmir olunmadı, ancaq təhsil məhv olmadı. Çünki təhsili yaratmaq çətin olduğu kimi, onu məhv etmək də çətindir. Ola bilər ki, irəli getməsin, ancaq heç kəs onu məhv edə bilməz. Bəzi insanlarda belə fikri var ki, hazırda Elm və Təhsil Nazirliyindəkilər təhsillə bağlı adamlar deyillər. Mən isə düşünürəm ki, onlar öz bacarıqları daxilində Azərbaycan təhsil sistemini inkişaf etdirmək istəyirlər. Buna heç bir şübhəm yoxdur.
 


- Nazir olduğunuz dövrdə belə hal olubmu ki, hansısa ideyanı həyata keçirmək istəmisiniz, ancaq gücünüz çatmayıb?

- Çox olub. O qədər ideyalarımız olub ki, eksperiment şəklində qoymuşuq, bəlli olub ki, nəticələr uğur gətirəndir, ancaq imkan verməyiblər həyata keçirməyə.
 

- Bu maneələr xaricdən, yoxsa daxildən olub?
 

- Daha çox daxildən. Biz Dünya Bankının dəstəyi ilə bir layihə həyata keçirirdik: təhsildə adambaşına maliyyələşmə. Bu siyasətin əsas mahiyyəti ondan ibarət idi ki, biz hər məktəbə şagird sayına görə pul ayıraq. Uşağın sayı artanda maliyyə də artacaq. O pulu verək məktəbin rəhbərliyinə və Qəyyumlar Şurası yaradaq ki, o pulu idarə etsin. Bu məqsədlə biz 3 rayonda 3 il həmin layihəni həyata keçirdik. Hər il hökümətə hesabat verirdik. Bəlli oldu ki, layihə həmin rayonlarda həm təhsilin keyfiyyətin artmasına səbəb olur, həm də dövlət büdcəsinə qənaət edilir. Buna baxmayaraq 3 ildən sonra qərar verildi ki, bu layihəni dayandırın.

Dünyanın heç bir yerində uşaq bağçaları İcra hakimiyyətinə tabe deyil. Mənim dövrümdə qərar verildi ki, bağçalar verilsin İcra hakimiyyətinin tabeliyinə. Belə şeylər çox olub.
 

- Sizin nazir işlədiyiniz dövrdə TQDK (hazırda Dövlət İmtahan Mərkəzi – red.) ilə Təhsil Nazirliyi arasına münasibətlərin kəskin olduğu hiss edilirdi. Bunun təhsilin irəliləməsində hansı mənfi tərəfləri oldu?
 

- Bəli, mübahisəli hallar oldurdu. Fikirimcə ölkədə təhsil siyasətini Elm və Təhsil Nazirliyi aparmalıdır. Mənə elə gəlir ki, bu məsələ hələ də həll olunmamış qalır. Sanki qarşıya məqsəd qoyulub ki, məktəb ləğv olunsun, uşaq məktəbə getməsin. Əvvəllər bir sinifdə 15 uşaqdan 3-4-ü ali məktəbə qəbul olunurdu. Mənim oxuduğum vaxtda belə idi. Bu da cəmiyyətlə bağlıdır. İndi isə hər kəs ali məktəbə qəbul olmaq istəyir. Zəif bilənlər də əksər hallarda qabağa keçir. Mən vaxtilə universitetdə işləyərkən qəbul imtahanını universitet götürürdü. Heç kəs sübut edə bilməz ki, indiki vəziyyət ondakı vəziyyətdən yaxşıdır.
 

- Təklif edilir ki, test sisteminə dəyişiklik olunsun. Siz bu sistemə alternativi nədə görürsünüz?
 

- İmtahan götürməkdə məqsəd o deyil ki, uşağı kəsəsən, az bal toplasın. Biz son 30 ildə nə edirik, uşağa qaşıqla verib, çömçəylə tələb edirik. Uşağa nəyi vermisənsə, nəyi mənimsətmisənsə, onu ölçüb, o ölçüyə uyğun sual verməlisən. Biz isə tərsinə etmişik. Hesab edirəm ki, müəllimin nüfüzünu özünə qaytarmalıyıq. Valideyn heç vaxt məktəb və müəllim haqqında uşağın yanında mənfi fikir söyləməməlidir.
 

-  Misir müəllim, yeri gəlmişkən, müəllimlərin işə qəbulu, sertifikasiya və direktorların işə qəbulu üzrə imtahanlar keçirilir. Bunların qeyd etdiyiniz problemdə həlledici təsiri varmı?
 

- Hesab edirəm ki, yalnız imtahanla məktəb direktoru təyin etmək olmaz. Direktor həmin məktəbdən olmalıdır. Yoxsa, buradan get, başqa rayonda məktəb direktoru ol, mən bunu düzgün hesab etmirəm. Müəllimlərin də yanlız imtahan vasitəsi ilə işə qəbul olunmasını əleyhinəyəm. Müəllimin işinə, onun valideynlər arasındakı nüfuzuna, yetişdirdiyi şagirdlərin uğurları burada əsas rol oynamalıdır.
 


- Sertfikasiyadan sonra prosesdə bal toplaya biməyən müəllimlər işdən kənarlaşdırıldı. Onlar sizin zamanınızda işə götürülmüş müəllimləri idi və bu işdə sizi günahlandırırlar. Bu yanaşmanı qəbul edirsinizmi?

 

- Yaş məsələsinə diqqətlə yanaşmaq lazımdır. Qətiyyən ucdantutma hamını yaşa görə çıxartmağın tərəfdarı deyiləm. Bu yaşlar insanın müdriklik yaşıdır. Necə olur ki, 80 yaşında adam böyük universitetə rəhbərlik edir, müəllim ola bilmir?  Sertifikasiyanı keçə bilməyən müəllimlərin işdən çıxarılmasına da düzgün baxmıram. Elə yol seçmək lazımdır ki, həm müəllimin, həm təhsilin xeyrinə olsun. Onlara müəyyən qədər imkan vermək lazımdır ki, bir az təkmilləşsinlər. Əlbəttə, müvafiq biliyi və bacarığı olmayanı işdən çıxarmaq lazımdır. Elələri var ki, müəllimlikdən xəbəri yoxdur, ancaq müəllimdir.
 

- Amma deyirlər ki, o müəllimlər sizin vaxtınızda təyin olunub.
 

 -  Belə düşünənlər bilməlidilər ki, mən artıq 11 ildir nazir deyiləm. 
 

- Sizdən sonra üç nazir təyin olundu. Təcrübəniz kiməsə lazım oldu?
 

-  Üçü ilə də danışıb söhbət etmişəm. Ancaq dediyiniz barədə söhbət olmayıb.



- Bəzən yeni təyin olunan rəhbəri gələn kimi işçiləri çıxarır. Siz nazir olanda neçə nəfəri işdən çıxardınız?

 

- Qətiyyən, heç kəsi tərpətməmişəm. Mənim vaxtımda yalnız yaşı çox olan, pensiya yaşına çatan, ərizə verən adamlar işdən çıxıb. Şöbə müdiri, digər əməkdaşlar hamısı işlərinə davam ediblər. Bu gün də mənim onlarla əlaqəm var, görüşürük. Mən ucdantutma işdən çıxarmanın tərəfdarı deyiləm. Çünki hər bir şəxsi millət, dövlət yetişdirir. Sən ona de ki, “mənim adamım deyilsən”, belə şey olmaz.
 

- Siz riyaziyyatçısınız. Riyaziyyatçı və idarəetmə bir-birinə uyğun gəlirmi?
 

- Mənim həyatımın çoxu idarəetmədə keçib. Riyaziyyat dəqiq elmidir. Riyaziyyat idarəetmədə mənə kömək edib.
 

 - Misir müəllim, son olaraq, bu gün Qərbi azərbaycanlılar özlərinə kimi ağsaqqal hesab edirlər?
 

- Heç kim deyə bilməz ki, mən Qərbi azərbaycanların ağsaqqalıyam. Heydər Əliyev doğurdan da ağsaqqal idi.

Hesab edirəm ki, bu gün bütöv Azərbaycanın, o cümlədən Qərbi azərbaycanlıların ağsaqqalı Prezident İlham Əliyevdir!


Geri dön