Ana Sayfa > Karusel / Dünya > Avronest PA-da mübahisə - Ermənsitan etiraz etdi, Azərbaycanın təklifi keçdi
Avronest PA-da mübahisə - Ermənsitan etiraz etdi, Azərbaycanın təklifi keçdi20-03-2024, 12:03. Yazar: Admin |
Avronest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin növbəti iclas üçün təqdim etdiyi hesabat mövzusu ermənilərin etirazına səbəb olub. Qarabaginfo.az xəbər verir ki, iclasın həmsədri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan, Ukrayna, Gürcüstan nümayəndə heyətinin və Avropa Parlamentinin üzvü Juozas Olekasın təklifləri haqqında məlumat verib. Deputat Soltan Məmmədov Avronest PA-nın növbəti komitə iclasında təqdim olunacaq hesabat mövzusu üçün Azərbaycan nümayəndə heyətinin təklif etdiyi Şərq Tərəfdaşlığı ölkələrində mina təhlükəsinin yaratdığı sosial, iqtisadi və ekoloji problemlərlə bağlı məsələnin qlobal əhəmiyyətli aktual problemlərdən birini əks etdirdiyini diqqətə çatdırıb. O qeyd edib ki, dünyanın 70-dən çox ölkəsi mina problemindən əziyyət çəkir. Minanın bir ədədinin istehsalının dəyəri 3 dollardan 100 dollara qədərdir, bir minanın çıxarılması üçün tələb olunan xərc 300-1000 dollar arasında dəyişə bilər. “Bu insanların hərəkət sərbəstliyini məhdudlaşdırır, onların həyat və sağlamlığına ciddi təhlükə yaradır, eyni zamanda qorxu və stress altında qalmasına səbəb olur. Minalar həm də ətraf mühit üçün ciddi təhlükə mənbəyidir, ekoloji balansın pozulmasına, planetin yaşıllaşdırılmasına mane olur. Azərbaycan mina təhlükəsindən ən çox əziyyət çəkən ölkələrdən biridir. 2020-ci il noyabrın 10-dan 2024-cü il martın 15-dək olan dövrdə işğaldan azad edilmiş ərazilərdə 346 nəfər minadan zərər çəki, onlardan 65 nəfəri həlak olub”, - deyə S.Məmmədov bildirib. Ukrayna nümayəndə heyətinin Şərq tərəfdaşlığı ölkələrində məcburi köçkünlərin sosial adaptasiyası ilə bağlı təklifinin Azərbaycan tərəfinin təqdim etdiyi mövzu ilə birləşdirilməsi təklif olunub. Ermənistan nümayəndə heyətinin üzvləri mina təhlükəsi mövzusunun müzakirə çıxarılmasına etiraz edib. Deputat Maria Karapetyan Azərbaycanın bu mövzudan Ermənistana qarşı istifadə edəcəyindən ehtiyartlandığını bildirib. O, Ermənistanın mina xəritələrini təqdim etdiyini iddia edib. Azərbaycan nümayəndə heyətinin üzvü Nurlan Həsənov Ermənistan tərəfinin təqdim etdiyi mina xəritələrinin dəqiqlik səviyyəsinin kifayət qədər aşağı olduğunu diqqətə çatdırıb. Ermənistan nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin təklif etdiyi mövzu səs çoxluğu ilə qəbul olunub. Geri dön |