Ana Sayfa > Karusel / İqtisadiyyat > Azad olunan ərazilərə köçürülən 12 min şəxs peşə hazırlığına cəlb ediləcək

Azad olunan ərazilərə köçürülən 12 min şəxs peşə hazırlığına cəlb ediləcək


7-03-2024, 15:59. Yazar: Admin

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində “Əhalinin peşə hazırlığının təşkili” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Elşad İskəndərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, digər dövlət qurumlarının və özəl tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.

M.Abbasbəyli bu kimi tədbirlərin işğaldan azad olunan bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatında mühüm dəstək olduğunu vurğulayıb. Qeyd edilib ki, ilk mərhələdə müvafiq işçi qrupu işğaldan azad olunan ərazilərimizə qayıdışı planlaşdırılan 311 min şəxsin təhlilini (demoqrafik, məşğulluq və sosial göstəricilər) həyata keçirib. Qayıdış prosesində 256 işəgötürənlə görüş keçirilib, işçi qüvvəsinə olan tələbat öyrənilib, köçürülən sakinlərdən artıq 1495 şəxsin məşğulluğu təmin edilib, 979 nəfərin isə məşğulluğunun təmin olunması istiqamətində işlər davam etdirilir. Özəl sektorla əməkdaşlıq nəticəsində bu işlərin əhatəsi getdikcə genişlənir.

Həmçinin əsas prioritetlərdən biri həmin ərazilərdə ehtiyac olan peşələrə dair tələbləri öyrənmək və gələcəkdə bu peşələr üzrə kurslar təşkil etməkdir. Bu sahədə özəl sektorla əməkdaşlığa xüsusi önəm verilir.

Tədbir iştirakçılarına işğaldan azad olunan ərazilərə köçürülən sakinlərin yeni peşələrə yiyələnməsi üçün Agentliyin həyata keçirdiyi və təşkili planlaşdırılan peşə kursları barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə həmin ərazilərdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub. Ötən il Bərdədə açılışı olan Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi bu sahədə mühüm rola malikdir.

Tədbirdə özəl tədris müəssisələrinin işğaldan azad edilmiş ərazilər üzrə peşə hazırlığının təşkili prosesinə cəlb edilməsi, onların bu sahədə səmərəli fəaliyyətinin təşkili məsələləri, habelə iştirakçılar tərəfindən irəli sürülən təkliflər müzakirə olunub(azərtac).


Geri dön