Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşünün ikinci raundu keçirilir. Görüşdə irəliləyiş əldə olunduğuna dair hər hansı məlumat yoxdur. Buna baxmayaraq, davamlı görüşlər iki ölkə arasında ortamı yumşaltmaq məqsədi daşıyır.
Qarabaqinfo.az-ın məlumatına görə, siysai ekspert Elxan Şahinoğlunun qənaətinə görə, rəsmi Paris işi yenə poza bilər.
“Münxen görüşündən sonra da belə olmuşdu, liderlər Almaniyanın şəhərində görüşüb fikir mübadiləsi aparmaqla ortamı yumşaltmışdılar. Ancaq bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Parisə çağırılması və onun oradan Azərbaycan əleyhinə verdiyi açıqlamalar gərginliyi yenidən artırmışdı. Paris bu dəfə də eynisini edə bilər. Digər tərəfdən, Paris Berlinin vasitəçilik təşəbbüslərinə qısqanclıqla yanaşır. Paris yanlış siyasətinə görə kənarda qalıb. Anti-Azərbaycan siyasətinə görə Paris Bakı ilə İrəvan arasında vasitəçi statusunu itirib. Bu rola hazırda Berlin iddialıdır və hələ ki pis alınmır”.
E.Şahinoğlu deyib ki, bəzi erməni mənbələrinə görə, baş nazir Nikol Paşinyan Azərbaycanın tələb etdiyi 8 kənddən 4-nü geri qaytarmağa hazırdır, ancaq bunun qarşılığında Azərbaycan ordusunun sərhəddəki strateji yüksəklikləri tərk etməsini istəyib.
“Bu mümkün deyil. Həmin strateji yüksəkliklər ordumuz üçün strateji əhəmiyyət daşıyır. Həmin yüksəkliklərdən Ermənistanın yolları, şəhərləri və hava limanlarının bir qismi nəzarətimiz altındadır. Bu o deməkdir ki, həmin yüksəkliklər bizə qarşı mümkün təhdidlərin qarşısını alır. Nikol Paşinyan böyük ehtimalla 4 kəndlə bağlı araşdırma aparıb və onun üçün hazırlanan hesabatla tanışdır. Həmin kəndlər boşdur və Ermənistan üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycanın digər ərazilərinə bitişik 4 kəndin geri qaytarılması Ermənistanın özü üçün faydalıdır ki, danışıqlarda müsbət atmosfer formalaşacaq. Buna baxmayaraq, Paşinyan həmin 4 kənddən alver predmeti kimi istifadə etmək istəyərək qarşılığında nəsə qazanmağa çalışır. Ancaq onun düşündüyü “qazanc” strateji yüksəkliklərə bəbarər deyil”, - E.Şahinoğlu vurğulayıb.