Ana Sayfa > Karusel / Cəmiyyət > Şou biznes kəpənəkləri- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR
Şou biznes kəpənəkləri- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR13-12-2017, 11:27. Yazar: Admin |
Və yaxud “Altun kələbək” bizim “altun xırdalayan” kəpənəkləri necə üzə çıxartdı? Yəqin oxuyanlar bilir, kəpənəklər “proboscis” deyilən maraqlı bir orqana malikdirlər. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları sormaq və ya su içməkdə kəpənəklərin dadına çatan uzun dildir. Kəpənəklər bu uzun dili lazım olanda çıxarır, olmayanda türkün məsəli içəri qoyurlar. Dil deyirəm ey sizə. Kəpənəyin öz boyundan üç dəfə uzun olur. Türkiyədə keçirilən “Altun kələbək” də bizim şou-biznes kəpənəklərinin dilinin nə qədər uzun olduğunu göstərdi. Həm acı, həm vulqar, həm də cilalanmamış, bayağı… Deməli, bu il Azərbaycanı “Altun kələbək” yarışmasında Röya və Nigar Camal təmsil edib. Qalib Röya olub. Yəni, türk arkadaşlarımız Evrovizion birincisini yox, Azərbaycanın birincisini “Azərbaycanın ən parlaq ulduzu” seçiblər. Deyirəm yaxşı ki, “Türkiyənin parlaq ulduzu” seçməyiblər, yoxsa kələbəklərimizin proboscisinin qabağında durmaq olmazdı. Hamımızı TOZa qərq edər, tozlanmaya məruz qoyardılar. Röyanın təkəbbür dolu atmacası gecədə yaşananları bütün çılpaqlığı ilə ortaya qoyur. Məlum olur ki, bizim iki iddialı xanım ödül gecəsində “iki düşmən”obrazı yaradıblar. Hətta o qədər ki, onlara heç “mehriban düşmən” də demək olmaz. Mükafat gecəsində stilist Anar Atakişiyev ancaq Nigar Camalı bəzəməklə məşğul olub, Röya isə makiyajını belə özü edib. Röya mükafat alanda Nigar Camal ölkəsi adına sevinmək əvəzinə, qəzəbindən bağırıb, onu təbrik etməyib, yalnız həmin günün axşamı, ya ertəsi gün İnstaqramda təbrik edib. Mümkündür. İnsanlıq varsa, paxıllıq, qısqanclıq, qeyri-səmimilik kimi hisslər də var. Bu hissləri gizlədə bilməyi kimi bacarır, kimi bacarmır. Görünür Nigar Camal bacarmayıb. Eynən Röya danışmağı bacarmayan kimi. Sitat.”Gözəlim, niyə yoxsan? Haradasan? Niyə salam və ya Allahın təbrikini yanımda ola-ola yox, İnstaqramda yazırsan? İradə xala (red:İradə İbrahimova) kimi sənə də sonra çatdı? Bir sözlə, qızlar, bilet alım, siz də minin, uçun evinizə. İndi burada bala kamaz ana kamaza yol göstərir?”. Nigar Camal Avropada çox yaşayıb deyə Röyanın mesajına soyuqqanlı yanaşıb. İradə İbrahimova isə Röyaya xatırladıb ki, ondan cəmi iki yaş böyükdür. Ümumiyyətlə, sənətdə və səhnədə olanlar deyəsən özlərinin həmişə gənc qalacaqlarını düşünürlər. Yadımdadır, bir neçə il qabaq Faiq Ağayev Brilyant Dadaşovanın yaşını açıqlayıb müğənniyə necə stress yaşatmışdı. Sonra Natavan Həbibi ilə Aygün Kazımova qoca-cavan söhbəti ilə gündəmə gəldi. İndi də Röya İradənin iradəsini sındırmaq istəyir ona xala deməklə. Amma əslində özünün xala təfəkkürünü, ”Kamaz” şoferi səviyyəsini (əminəm ki, “Kamaz” sürücüləri bunu özlərinə təhqir saymazlar) ortaya qoyur. Hərçənd yaxşı sənət, yüksək performans ortaya qoyan müğənni həm də yaxşı nitq, yüksək qabiliyyət, davranış da ortaya qoymalıdır. Uzağa getməyək, elə Türkiyə sənətçiləri arasında biz bunu hər gün görürük. Onların necə mütaliəli olduqları ağızlarını açan kimi bilinir. Bizimkilər gül ağızlarını açanda isə kəpənəklərdəki kimi yarım metr proboscis uzanır və başlayır o sözün birinci hərfini ifraz etməyə. Nə isə… Bu mövzuda yazmağı kimsə mənə irad tuta bilər. Açığı, özüm də əvvəlcə tərrəddüd etdim. Sonra baxdım ki, bunlar beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən adamlardır. Hər gün ekranlardan evimizə dürtülürlər, onların oxuduqları uşaqlarımızın dilinin əzbəridir, danışdıqlarına da eyni maraqla qulaq asırlar. Deməli, onlar ən azından məsuliyyətlərini dərk etməlidirlər. “Altun kələbək”ə çıxırlarsa , danışanda da ən azı altun xırdalamalıdırlar. Bizdə buna “qızıl xırdalamaq” deyirlər. Təəssüf ki, altun kələbəklərimiz qızılı ancaq bazar-dükanda xırdalayırlar. Qızıl onların zahirini bəzəyir, daxilini yox. O gün olsun səsiniz kimi səviyyənizi də sevək, altun kələbəklər. Bunun cəmi bircə yolu var. Əlinizə on dəfə mikrafon alanda, bir dəfə də kitab alın. Onda “proboscis”inizin , yəni dilinizin uzun olmasına sevinəcəyik. İndiki məqamda sizi eşitməyim deyə şəxsən mən qulaqlarımı bağlayıram. Ləman Ələşrəfqızı Əməkdar jurnalist Geri dön |