Ana Sayfa > Karusel / Yazar > Xocalıda qurulacaq ƏDALƏT divanı

Xocalıda qurulacaq ƏDALƏT divanı


26-02-2024, 17:00. Yazar: Admin

Gözümüz gülür, ürəyimiz fərəhlə dolur Xocalı üzərində dalğalanan Azərbaycan bayrağına baxdıqca... Xocalıda millət olaraq bizim namusumuza təcavüz edilmişdi, o dəhşətlərin ən sərrast cavabı erməni cəlladlarının “ivanyan” adlandırmağa çalışdıqları müqəddəs yurdumuzu azad edib, Xocalı şəhidlərinin ruhunu azadlığa qovuşdurmaq idi, ona nail olduq, şükürlər olsun!

Bir müddət sonra yenidən qurulan, bərpa olunan Xocalıya bu torpağın haqq edən sakinləri qayıdacaq, ocaqlar çatılacaq, çıraqlar yandırılacaq, torpaq əkiləcək.

KOCA.jpg (72 KB)

Amma torpaq hər dəfə əkildikcə yeni-yeni dərdlərimizin, itkinlərimizin sorağı gələcək. Necə ki, bu günlərdə kütləvi məzarlıqlar aşkarlanır bir-birinin ardınca. Əvvəlcə Əsgəran qalasının yaxınlığındakı qazıntılar zamanı itkin düşənlərimizin bir neçəsinin qalıqları aşkarlandı... Daha sonra Xocalıda, çox güman ki, infrastruktur layihələri həyata keçirilərkən erməni cəlladlarının məhv etdiyi günahsız sakinlərin daha bir neçəsinin qalıqlarının “biz burdayıq” fəryadını “eşitdik”.

QALİQ.jpg (506 KB)

Bu ərazilərdə törədilən soyqırımın nişanələri hələ çox illər gün işığına çıxacaq. Qarabağdakı xunta rejimi və onların havadarları həm də buna görə Xocalıdan əl götürmək istəmirdilər, axı hər addımda erməni vəhşiliyinə aid dəhşətli faktlar üzə çıxacaqdı. Amma onlar deyən və istəyən olmadı. Birinci Qarabağ müharibəsinin gedişində itkin düşən 4 minədək azərbaycanlı ilə bağlı məlumatları bu günədək açıqlamır Ermənistan. Heç bu ölkəyə ağalıq, bacılıq edənlər də ermənilərə təpinmir ki, “adamları öldürmüsüz, heç olmasa basdırılan yerləri nişan verin, yaxınlarının gözləri yollardan yığışsın, ziyarət üçün qəbir yerləri olsun”. Etmirlər, demirlər!

Rəqəmlərə baxın: Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum etdi. 63 uşaq, 106 qadın və 70 qoca daxil olmaqla, 613 azərbaycanlı qətlə yetirildi. Daha 1000 nəfər yaralanıb, 1275 nəfər girov götürülüb. Bu günədək Xocalıdan 150 nəfər itkin düşmüş sayılır.

 KOCA YENİ.jpg (63 KB)

Düzdür, bu gün dünyanın ayrı-ayrı bölgələrində dinc insanların kütləvi qətlindən zövq alan hegemon dövlətləri, tiranları, gözlərini qan örtmüş liderləri Xocalı soyqırımı faktları ilə təəccübləndirmək çətindir. Onlar üçün adi haldır. Necə ki, ABŞ prezidentliyinə namizədlərdən biri açıq şəkildə etiraf etdi: Yaxın Şərqdə 1 milyon insan öldürdüklərini! Bir milyon günahsız insanın qatilləri, on milyonlarla insanların didərgin düşməsinə səbəbkar olanları 1 milyon azərbaycanlının qaçqın-köçkün həyatı, yaxud Xocalıda körpələrin, qadınların, qocaların qətlə yetirilməsi narahat etməz heç şübhəsiz.

Amma axı bunlar ermənilərin guya hansısa etnik təmizləməyə məruz qaldığı barədə vay-şüvən salırlar. Xocalıda törədilmiş soyqırımı və etnik təmizləmə siyasətini görməyən korlar, eşitməyən karlar nədən ermənilərin saxtakarlıqlarına şərik olurlar? Nə qədər əclaf olasan ki, bu qədər dəhşətli faktlara biganə yanaşasan. Xankəndidə yaşayan erməninin azərbaycanlı keçmiş qonşusu ilə görüşünü izlədik.

Yəqin ermənilərin “etnik təmizləməyə məruz qaldığı” uydurmasını tirajlayanlar da kor gözləri ilə baxıblar. Bəli, bu, Azərbaycan nümunəsidir, Azərbaycan xalqı belə xalqdır, hətta Xocalıda, Meşəlidə, Malıbəylidə, Qaradağlıda... törədilən dəhşətlərdən sonra da ermənilərə əl uzadır, çörək verir, normal yaşayışını təmin edir. Hətta qayıtmaq istəyənlərə də problem yaratmır, yetər ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər...

300 min azərbaycanlının son nəfərinədək deportasiya edildiyi Ermənistanda – Qərbi Azərbaycanda görək bircə belə nümunə göstərə bilərmi Makron Fransası, Avropa İttifaqı, O’Brayn, Paşinyan, daha kimlər? Bilməzlər! Onlar hətta yolu azıb Ermənistan tərəfə keçən hərbçilərimizə işgəncələr verib, sosial şəbəkələrdə yaydılar. Bu qədər özgüvən hardandır? Çünki vəhşiliklərinə beynəlxalq səviyyədə cavab verilməyəcəyinə əmindirlər! “Azərbaycanlılar Xocalıya qədər bizim onlarla zarafat etdiklərimizi güman edirdilər”, deyən Xocalı qatili Serj Sərkisyana Avropada yüksək tribuna verdilər, Azərbaycan ərazilərini işğal etməsi ilə fəxarət duyduğunu ordan da anqırsın! Eynilə digər qatil Robert Köçəryana, digərlərinə...

İndi də Ermənistanı növbəti savaşlara sövq etmək istəyirlər. Əslində Azərbaycana qarşı cinayətlərinə görə ƏDALƏT DİVANI qurulmalı idi, bütün terrorçulara, işğalçılara, insan qatillərinə gözdağı olsun deyə! Amma kim quracaq, soyqırıma, müharibə cinayətlərinə məruz qalmış, torpaqları on illərlə işğalda qalmış Azərbaycana sanksiya tətbiqinə çalışan minsifətlilərmi?!  

Xocalı soyqırımı günündə həmin paytaxtlardan başsağlığı belə gəlmədi. Çünki erməni faşizmi ilə cinayət ortağıdırlar. Naməlum şəhid körpələrin ruhu qənim olsun belələrinə!

Beynəlxalq hüququn işləmədiyini 30 illik işğal dönəmində, ondan sonrakı illərdə bildik, gördük. Azərbaycan dövləti özü təmin etdi beynəlxalq hüququ! Qalib ölkənin qalib Prezidenti Xocalıdadır!

MEMOR.jpg (102 KB)

Təməlqoyma mərasimi, Xocalı sakinləri ilə görüşlər... Bu da bir ilkdir, tarixi ilk! Xocalı soyqırımını heç zaman unutmayacağıq, unutmağa haqqımız yoxdur. Elə Xocalıda ucaldılacaq abidə, soyqırımı memorialı da yaddaşımıza işıq tutacaq hər zaman. Xocalıya ədaləti Azərbaycan dövləti təmin etdi!

EDALETİ.jpg (327 KB)

Amma dinc insanlarımıza dəhşətlər yaşadanlarla qiyamətədək mübarizəmiz davam edəcək! And içməliyik, hamılıqla! Ermənistan Azərbaycanla sülh imzalamaq istəyirsə, həm də Xocalı canilərini Azərbaycana təhvil verməlidir! O canilər elə Xocalı şəhər məhkəməsində mühakimə olunmalıdır, Nürnberq məhkəməsi kimi! Bir görk olaraq! Həm də Xocalının hər qarışı şahiddir o soyqırımı cinayətlərinə!

Allah şəhidlərimizə rəhmət eləsin. Evlərinə dönən Xocalı sakinlərinin və bütün Azərbaycanın gözləri aydın olsun!

Elşad PAŞASOY

Geri dön