Ana Sayfa > Karusel / Region > Rusiya yeni hücuma hazırlaşır - Qərbin yardımı olmasa...
Rusiya yeni hücuma hazırlaşır - Qərbin yardımı olmasa...26-02-2024, 09:44. Yazar: Admin |
Rusiya mayın sonu və ya yada Ukraynaya qarşı yeni hücuma hazırlaşır. Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ukraynanın dəqiq döyüş planı var. Zelenski Kiyev və Qərb müttəfiqləri üçün vahid qalmağın həyati vacib olduğunu deyib və Ukraynanın qələbəsinin Qərbin davamlı dəstəyindən asılı olduğunu təkrarlayıb.
"Biz onların hücumuna hazırlaşacağıq. Onların oktyabrın 8-də başlayan hücumu heç bir nəticə verməyib, inanıram. Biz də öz növbəmizdə planımızı hazırlayıb ona əməl edəcəyik", - Zelenski vurğulayıb.
Zelenski qoşunların rotasiyasının kritik əhəmiyyət kəsb edəcəyini və Ukraynanın ehtiyat qüvvələrini daha yaxşı hazırlamalı olduğunu söyləyib.
O, 2022-ci ilin fevralından bəri 31 min Ukrayna əsgərinin öldürüldüyünü bildirib. Bu, son bir ildən artıq müddətdə Ukrayna rəsmilərinin itkilərlə bağlı ilk açıqladığı rəqəmdir. Rusiya Xarici İşlər Nazirliyi bu rəqəmin yalan olduğunu iddia edib.
"New York Times" bir neçə ay öncə ABŞ rəsmilərinə istinadən yazıb ki, Ukraynada ölənlərin sayı 70 minə yaxındır . Eyni xəbərdə qeyd olunur ki, müharibə zamanı 120 minə yaxın rus əsgəri ölüb.
Hesablamaları müstəqil olaraq yoxlamaq mümkün deyil. Həm Rusiya, həm də Ukrayna müharibədə öz hərbi itkilərini lazımi səviyyədə qiymətləndirmir, eyni zamanda bir-birləri ilə bağlı verdiyi rəqəmlər etibarlı hesab edilmir.
Müharibənin başlamasından iki il sonra Rusiya qoşunları Ukraynanın şərqində və cənubunda genişlənən 600 mil cəbhə xətti boyunca irəliləməyə cəhd edir. Ukrayna qoşunları müqavimət göstərsə də, silah-sursat çatışmazlığı yaşanır. Əsasən artilleriya mərmiləri çatışmazlığı var və daha uzun mənzilli raketlərə, eləcə də yeni silahlara ehtiyac duyulur. Zelenski ABŞ Konqresinin yeni böyük hərbi və maliyyə yardımı paketini təsdiq edəcəyinə əmin olduğunu və Ukraynanın bir ay ərzində bu qərara ehtiyac duyduğunu bildirib. O, Ukraynanın müharibə səylərinin Qərbin dəstəyindən asılı olduğunu bildirib və əlavə edib ki, Avropa İttifaqı vəd edilən 1 milyon sursat mərmisinin yalnız 30%-ni təmin edib.
Rusiya bu ay strateji Avdiyevka şəhərini ələ keçirməklə 2023-cü ilin may ayından bəri ən böyük uğurunu qazanıb. Ukrayna qoşunların mühasirəyə düşməmək üçün geri çəkildiyini bildirib.
Vladimir Putin Rusiya qoşunlarının Avdiyevkadakı uğurları artırmaq üçün daha da irəliləyəcəyini söyləyib və bazar günü Rusiya Müdafiə Nazirliyi qüvvələrinin şəhər yaxınlığında daha əlverişli mövqelər tutduğunu elan edib.
Ukraynanın döyüş meydanında niyyətləri ilə bağlı Zelenski bildirib ki, Kiyevin Rusiya qüvvələrinə qarşı mübarizə aparmaq üçün dəqiq planı var. “Plan var, plan bəllidir, təfərrüatlarını deyə bilmərəm”, - o deyib.
Zelenski deyib ki, bu ay baş komandanın əvəz edilməsi onun gizli qalacaq hərbi strategiyasının bir hissəsidir.
Kiyev öz müttəfiqləri ilə sülhə dair vizyonunu müzakirə etmək üçün bu yaz İsveçrədə sammit keçirməyə ümid etdiyini və sülh planının daha sonra Rusiyaya təqdim ediləcəyini bildirib.
"Ümid edirəm ki, bu yaz baş tutacaq. Biz bu diplomatik təşəbbüsü əldən verməməliyik", - o deyib. Geri dön |