Ana Sayfa > Karusel / Qarabağ > Füzulidə mərkəzi su anbarları tikilir

Füzulidə mərkəzi su anbarları tikilir


21-02-2024, 13:44. Yazar: Admin

 

Füzulidə mərkəzi su anbarları tikilir

Füzuli şəhərində xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi davam etdirilir.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Çingiz Abdullayev bildirib.

 

"2023-cü il may ayında Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub. 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihə çərçivəsində ilkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir.

 

Füzuli şəhərində məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilib. Su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb", - deyə o qeyd edib.

 

"İşğaldan azad olunmuş ərazilərdə su infrastrukturunun bərpası və yenidən qurulması məqsədilə münaqişə başa çatdığı ilk günlərdən təxirəsalınmaz tədbirlər görülüb. Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra su mənbələrinin, magistral xətlərin, anbarların və paylayıcı şəbəkələrin vəziyyəti araşdırılıb. Şəhərin əsas su mənbələri olan Kiçik-Kirs və Zarıslı mənbələrində və magistral su kəmərlərində bərpa işləri aparılaraq şəhərə suyun verilişi təmin edilib.

 

2021-ci ildə Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 kilometrlik hissəsi yenilənib. Eyni zamanda şəhərin perspektiv inkişafı nəzərə alınaraq alternativ mənbənin yaradılmasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd, nasos stansiyası və 2,6 km yüksəktəzyiqli magistral kəmər inşa edilib. 2023-cü ildə Prezidnet İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zarıslıçay su təchizatı sistemlərinin açılışı olmuşdur. Eyni zamanda Şuşa şəhərində tutumu 2 min kubmetr olan mərkəzi su anbarının inşası da artıq yekunlaşıb. Layihənin növbəti mərhələlərində Şuşada şəhərdaxili içməli, tullantı və yağış suları şəbəkələrinin, içməli və tullantı sutəmizləyici qurğuların, nasos stansiyasının inşası nəzərdə tutulur", - deyə o əlavə edib.

 

"Laçın şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində qısa müddətdə böyük işlər görülüb. Perspektiv inkişaf nəzərə alınmaqla şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi ərazisində 6 subartezian quyusu bərpa edilib. Quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu inşa olunub. Su mənbəyindən 10 kilometr uzunluğunda yüksəktəzyiqli magistral su kəməri çəkilib, nasos stansiyası və ümumi tutumu 4 min kubmetr olan 9 anbar inşa edilib. Laçın şəhərində 58 km içməli, 49 km tullantı, 4 km yağış su şəbəkələri yaradılıb, 7 km kanalizasiya kollektoru və 4 kanalizasiya nasos stansiyası tikilərək istismara verilib.

 

2023-cü il oktyabrın 15-də Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi də həyata keçirilib", - deyə agentlik rəsmisi qeyd edib.

 

"İşğaldan azad olunmuş ərazilərdə içməli, tullantı və yağış suları sistemlərinin idarə olunması, su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə Xankəndi, Şuşa, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl, Kəlbəcər və Xocalı sukanal sahələrindən ibarət Qarabağ Regional Sukanal idarəsi yaradılıb", - deyə Ç.Abdullayev əlavə edib.


Geri dön