Ana Sayfa > Karusel / Gündəm > Qardaşlıq əlaqələrinin təzahürü

Qardaşlıq əlaqələrinin təzahürü


21-02-2024, 12:45. Yazar: Admin

Qardaşlıq əlaqələrinin təzahürü

 

Zəfər seçkisindən sonra Prezident  İlham Əliyev ənənəsinə sadiq qalaraq, 5-ci dəfə prezident seçildikdən sonra da ilk rəsmi səfərini qardaş Türkiyəyə etdi. 

 

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuata bəyanatlarında səsləndirdikləri fikirlər ilə hər iki ölkə arasındakı möhkəm bağı, sarsılmaz qardaşlığı və dostluğu, ortaq gələcəyə və inkişafa təminatı növbəti dəfə ifadə etdilər. Dövlət başçılarının çıxışlarındakı hər kəlmə Bakı və Ankaranın ümummilli lider Heydər Əliyevin bir millət, iki dövlət şüarı əsasında inamla irəlilədiklərinin təsdiqi, mövcud istiqamətdəki əməli fəaliyyət müstəvisinin konturları idi. Qardaşlığın və dostluğun qazandırdığı əməli fəaliyyəti isə kifayət qədər çoxqütblü və çoxşaxəlidir.  Dövlət başçımız xüsusilə vurğuladı ki, Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər. Təkcə bu fakt Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunun bariz nümayişidir.

 

Prezident İlham Əliyev də bəyanatında regionda sülh və sabitliyin təminatının son dərəcə ciddi prioritet olduğunu vurğuladı. Dövlətimizin başçısı gücün əhəmiyyətinə toxunaraq Türkiyə amilinin üzərində dayandı. “Türkiyə bu gün dünya miqyasında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya miqyasında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır” – deyə dövlət başçısı bildirdi.

 

Göründüyü kimi, Türkiyə bütün proseslərdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edir. Əlbəttə, müasir dövrdəki ən böyük örnəyimiz 44 günlük Vətən müharibəsidir. Bu müharibə tarixi qardaşlıq ənənələrinin indiki zamanımızdakı ən böyük sınaq meydanı idi. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu gün Ermənistanın sülhə gəlmədiyinin, daha doğrusu, gəlmək istəmədiyinin, çeşidli manipulyasiyalara baş vurduğunun, reallıqları dəyişdirməyə yönələn cəhdlər etdiyinin də şahidiyik. Bu isə onu göstərir ki, İrəvana nələrisə yenidən xatırlatmağa ehtiyac var. Elə Türkiyə lideri də xatırlatdı:  “Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmizdə və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir”.

 

Prezident İlham Əliyev də öz növbəsində 44 günlük müharibə dönəmini, yəni gücün sülh üçün çarpışdığı anları yada saldı. Dövlət başçımızın fikirləri Türkiyə dövlətinə və xalqına minnətdarlıq hisslərinin, əbədi qardaşlığa verilən yüksək dəyərin növbəti ifadəsi olmaqla vurğulamışdir ki, əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır.

 

Qardaş ölkələrin liderləri çıxışlarında Şuşa Bəyannaməsinə istinad etdilər. Dövlət başçımız bildirdi ki, bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq. Biz öz gücümüzə güc qatırıq və Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək.

 

Yerigəlmişkən cari ilin iyul ayında Türk Dövlətləri Təşkilatının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyi elan olundu. Daha bir möhtəşəm hadisə: müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də sözügedən görüşdə iştirak edəcək! Bu, dünyanın ədalətsizliyindən on illərdir əziyyətlər çəkən Quzey Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına inteqrasiyası ilə bağlı növbəti tarixi addımdır. Ölkə başçımız da bildirdi ki, bu hadisə Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

 

Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması türk dünyasının daha çox birləşməsində həlledici rol oynayır. Bu gün dünyanın qarışıq və mürəkkəb bir durumunda türk dünyasının sıx birlik, həmrəylik nümayiş etdirməsi çox vacib və zəruridir. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın türkofobiya, islamofobiya mərəzinə yoluxanlara qəti xəbərdarlığı da qürurvericidir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin bu il keçiriləcək tədbirlərə qatılmasına maneə yaradılması ilə bağlı qəbul edilən qərarlara etirazımızı güclü şəkildə göstərdik”. Bu, ismarıcın da Azərbaycan-Türkiyə birliyinin əbədi olmasının xatırlanmasıdır!

 

Sonda qeyd etmək istəyirəm ki,  Türkiyə 44 günlük müharibədə olduğu kimi, bu gün də özünün gücü və imkanları ilə Azərbaycanın yanındadır. Türkiyə-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafın qarşısını heç bir qüvvə ala bilməz.


Geri dön