1988-ci ilin 13 fevralında ermənilər Xankəndi şəhərində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin binası qarşısında ilk anti-Azərbaycan mitinqini keçiriblər. 400-ə qədər adamın iştirak etdiyi mitinqə "Krunk" terrorçu təşkilatının sədri Arkadi Manuçarov rəhbərlik edib. 1988-ci ilin 19 fevralında isə İrəvanda antitürk mövqeli mitinq keçirilib və "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistanda ancaq ermənilər yaşamalıdır!" kimi tələblər irəli sürülüb. 1988-ci ilin 19 fevralında bütün bunlara cavab olaraq Bakıda "Qarabağ bizimdir!" şüarları ilə ilk yürüş keçirilib. Beləliklə müstəqilliyə gedən yolun təməli qoyulub.
Qarabaginfo.az xəbər verir ki, tarixi hadisələr barədə Modern.az-a danışan Milli Məclisin deputatı, mitinq iştirakçısı olmuş Sabir Rüstəmxanlı 19 fevral 1988-ci ildə başlanan hərəkatın erməni separtizminə cavab olduğunu bildirib:
“Fevral mitinqləri ilə başlayan və ilboyu davam edib meydan epopeyasına çevrilən hərəkat əslində erməni separatizminə cavab idi. Ermənilər keçmiş Dağlıq Qarabağda, İrəvanda “miatsum”, yəni "birləşmə" şüarı ilə ortaya çıxmışdılar. Sonra onlar "Dağlıq Qarabağda” mitinqlər keçirməyə başladılar. O vaxtkı dövlət başçılarımızın cəsarətsizliyindən polisimiz mitinqləri dağıda bilmədi. Yavaş-yavaş onların ayağı yer aldı, şirnikləşdilər. 19 fevralda başlanan mitinq separatizm, Azərbaycana qarşı torpaq iddiaları əleyhinə başladılan hərəkata cavab idi. Sonra o mitinqlərə təəssüf ki, nə dövlət başçıları, nə də Moskva ciddi reaksiya verdi”.
Deputat vurğulayıb ki, məhz 19 fevralda başlayan mitinqlər SSRİ-nin sonunu gətirib:
“Bütün ilboyu davam etsə də, biz mitinqlərin təxribata çevrilməsinə imkan vermədik. Mitinqlərimiz dinc şəkildə keçirdik. 90-cı ildə nəhayət bu mitinqlərin geniş miqyas aldığını və Azərbaycanı artıq müstəqilliyə apardığını görəndə Bakını öz qanına boğdular. Mitinqlər başlamasaydı, Moskva rüşvət qarşılığında Qarabağı ermənilərə verməyi vəd etmişdi. Bu istiqamətdə müəyyən addımlar da atıldı. Faktiki olaraq, bu bölgəmiz Ermənistana verilmişdi. Mitinqlərin dalğası, böyüməsi və ona verilən cavablar Qarabağın Ermənistana birləşməsinin mümkünsüzlüyünü Moskvaya başa saldı. Bütün SSRİ-də artıq Moskvadan-mərkəzdənqaçma meyilləri başladı. Azərbaycan mitinqləri olmasaydı, SSRİ dağılmayacaqdı, vəziyyət başqa cür olacaqdı".
.