Ana Sayfa > Karusel / Dünya > Putin üçün seçkiqabağı mühüm qələbə: Bu şəhər Rusiya üçün niyə vacibdir...
Putin üçün seçkiqabağı mühüm qələbə: Bu şəhər Rusiya üçün niyə vacibdir...19-02-2024, 11:45. Yazar: Admin |
Bazar günü Rusiya ordusu Ukrayna qoşunlarının geri çəkilməsindən sonra strateji mövqeyə malik Avdiyevka şəhərini ələ keçirib. Qarabaginfo.az xəbər verir ki, rəsmi Moskva şəhərə tam nəzarət etdiyini bildirir.
Qərb mətbuatı Avdiyevkanın ələ keçirilməsini "Rusiyanın 2023-cü ilin mayında Baxmut şəhərini ələ keçirməsindən sonra qazandığı ən böyük uğur" adlandırıb.
Müharibənin ikinci ilinin başa çatmasına az qaldığı bir vaxtda Rusiya Müdafiə Nazirliyi qoşunların 1000 km uzunluğundakı cəbhə xəttinin həmin hissəsində təxminən 9 km irəlilədiyini bildirib.
Ukrayna aylarla davam edən şiddətli döyüşlərdən sonra qoşunları tam mühasirəyə düşməkdən xilas etmək üçün əsgərlərini geri çəkdiyini açıqlayıb. Putin Avdiyevkanın süqutunu mühüm qələbə kimi qiymətləndirib və rus qoşunlarını təbrik edib. "Dövlət başçısı rus əsgərlərini bu uğur, mühüm qələbə münasibətilə təbrik edib", - Kremlin bəyanatında deyilir.
Ukrayna hakimiyyəti Avdiyevkada altı silahsız əsgərin və eyni bölgədəki kəndlərdən birində iki mülki şəxsin Rusiya qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib və hadisə ilə bağlı təhqiqat başladıb. Rusiya tərəfi hələlik məsələyə münasibət bildirməyib.
Rusiya bir vaxtlar Avropanın ən böyük zavodlarından biri hesab edilən Avdiyevkadakı koks zavodunda bəzi Ukrayna qüvvələrinin qaldığını açıqlayıb. “Şəhərin yaraqlılardan tamamilə təmizlənməsi və şəhəri tərk edən və Avdiyevka koks-kimya zavodunda qalan Ukrayna bölmələrinin qarşısını almaq üçün tədbirlər görülür”, - Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib. Bu gün səhər saatlarında Rusiya dövlət xəbər agentlikləri şəhərdəki Koks və Kimya Zavoduna tam nəzarətin ələ keçirildiyini elan edib. Rusiya dövlət televiziyası Avdiyevkada Ukrayna bayraqlarının endirilməsini, koks zavodu da daxil olmaqla bir çox obyektdə Rusiya bayrağının qaldırıldığını göstərib. Rusiya Ukraynanın geri çəkilməsini tələsik və xaotik olaraq qiymətləndirib. Ukrayna ordusu itkilərin olduğunu, lakin geri çəkildikdən sonra vəziyyətin bir qədər sabitləşdiyini bildirib.
Avdiyevka 2014-cü ildə Rusiya ordusu tərəfindən işğal edilib, lakin qısa müddət sonra şəhər işğalçılardan təmizlənib. Daha sonra şəhərin ətrafında istehkamlar tikilib. Bu şəhər Rusiyanın nəzarətində olan Donetsk regional mərkəzinə giriş qapısı hesab olunur. Şəhər Ukrayna qoşunları tərəfindən bir dəfə geri qaytarıldığına gorə Rusiya üçün xüsusi simvolizmə malikdir.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, Respublikaçıların çoxluq təşkil etdiyi Konqres Kiyevə yeni hərbi yardım paketini gecikdirir, buna gorə də Avdiyevka sursat çatışmazlığı səbəbindən Rusiya qüvvələri tərəfindən ələ keçirilə bilər.
Ağ Ev bildirib ki, Bayden şənbə günü Zelenskiyə zəng edərək ABŞ-ın Ukraynanı dəstəkləməyə davam etmək öhdəliyini vurğulayıb və o, Konqresin paketi təcili olaraq qəbul etməsinin vacibliyini təkrarlayıb. Açıqlamada Konqresin hərəkətsizliyi nəticəsində tədarükün azalması səbəbindən Ukraynanın şəhəri tərk etdiyi qeyd olunur.
Zelenski Münhendə keçirilən qlobal təhlükəsizlik konfransında müttəfiqlərini silah çatışmazlığını aradan qaldırmağa çağırıb. O, öz qoşunlarını Avdiyevkada rus qüvvələrini “tükəndirdiklərinə” görə tərifləyib və geri çəkilmənin qismən silah çatışmazlığı ilə bağlı olduğunu vurğulayıb. “Rusiyanın uzaqmənzilli silahları var, bizdə isə kifayət qədər deyil”, - o deyib.
Ukraynanın müdafiə naziri Rustem Umerov deyib ki, Avdiyevka hadisələri düşmən birləşmələrini məhv etmək üçün idarə olunan bombalara və uzaqmənzilli silahlara qarşı müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu göstərib. O, artilleriya mərmilərinin də lazım olduğunu bildirib.
Keçən həftədən etibarən Ukrayna ordusuna komandanlıq edən general-polkovnik Aleksandr Sırski Ukrayna qüvvələrinin "mühasirəyə düşməmək və hərbçilərin həyat və sağlamlığını qorumaq üçün" şəhərdən kənarda daha təhlükəsiz mövqelərə geri çəkildiyini söyləyib.
Qərb ekspertləri deyir ki, Avdiyevkanın ələ keçirilməsi Putinin gələn ay yenidən seçiləcəyi prezident seçkiləri öncəsi Rusiyaya mənəvi dəstək olacaq. Bu, həmçinin Rusiyanın Donetskdə tam nəzarətini təmin etmək yolunda növbəti addım kimi qiymətləndirilir. Geri dön |