Ana Sayfa > Karusel / Region > Rəisidən Qriqoryana xəbərdarlıq: İran ordusu Qafana gələ bilər

Rəisidən Qriqoryana xəbərdarlıq: İran ordusu Qafana gələ bilər


17-02-2024, 13:33. Yazar: Admin

Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri gərgin atmosferdə keçib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Buna səbəb isə Ermənistanın Rusiyanı öz ərazisində sıxışdırması, əvəzində Avropa Birliyi missiyasını genişləndirməsi, “sərhəd təhlükəsizliyi” məsələsində onlara güvənməsi, regiona xarici qüvvələrin gəlməsinə şərait yaratmasıdır.

İddia edilib ki, İran Prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə “Rusiyanın Ermənistandan çıxarılacağı halda Qərb qüvvələrinin Ermənistanda cəmləşməyəcəyinə ümid etdiyini” bildirib. Rəisi hətta xəbərdarlıq da edib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək.

Rəisi açıq şəkildə təklif də verib: əgər İrəvan təhlükəsizlikdən narahatdırsa və Rusiya ilə müttəfiqlikdən imtina edirsə, o zaman İran Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Rəisi Zəngəzurda İran hərbi bazasının qurulmasını da təklif edib.

Qeyd edək ki, görüşlə bağlı Tehranın yaydığı rəsmi məlumatda da Ermənistan nümayəndələrinə xəbərdarlıq edildiyinə işarə var. Belə ki, İran prezidentinin rəsmi saytında erməni nümayəndələrlə görüşdən Rəisinin bu sitatı verilib: “Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar qüvvələrin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”.

Xatırladaq ki, Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti 14-15 fevralda İranda səfərdə olub, ikitərəfli iqtisadi məsələlər və yol infrastrukturu müzakirə edilib.

 


Geri dön